Aleksandr Sergeyeviç Zasepin (rus. Александр Сергеевич Зацепин; 10 mart 1926, Novosibirsk, Sibir diyarı[d]) — tanınmış rus və sovet kino bəstəkarı, Rusiyanın xalq artisti (2003).
Aleksandr Zasepin | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 10 mart 1926 (98 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, pianoçu, film bəstəkarı |
Fəaliyyət illəri | 1947-ci ildən |
Janr | estrada[d] |
Musiqi aləti | piano |
Təhsili | |
Mükafatları | |
zacepinmusic.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Bir çox məşhur filmlərə bəstələdiyi musiqilərlə şöhrət qazanmışdır.
Aleksandr Sergeyeviç Zasepin 10 mart 1926-cı ildə Novosibirskdə dünyaya gəlmişdir. Atası Sergey Dmitriyeviç Zasepin, anası isə Valentina Oksentoviç Boleslavovna olmuşdur. O, məktəbi bitirdikdən sonra Novosibirsk dəmiryol nəqliyyatı mühəndisliyi institutuna daxil olur. 1945-ci ilin martında onu ali məktəbdən çıxarıb ordu sıralarına aparırlar. Hərbi xidmətdə olarkən Zasepin təkbaşına bir neçə musiqi alətində ifa etməyi öyrənir və buna görə də Novosibirsk qoşunlarındakı mahnı və rəqs ansamblına gedir.
1947-ci ildə Aleksandr ordudan tərxis olunandan sonra Novosibirsk filarmoniyasına dəvət alır. Hələ Alma-Atada olarkən A. Zasepin qərara alır ki, öz sənədlərini musiqi məktəbinə versin, lakin ona birbaşa konservatoriyaya daxil olması barədə zəmanət verirlər.
Aleksandr Zasepin 1956-cı ildə Alma-Ata konservatoriyasının fortepiano sinfini bitirir. Gələcək bəstəkarın diplom işi Alma-ata opera və balet teatrında səhnəyə qoyulmuş "Qoca Hottabıç" baleti olur. Daha sonra Aleksandr Zasepin "Qazaxfilm" kinostudiyasında musiqi tərtibatçısı kimi işləməyə başlayır. Elə 1956-cı ildə Zasepin özünün ilk kino musiqisini "Bizim sevimli həkimimiz" filminə yazır. Musiqinin yazılışı üçün tez-tez Moskvaya getməli olurdu. Elə bunun nəticəsi olaraq Moskva simfonik cazının rəhbəri Viktor Knuşeviski Zasepini Rusiyaya gəlməyə dəvət edir.
Əvvəlcə Moskvada iş tapmaq çətin olur. Ona görə də Aleksandr meyxanalarda akkordeon ifa etməyə başlayır. Bu dövrlərdə olduqca məşhur kinorejissor Leonid Qayday yeni komediyası olan ""I" əməliyyatı və Şurikin başqa macəraları"nı çəkməyə hazırlaşır. L. Qayday belə qərara alır ki, Nikita Boqoslovski ilə əməkdaşlığını dayandırıb film üçün yeni bir bəstəkar axtarsın. Ona Zasepini məsləhət görürlər və beləcə onların əməkdaşlığı başlayır[1].
Aleksandr Zasepin kino fəaliyyəti dövründə "31 iyun", "Oxuyan qadın", ""I" əməliyyatı və Şurikin başqa macəraları", "Qafqaz əsiri", "Brilyant əl", "12 stul", "İvan Vasilyeviç peşəsini dəyişir" və s. filmlərə bir çox tanınmış musiqilər bəstələmişdir.
Aleksandr Zasepin dörd dəfə ailə həyatı qurmuşdu[2].
Bəstəkarın ilk arvadı Revmira Sokolova olmuşdur. Bu nikahdan onların Yevgeni adlı övladları dünyaya gəlmişdi. Yevgeni 24 yaşında skleroz xəstəliyindən vəfat etmişdi. 1982-ci ildə bəstəkarın ikinci arvadı Svetlana 47 yaşında anavrizmdən vəfat edir. Onların Yelena adlı bir qızı var idi. Svetlananın ölümündən sonra bəstəkar uzun illər tək yaşayır.
Onun üçüncü arvadı Jenevyeva adlı fransız rəssamı idi və buna görə də Zasepin 1982-ci ildə Fransaya gedir. 4 ildən sonra bu evlilik dağılır. 1986-cı ildə ondan da ayrılan A. Zasepin Moskvaya qayıdır. 1991-ci ildən sonra yenidən Fransaya gedir. Onun dördüncü arvadı isə Svetlana Morozovskaya adlı musiqiçi-pedaqoq olmuşdur.