Cəmaləddin Məsum bəy Səfəvi — Şeyxavənd tayfasına mənsub əmirlərdən biri. O, Şah Təhmasibin hakimiyyətinin əvvəllərində qorçi idi. Sonra bir müddət yüzbaşılıq etdi. 1546-1547-ci illərdə Şeyx Səfi məqbərəsi vəqf əmlakının mütəvəllisi, 1559-1560-cı illərdə isə “Vəkalət-i Şah- i din-pənah”, yəni divan əmiri olub, vəzir vəzifəsinə yüksəlmişdi. Məsum bəy 1551-1552 -ci ildə qızılbaş dəstəsinin Ərcişə yürüşünə komandanlıq etmişdi. 1556-cı ildə Məsum bəy lələ kimi şahın oğlu Heydər mirzəyə təhkim olunmuşdu.[1] Şahzadə İsmayılın Qəhqəhə qalasına salınmasının səbəbkarı o idi.[2]Şah Təhmasibin vəziri və vəkili vəzifələrini yerinə yetirən Məsum bəy 976-cı ildə 1568-ci ildə Həccə gedərkən yolda Sultan Səlimin göstərişi ilə öldürülmüşdür.[3]
Məsum bəy Səfəvi | |
---|---|
Cəmaləddin Məsum bəy Səfəvi | |
1560 – 1568 | |
Əvvəlki | Qazi Cahan Qəzvini |
Sonrakı | Mir Seyid Hüseyn Fərahani |
Şəxsi məlumatlar | |
Uşağı | Səid bəy Səfəvi |
Anonim müəllif tərəfindən yazılmış Tarix-i Qızılbaşan adlı əsərdə Məsum bəy Səfəvi haqqında məlumat verilir. Müəllif yazır:
“Şeyxavənd tayfasının böyük əmiri Məsum bəy Səfəvidir. Onlar Həzrət Sultan Şeyx Səfi əl-həqq və-d-dinin nəslindəndirlər. O, Şah Təhmasibin hakimiyyətinin əvvəllərində qorçi idi, sonra bir müddət yüzbaşılıq etdi, ondan sonra Ərdəbil vəqflərinin mütəvəllisi oldu, daha sonra isə Şah Təhmasibin vəkili oldu və 976-cı ildə (26.VI.1568 – 15.VI.1569) Həccə gedərkən yolda Sultan Səlimin göstərişi ilə öldürüldü.”[3] Məsum bəy Səfəvi Səfəvilər nəslindən olub, Şeyx Cüneydin nəticəsi idi. Onun barəsində "Əhsən ət-təvarix"də 1546-1547-cü ildə Ərdəbil mütəvəllisi kimi məlumat verilir.
1544-cü ildə Hümayun şah və Bayram xan Ərdəbilə səfər edərkən onları Ərdəbilə yaxın kəndlərin birində Ərdəbil türbəsinin mütəvəllisi vəzifəsini yerinə yetirən Məsum bəy Səfəvi və şəhərin nüfuzlu şəxsləri qarşılamışdı. Məsum bəy Hümayun şahın şərəfinə böyük bir qonaqlıq təşkil etmiş, öz oğlunu da şahın mehmandarı təyin etmişdi. Daha sonra isə Hümayun şah və yanındakıları Ərdəbildəki Şeyx Səfinin məzarına aparmışdı. Onlar buradan Qəzvinə geri qayıdırlar.[4]
1546-cı ildə Şirvan hakimi Əlqas Mirzə qardaşı Şah Təhmasibə qarşı üsyan qaldırır. Bu zaman Şah Təhmasib bu zaman Qəzvin qışlağında idi. Daha sonra Əlqas Mirzə çətin vəziyyətə düşdüyü anlayıb anası Xan Bəygü xanım və oğlu Əhməd Mirzəni Təhmasibin yanına göndərib ondan bağışlanma dilədi.[5] Şah Təhmasib isə onun üzrünü qəbul edib, bir daha üsyan qaldırmamaq şərti ilə danışıq aparmaq üçün Məsum bəy Səfəvini qızılbaşların öndə gələn əmirləri ilə Əlqas Mirzənin yanına göndərir. Əlqas Mirzə Qurana and içərək hər ilk şahlıq xəzinəsinə 1000 Təbriz tüməni və orduya 1000 əsgər göndərəcəyinə söz verir.[6]
Hələ 1550-1551-ci ildə I Süleymanın Səfəvi dövlətinə qarşı təşkil etdiyi 3-cü səfər zamanı Şah Təhmasib Məsum bəy Səfəvini divan əmiri təyin edib, bəzi Kürd qiyamçı əmirlərin üsyanını basdırmaq üçün göndərir.[7] O bir çox Kürd əmirini məğlub edib mal-mülklərini müsadirə edərək Qəzvinə geri qayıtdı. 1552-ci ildə Şah Təhmasib osmanlıların Ərzurum haimi İsgəndər Paşanı öldürmək və Səfəvilərə yaxın Osmanlı ərazilərini dağıtmaq üçün 4 Qızılbaş birliyini bir neçə komandir ilə birlikdə Osmanlı ərazisinə göndərdi. Bu birliklərdən birinin rəhbəri də Məsum bəy Səfəvi idi. Məsum bəy Səfəvi Ərciş, Barqiri və Bəndmahiyə göndərilmişdi.[8] Bu barədə Həsən bəy Rumlu yazır:
“Ali əmrə müvafiq olaraq, adlı-sanlı əmirlər hərəkətə keçdilər. Hər dəstə işarə edilən səmtə doğru yubanmadan yola düşdü. Məsum bəy on min süvari ilə çaharşənbə günü, şaban [ayının] 17-də (08.08.1552) Ağmeyğan yaylağından yola çıxdı və onlar da dörd güruh olub yürüşə başladılar. Məsum bəy, Əli sultan Təkəlü ilə ittifaqda Ərcişə hərəkət etdi. Məsum bəy Ərcişə çatdıqda, xondgarın tərəfindən o diyarın valisi və ixtiyar sahibi olan Qara Piri cəsarət üzünü döyüş və vuruş meydanına çevirib qaladan çıxdı. O tərəfdən Məsum bəy, Əli sultanı bir dəstə dilavərlə onu dəf etməyə göndərdi.”[8]
Onun birliyində olan Şəmsəddin xan Kürd Əhlət kəndlərini yandırıb, 30 min qoyun, 10 min inək və 3 min at və çoxlu qənimət ələ keçirmişdi.
1557-ci ilin mart ayında Sevindik bəy Heratı tərk edib Təbəs-Yezd yolu ilə Qum və Savəyə gəldi.[9] Bundan sonra I Təhmasib əmir verdi ki, Məsum bəy Səfəvi Qəzvindən Savəyə yola düşsün və İsmayıl Mirzəni təhvil alsın. Məsum bəy İsmayıl Mirzəni də götürüb Qəhqəhə qalasına yola düşdü. Onlar 1557-ci il iyun ayının sonlarında Qəhqəhə qalasına gəlib çatdılar. Bununla da Şah Təhmasibin ölümünə qədər , təqribən 19 il İsmayıl Mirzə bu qalada məhbus oldu. İsmayıl Mirzənin həbs edilməsinin səbəbi Məsum bəy Səfəvi və Məhəmməd xan Təkəlinin onun əməllərini ifşa etməsi idi. Şərəf xan Bidlisi yazır ki, İsmayıl Mirzə Şah Təhmasib tərəfindən Herata göndərilərkən Səbzivarda Şah Təhmasibin Məhəmməd xan Təkəliyə göndərdiyi məktubu açıb oxuyur.[10] Məktubda Şah Təhmasib Məhəmməd xana tapşırmışdı ki, İsmayıl Mirzəni diqqətindən ayırmasın. Həmçinin məktubda yazılmışdı ki, İsmayıl Mirzə hər işdə yalnız əmirin razılığı və təqdir etməsi ilə fəaliyyət göstərməli, tamamilə onun himayəsi altında olmalıdır. İsmayıl Mirzə məktubu oxuduqdan sonra Məhəmməd xana qarşı kin bəsləməyə onunla pis rəftar etməyə başladı. Məhəmməd xanın şahın məktubunu ona vermək tələblərinə Əli sultan soyuqqanlıqla cavab verdi ki, o, I Təhmasibin şifahi əmrini ona çatdırmalıdır. Vəziyyətin çətinləşdiyini görən Məhəmməd xan Şah Təhmasibə məktub göndərib İsmayıl Mirzəni geri çağırmasını əvəzinə Məhəmməd Mirzəni yenidən Herata yollamasını xahiş etdi. Bu zaman şaha böyük təsiri olan vəzir Məsum bəy Səfəvi, sultana qarşı yürüş etmək üçün qoşun toplamaq barədə çağırışla İsmayılın vilayət hakimlərinə göndərdiyi bir neçə məktubu da ona göstərir. Nəticədə İsmayıl Mirzə 19 il 6 ay 21 gün müddətində həbs olunur.[11]
Hicri 967/1559-60-cı illərdə Şahzadə Bəyazid Qəzvin yaxınlarına gəldikdə onu qarşılamaqçün Şah Təhmasibin göndərdiyi dəstədə Məsum bəy Səfəvi də var idi. Bu barədə Həsən bəy Rumlu yazır:
“Elə ki Sultan Bayəzid Qəzvin ətrafına çatdı, dinin pənahı olan şah həzrətlərinin vəkili mənsəbinə malik olan Məsum bəy Səfəvi böyük əmirlərlə, o cümlədən Seyid Kəmunə, Sevindik bəy Qorçubaşı və Əliqulu xəlifə Möhürdarla birlikdə onu qarşılamağa tələsdi.”[12] Bəyazid təntənəli şəkilsə 1559-cu ilin oktyabr ayının 24-də çərşənbə günü Qəzvinə aparıldı. I Təhmasib Bəyazidin oğullarını ondan ayırdı və hər birini məşhur əmirlərindən birinə tapşırdı. Bu zaman Məsum bəy Səfəviyə Bəyazidin Osman adlı oğlu tapşırılmışdı.[13] Hicri 968 / 1561-62-ci illərdə Şahzadə Bəyazidin həbsdə olarkən Osmanlı və Səfəvi sarayı yüksək rütbəli şəxsləri, hətta sərhəd boyu paşalar arasında ciddi yazışmalar həyata keçirilmişdi. Bu istiqamətdə h. 968/1561-62-ci illərdə Şah Təhmasibin göstərişi ilə Səfəvi əyanlarının birgə yazdığı məktub Osmanlı əyanlarına göndərildi. Məktubda adı çəkilən şəxslərdən biri də Məsum bəy Səfəvi idi.[14]
1564-cü ildə Şah Təhmasib Məsum bəy Səfəvini çoxlu ordu ilə Mazandaranı zəbt etməyə göndərir. Bu zaman Mazandaran hakimi Əmir Murad I Təhmasibə məktub yazıb bildirir ki, əgər məqsədiniz vilayətdirsə onu kimə istəsəniz təslim edərəm. Bu səbəbdən şah Mazandaran hakimliyini ona verdi.[15]
Şəhzadə Sam Mirzə Şeyxavənd tayfasına Ərdəbildə xalqla yaxşı rəftar etməyi tapşırmışdı. Buna görə də Şeyxavənd tayfası şahzadəyə qarşı kin bəsləyirdi. Şah Təhmasib 1559-cu ildə xəstələnir. Bu zaman şaiyələr yayılır ki, Sam Mirzə onun bu vəziyyətindən istifadə edib Qəzvinə hücuma keçməyə hazırlaşır. Lakin guya şahzadə şahın sağaldığını eşidib Ərdəbilə geri qayıdıbmış. Çox keçmədən şaiyələr gəlib saraya çatdıqda Şah Təhmasib bu məsələnin araşdırılmasını Məsum bəy Səfəviyə tapşırdı. Məsum bəy Səfəvi isə çox keçmədən xəbərin yalan olduğunu şaha bildirdi.[16]
1564-ci ildə keçmiş Herat hakimi Məhəmməd xan Şərəfəddin oğlunun oğlu Xorasan əmir əl-ümərası və Məhəmməd Mirzənin lələsi Qazax xan Şah I Təhmasibə qarşı qiyam qaldırır. Qazax xanın ixtiyarında təxmini 12 min nəfərlik ordu və 10 min nəfər tüfəngçi qulam varidi. Buna arxayın olan Qazax xan tədricən Xorasanda müstəqil hərəkət etməyə başladı.[17]Qazax xanın üsyan xəbəri I Təhmasibə çatan zaman şah əmir etdi ki, Məşhəd hakimi İbrahim Mirzənin rəhbərliyindəki qardaşları, Qəndahar hakimi Hüseyn Mirzə, Sistan hakimi Bədiüzzaman Mirzə və vəkil Məsum bəy Səfəvi üsyanı yatırmaq üçün Xorasana yola düşsün. Şah Təhmasib Məsum bəy Səfəvi və İbrahim Mirzəyə tapşırmışdı ki, Qazax xanı öyüd və nəsihətlərlə razı salıb saraya gətirsinlər. Əgər Qazax xan itaətsizlik etsə döyüşə başlasınlar. Bu səbəbdən Məsum bəy Səfəvi və İbrahim Mirzə Qazax xana məktub göndərib ondan təslim olmasını istədilər. Lakin Qazax xan bu məktuba əhəmiyyət vermədi. Nəticədə tərəflər Guriyan adlanan yerdə qarşı-qarşıya gəldilər. Döyüşdə məğlub olan Qazax xan geri çəkilib Məhəmməd Mirzə ilə birlikdə Heratın İxtiyarəddin qalasına sığındılar. Lakin Qazax xan gizlənməyin mənasız olduğunu başa düşüb 19 yanvar 1565-ci ildə təslim oldu. Məsum bəy Səfəvi qalaya gedərək Məhəmməd Mirzəni oradan çıxardı. Bu zaman Qazax xan xəstələnib vəfat etdi. Şah Təhmasib Qazax xan ilə döyüşən qızılbaşların hamısına xələtlər payladı. Daha sonra şah əmr etdi ki, Məsum bəy və ixtiyarındakı qoşun Əbivərd və Nisa üzərinə hərəkət etsinlər. Onlar şahın əmrini müvəffəqiyyətlə yerinə yetirib bölgənin mərkəzi olan Məşhəd şəhərinə qayıtdılar.[18]
Şah Təhmasibin Xan Əhmədə qarşı 2 noyabr 1567 tarixində Gilana göndərdiyi ikinci böyük ordunun tərkibinə Məsum bəy Səfəvi də daxil edilmişdi. Şah Təhmasib Məsum bəyə verdiyi əmrdə Lahicana hücumun təfərrüatlarını və hücum yollarını izah etmiş, həmçinin tapşırıq vermişdi ki, Xan Əhmədə təslim olmaq üçün son bir fürsət versin. Şah Xan Əhmədin babalarının Səfəvilərə göstərdiyi xidmətlərə görə əvvəlcə Əmir bəy Əfşara onun yanıma getməsini və onu saraya gəlməyə razı salmasını əmr etdi. Əgər Xan Əhməd qəbul etsə, onlardan bu barədə şaha xəbər verməli idilər. O cümlədən Xan Əhmədə zərər verməyəcəklərinə dair Qurani-Kərimə and içmişdilər. Əmrə əməl etmədiyi təqdirdə Xan Əhməd tutularaq saraya gətirilməli idi.[19] Lakin Xan Əhməd təqribən 30.000 atlı ilə Məsum bəylə döyüşə hazırlaşmışdı. Bundan xəbər tutan Məsum bəy ona məktub yazdı. Məktubda bildirdi ki, qoşununu dağıtsın, ata-babalarının hörmətinə görə Şah Təhmasindən bağışlanma diləsin və tərəfdarlarına da təslim olmağı əmr etsin. Xan Əhməd Məsum bəy ilə razılaşıb dediyini etdi və ordusunu dağıtdı. Lakin Xan Əhməd səhər yeməyi yeyərkən qəflətən Məsum bəy Səfəvinin hücumuna məruz qaldı. Xan Əhməd qaçmağa nail oldu.[20]
Bu zaman Məsum bəy əmr edir ki, onun ixtiyarındakı birlik Lahicana doğru hərəkətə başlasın. Xan Əhməd isə Lahican sipəhsaları Əmir Cahangir və Deyləman sipəhsaları Şah Mansuru 10 minlik ordu ilə ona qarşı göndərdi. Baş verən döyüşdə Xan Əhməd məğlub oldu. Lahican qızılbaşların əlinə keçdi. Əşkur dağlarına qaçan Xan Əhməd çarəsiz qalaraq Lahicanın bəzi nüfuzlu şəxslərini Şah Təhmasibin yanına göndərərək əfv dilədi. Lakin I Təhmasibin onun əfvini qəbul etmədi. Şah əmr etdi ki, Əşkur dağlarının hər bir nöqtəsi axtarılsın. Bu zaman Deyləman, Kisəm, Harqam və Gilan bölgələrindən təxminən 20 minə yaxın əhali Sığnaq dərəsində toplaşaraq Xan Əhmədin yaşadığı yerə öz nümayəndələrini göndərdi. Onlar Xan Əhməddən ərzaq istədilər. Xan Əhməd öz xidmətçilərinin bir qismini əhali üçün ərzaq axtarışına göndərdi. Özü isə Sığnaq dərəsinə gəldi. Bundan xəbər tutan Məsum bəy oğlu Sədrəddinin rəhbərliyindəki qoşunu Xan Əhmədin ardınca göndərdi. Lakin Xan Əhməd bu dəfə də qaçmağa nail oldu.[21]
Şahın əyanı, “vəkalət-i şah-i din-pənah”vəzifəsini tutan Məsum bəyin adı ilk dəfə hicri 967 (1559-1560)43-ci ildə, yəni Qazi Cahan vəzir vəzifəsindən kənar olunduqdan 10 il sonra çəkilir. Bu müddətdə digər şəxslərin vəzir (yaxud vəkil) vəzifəsini tutmuş olduğunu bilmirik. Məsum bəy lələ kimi şahın sevimli oğlu Heydər Mirzəyə təhkim olunmuşdu.[22]
İsgəndər bəy Türkman Münşi «Tarix-i aləmara-yi Abbasi»də I Şah Təhmasibin ölümü əsnasına aid olan siyahıda həyatda olan və yüksək dövlət vəzifələrində çalışan türk və qeyri-türk əmirlərin adlarını qeyd etmişdir.[23] İskəndər bəy Münşi göstərir ki, Məsum bəy Səfəvi “divan əmiri olub ali vəzarət vəzifəsinə yüksəldilmişdi” və şahdan daim rəğbət görürdü.[24]
Şərəf xan Bidlisi göstərir ki, Məsum bəy Səfəvi hicri 976 (1568- 1569)-cı ildə vəzir vəzifəsindən imtina etmiş və bu vəzifə Əmir Seyid Şərif Saniyə verilmişdi. Iskəndər bəy Münşi xəbər verir ki, Məsum bəy Səfəvinin istefasından sonra “bir neçə il ərzində vəzarət müstəqil vəzirdən məhrum olmuşdu”.[22]
Məsum bəy Səfəvinin ölümü ilə bağlı ətraflı məlumata “Əhsən ət-Təvarix”də “Müxtəlif əhvalatlar” başlığı altında rast gəlmək mümkündür. Həsən bəy Rumlu yazır:
“Məsum bəy islam həccini həyata keçirmək və insanların ən xeyirlisi olan həzrətin (Məhəmməd peyğəmbərin) nurlu məqbərəsini təvaf etmək niyyətinə düşdükdə, Şahqulu sultan Ustaclu ilə birlikdə Ruma elçiliyə getmiş adamların bəziləri ona dedilər ki, sizin Rum padşahının ölkəsinə getməyiniz məsləhət deyildir, çünki rumilər sizə zərər vura bilərlər. Onlar Məsum bəyin həcc ziyarətinə yollanmasına münasibət bildirərək ona “sizin getməyiniz məsləhət deyildir” söylədilər. Lakin vəkil vəzifəsinin sahibi (Məsum bəy) bu fikri qəbul etmədi. Buna baxmayaraq, Van ölkəsindən ta qətlə yetirildiyi vaxta (yerə) qədər onunla izzət və ehtiramla davrandılar və daim hörmət göstərdilər. Ulu Mədinədən üç mənzil məsafədə Xanmirzə adı ilə məşhur olan, tayı-bərabəri olmayan, əqli və nəqli elmləri yaxşı bilən oğlu Mirzə Xanəhmədlə, bir neçə nəfər mülazimi və etibar, ixtiyar sahibi olan Bəşarət bəy Daruğa ilə birlikdə qətlə yetirildi”[25]
Rumlu həmçinin qeyd edir ki, osmanlılar söz yaydılar ki, guya bu hadisəni ərəb quldurları törətmişdi.[25] Osmanlı vəzirləri Sultan Səlimə bildirdilər ki, guya Məsum bəy Səfəvinin əsl məqsədi Həcc ziyarətinə getmək deyil. O, Anadoluda yaşayan ələviləri Osmanlı dövlətinə qarşı təhrik etmək məqsədilə yola çıxıb. II Səlim bu xəbəri eşidim Şam hakimi Dərviş paşaya əmr verdi ki, Məsum bəyi aradan qaldırsın. Dərviş paşa, ərəb geyimli 200 nəfərlik süvari ilə Məsum bəyin silahsız olduğu bir zamanda hücum edərək onu qətlə yetirdi. Sultan Səlim isə üzrxahlıq etmək üçün Əli ağa Çavuşbaşını Şah Təhmasibin yanına göndərdi. Təhmasib məsələdən xəbər tutsa da, Osmanlı elçisini ehtiramla qarşılayıb yola saldı.[21]