Altılıq (ing. P5+1, E3+3, həmçinin 5+1 qrupu və avroüçlük+3 adları ilə tanınır) — fəaliyyətini İranın nüvə proqramının hərbi məqsədlərlə istifadəsinin qarşısını almağa yönəltmiş 6 böyük dövlətin forumu. Bu qrupa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü — ABŞ, Böyük Britaniya, Çin, Fransa və Rusiya, həmçinin İranın ən böyük iqtisadi tərəfdaşı olan Almaniya[1] daxildir.
2006-cı ilin iyununda Çin, Rusiya və ABŞ İranla onun nüvə proqramının məhdudlaşdırılması istiqamətində 2003-cü ildən danışıqlar aparan Avroüçlük ölkələrinə qoşuldular[2][3][4][5].
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və "altılıq" ölkələri ilə İran arasında aparılan danışıqların uğursuzluqla nəticələnməsindən sonra BMT Təhlükəsizlik Şurası 2006-2010-cu illərdə BMT Nizamnaməsinə əsaslanan və İrana qarşı sanksiyaların yeridilməsini nəzərdə tutan 6 qətnamə qəbul etdi. BMT TŞ İrandan uranın zənginləşdirilməsi ilə bağlı fəaliyyətini dayandırmasını və ağır su reaktorunun tikintisini dayandırmasını tələb etsə də, bu tələblər yerinə yetirilmədi[6][7][8].