Qavriil Vasilyeviç Baişev (saxa Гавриил Васильевич Баишев;), Altan Sarın ədəbi təxəllüsü ilə tanınır (1898[1] — ?) — Yakutiya yazıçısı və şairi, dilçi-türkoloq, ictimai xadim. Altan Sarın təxəllüsü Qızıl çiyinlər mənasını verir.
1898-ci ildə Yakutiyanın Meqino ulusunun bölgəsindəki Jablıski kəndində anadan olmuşdur, orada cüzi ibtidai təhsilini almışdır. 1917-ci ildə Yakutiya poçt və teleqraf idarəsində şagird kimi çalışırdı. 1918 — 1921-ci illərdə Amqa kəndindəki poçt və teleqraf idarəsində işləyirdi. Milliyyətçi əqidəsinə görə, 1921 — 1922-ci illərdə Qərbi Sibir üsyanının iştirakçılarına qoşuldu və amnistiya elan olunana qədər gizlənirdi. O, "Saxa Omuk" və "Saxa Keskile" cəmiyyətlərinin üzvü və katibi idi. 1924 — 1928-ci illərdə Leninqrad Şərq Dilləri İnstitutunda oxumuşdur. Yeni yakut əlifbasını hazırlayan komissiyanın üzvü idi. Yakut Yazı Komitəsinin elmi katibi idi.[2][3]
Leninqrad İnstitutunda təshil alarkən 1906-cı ildə Viktor Vasilyev tərəfindən yazılmış "Ala Bulkun" olonqo rəvayətini rus dilinə tərcümə etmişdir. Yakut dilində islahatlar etmək üçün bir sıra təkliflər irəli sürmüşdür. Belə ki, o, mümkün olduğu hallarda sözləri rus dilindən götürməməyi, türk köklərindən yeni sözlər hazırlamağı təklif etmişdir. Məsələn, rus sözü olan "aeroplan"ı" "təyyarə" ilə əvəz edilməsi. Bu fikirlər tənqidlə qarşılandı, bu yanaşmanın əleyhdarları arasında Plato Oyunski də var idi.[3]
1929-cu il noyabrın 5-dən 6-na keçən gecə Qavriil Baişev Saxada milli yakut ziyalılarına qarşı repressiyalar zamanı həbs olundu, üç il konsentrasiya düşərgəsinə məhkum edildi.[3][4] Düşərgədə həlak oldu. Yakutsk-Saxa SSR Ali Məhkəməsinin Rəyasət Heyəti tərəfindən 20 iyun 1991-ci ildə bəraət qazandırıldı.[5]
1998-ci ildə V. N. Protodyakonov tərəfindən Baişevin yaradıcılıq irsi, linqvistik məqalələri və məktublarını, həmçinin xatirələr və istintaq materiallarını özündə cəmləşdirən "Тоҕус этиҥ тойуга" ("Doqquz səmanın nəğməsi") adlı toplunu hazırladı və nəşr etdi.[3]