Allahqulu sultan Eycəkoğlu Kərəmpa-Ustaclı (?-may, 1576) — Qızılbaş əmiri, I Şah Təhmasib Səfəvinin dövründə vali.
Allahqulu sultan Ustaclı | |
---|---|
Allahqulu sultan Eycəkoğlu Kərəmpa-Ustaclı | |
Şəxsi məlumatlar | |
Doğum yeri | Təbriz, Səfəvilər |
Vəfat tarixi | may 1576 |
Vəfat yeri | Qəzvin, Səfəvilər |
Vəfat səbəbi | qətl |
Fəaliyyəti | hərbi lider[d] |
Kərəmpa oymağının tanınmış simalarından biri Allahqulu bəy Eycəkoğlu idi. I Şah Təhmasibə xidmət etmişdi. Şahdan sultan ünvanı almışdı. Dərəbcurd hakimi idi.
1552-ci ilin yayında I Şah Təhmasibin əmri ilə qoşunların toplanmasına başlandı. Onlar 4 hissəyə bölündülər və dörd istiqamətə göndərildilər. Ərciş istiqamətinə gedən qoşunun sərkərdələrindən biri Allahqulu sultan Eycəkoğlu idi.
Allahqulu sultan Lahican hakimi Xanəhməd xanın tutulmasına təhkim edilmişdi. İskəndər bəy Münşi Türkman yazır: " Xan Əhməd qalın cəngəlli dağlarda üç-dörd ay sərgərdan oldu, qazilərin qorxusundan hər gələn gecə-gündüzünü narahatlıqla keçirdi. Elə ki, qış gəldi, şaxta hücuma başladı, havanın üstü gümüşləndi, yağan qarın çoxluğundan dağ və düzənin səthi bərabərləşdi, cənnətməkan şah Allahqulu sultan Eycəkoğlu Ustaclını və Mirzə Əli sultan Qacarı, bir dəstə əzəmətli qorçini və intiqama tələsən mübariz əsgərləri Əşkura göndərdi. Onlar həmin vilayətin meşələrində Xan Əhməd xanı axtarmağa başladılar və onun dayandığı yeri təyin etdilər. Hüsam bəy ibn Bəhram xan Qaramanlı qorçi və döyüşkən əsgərlərdən iyirmi nəfərlə sübh tezdən Xan Əhmədə hücum etdi. O, iztiraba düşərək heç bir yana addım ata bilmədi, gizlənməyə məcbur oldu. Qazilər axtarıb onu tapdılar, Allahqulu Sultanın yanına gətirdilər, o da onu Məsum bəy Səfəviyə təhvil verdi".[1] Xanəhməd xan tutulub, Qəhqəhə qalasanına salınandan sonra Allahqulu sultan Lahican hakimi təyin edildi. İskəndər bəy Münşi Türkman sonra yazır: "Şahanə insaf onun qanından və bütün üsyan və itaətsizliyinin üstündən keçdi, lakin onu mülk işlərindən uzaqlaşdırdı, amma rəhm edərək zillətə salmadı, Xan Əhmədi Qəhqəhə qalasının məhbusu etdi. Lahicanın idarəsi və bütün əmlakı Allahqulu surtan Eycəkoğluya çatdı. Hüsam bəy Qaramanlı əmirlik rütbəsinə yüksəldi, Əşkur ona verildi. Oradakı hər bir yerə hakimlər təyin edildi, ədalət bərpa olundu, Gilan hakimlərinin törətdikləri bütün saysız-hesabsız qeyri-məşru (şəriətin yol vermədiyi — Ə. Ç.) işlərə ölkədə son qoyuldu. Rəiyyət və miskin adamlara hörmət edildi, o vilayətdə şahanə ədalət büsatı quruldu".[2]
Allahqulu sultan Lahicanda hakim işləyərkən yerli əhali tərəfindən ona qarşı ayaqlanmalar, qiyamlar baş vermişdi. Hətta onun oğlunu da öldürmüşdülər. İskəndər bəy Münşi Türkman daha sonra yazır: "Doqquz yüz altmış doqquzuncu ildə (miladi 1571/72) Gilanın bir dəstə döyüşçüsü özlərinin rahatlıqlarını pozaraq ölkədəki asayişi və dinc həyatı qarışdırdı. Onlar havanın isti keçməsinə görə Lahicandan çıxıb yaylağa gedən Allahqulu sultana üsyan edərək, Xan Əhmədin əcdadı ilə qohumluğu olan Seyid Hüseyn adlı bir nəfəri özlərinə hakim seçdilər. Əmirə Dəmac adlı bir şəxsi sipəhsalar təyin edib, öz müxalifət və düşmənçilik səslərini ucaltdılar, səfeh və fitnəkar adamlar hər yandan gələrək onların ətrafına toplaşdılar.
Onlar Lahicanda qalada olan sufilər üzərinə çoxlu adamla hücum edib, döyüşə başladılar. O qala möhkəm olmadığından içəri girib bütün sufiləri qətl etdilər, hətta onların arvad-uşaqlarını da intiqam qılıncından keçirtdilər. [Sonra] Allahqulu sultanın oğlu Bəktaş bəyin üstünə töküldülər. Əmirə Dəmac yüz cür təşvişlə aradan çıxa bildisə də, əksər adamlarına ölüm şərbəti içirdilər".[3] Saraydan Lahicana Əmir Qeyb bəy Ustaclının başçılığı ilə qorçular dəstəsi göndərildi. Lahicana yetişən qorçular üsyançıları darmadağın etdilər. Arada giləklərdən xeyli adam qırıldı. İskəndər bəy Münşi Türkmanın söylədiklərinə görə I Şah Təhmasib bu həddən aşırı fəaliyyətə görə Allahqulu sultanı Lahican hakimliyindən kənarlaşdırdı. Yerinə Pirə Məhəmməd xan Çavuşlu-Ustaclı təyin olundu.
Allahqulu sultan bu əhvalatdan sonra şahın nəzərindən düşmüşdü. İskəndər bəy Münşi Türkman bu əhvalatla bağlı yazır: " Allahqulu sultan öz qafilliyi və qüruru üzündən özünə yaxın adamların bir hissəsinin və oğlu Bəktaş bəyin öldürülməsi səbəbindən mürşide-kamilin (Şah Təhmasibin — Ə. Ç.) etibarını itirdi. Saf təbiətli sufilər onu dövlətxanaya buraxmadılar. O, öz evinə də getməyib sarayın sabiq işçisi kimi, üç ay qışın soyuğunda, qar və yağış altında, dövlətxanadan kənarda durub qüsur və günahının əfv olunması xüsusunda xahişlər etdi".[4] I Şah Təhmasib ramazan bayramı münasibətilə bağışlandı.
Allahqulu sultan Kərəmpa-Ustaclı 1576-cı ilin may ayında Təkəli elinin nümayəndələri tərəfindən öldürüldü.