Althaea

Bəlğəmotu (lat. Althaea) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.

Bəlğəmotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1–1.5 m olan çoxillik ot bitkisidir. Bir neçə gövdə əmələ gətirir. Bütün bitki bozumtul, sıx, xırda tükcüklərlə örtülmüş, yumşaq məxməridir. Yarpaqları saplaqlı, yumurtavari, azacıq barmaqvari-dilimli və diş-dişlidir. Orta ölçülü, çəhrayı çiçəkləri əsasən yarpaqların kənarına sıxılır, gövdənin yuxarısında isə sıx sümbülvari çiçəkqrupu əmələ gətirir. Meyvəsi üzük formasında yığılmış xırda, yumru meyvəciklərdən ibarətdir. Kökünün özünəməxsus zəif iyi, azacıq şirin-şirişli dadı vardır. İyul-sentyabr aylarında çiçəkləyir və meyvə verir.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Dərman bəlqəmotu boreal coğrafi tipinin palearktik sinfinin qərbi-palearktik qrupuna aiddir. Cənubi və Orta Avropa, Balkan və Kiçik Asiya, Şərgi Aralıq dənizi ölkələri, Şimalı Amerika, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda dərman bəlqəmotu Abşeronda, Samur-Dəvəçi, Kür-Araz və Lənkəran ovalıqlarında, Alazan-Əyriçay vadisində, Naxçıvanın və Kür düzənliyində yayılmışdır. Aranda və dağətəyində (dəniz səviyyəsindən 400 m qədər) bitir.

Ekoloji qrup və bitdiyi yerlər

[redaktə | mənbəni redaktə et]

Kseromezofitdir, sahilyanı və alaq bitkilik tiplərində rast gəlir. Əsasən çaylaqlarda, arx kənarlarında, kolluqlarda, nəmli yerlərdə və əkinlərdə tək-tək və kiçik qrup (3–8 fərd) şəklində bitir.

Kimyəvi tərkibi

[redaktə | mənbəni redaktə et]

Flavonoid, efir və piyli yağlar, C vitamini, karotin, aşı maddələri, eləcə də steroid və antosianlarla zəngindir.

Köklərinin tərkibində 11% selik, müxtəlif qarışıqlar pentoza, heksoza, əlavə olaraq nişasta (37%), saxaroza və yağ turşuları vardır. Gülxətmi xammalı kökləri təmizlənmiş və təmizlənməmiş olmaqla, iki formada mövcuddur. Yarpaqlarında 35% selik maddəsi, qalaktoza, qlükoza, arabinoza, ramnoza, nişasta, pektin, yağ turşuları və digər maddələr vardır. Aptekdə sirop, məhlul və ekstrakt şəklində satılır. Eyni zamanda siropunun hazırlanması üçün yabanı və mədəni bitkilərdən istifadə edilir. Kökündən hazırlanan mukaltin dərmanının güclü öskürəkkəsici təsiri vardır.

Tərkibində 8%-ə qədər bioloji aktiv maddələr, 14%-ə qədər su, 7% ümumi kül, 0,5% həlledilməyən kül, 0,5%-dən az üzvi turşular və 0,5% mineral maddələr olur.

Təsiri və tətbiqi

[redaktə | mənbəni redaktə et]

Farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi, eksperimental və xalq təbabətində, eləcə də kliniki sınaqlarda, farmakologiya və baytarlıqda geniş tətbiq edilir. Əsasən nəfəs yolları, bronxit və bronxial astma, ağciyər vərəmi, göz, mədəbağırsaq, sidik kisəsi, dəri xəstəlikləri, həmçinin şişlər, yanıqlar, çibanlar, ağız boşluğu və burunda iltihab prosesləri və allergiya zamanı istifadə olunur. Antifungal, bəlqəmqətirici, qusdurucu və iltihab proseslərinə qarşı təsirə malikdir.

Bitkinin istifadə orqanı kökü, bəzən yarpaq və çiçəkləridir. Başlıca olaraq yuxarı tənəffüs yollarının iltihabi xəstəliklərində, öskürək əleyhinə, sinə yumşaldıcı vasitə kimi istifadə edilir. Gülxətminin kökündən mədə-bağırsaq traktı: mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, qastrit, kolit və ishal xəstəliklərində olduqca geniş istifadə edilir. Şərq təbabətində böyrək və sidik axarlarının daş xəstəliyində, sistitdə, sidik kanalındakı şişlərdə, xroniki prostatitdə, oynaq ağrılarında tətbiq edilir. Termosda 2–3 xörək qaşığı kökünü 0,5 litr qaynanmış suda 10–12 saat ərzində dəmləmək lazımdır. 0,5 stəkan gündə 3 dəfə yeməkdən 20–40 dəqiqə əvvəl qəbul edilməlidir. Kökündən hazırlanmış toz, məhlul və siropu iltihabsorucu və öskürəkkəsici xüsusiyyətə malikdir.

İstifadə olunan hissələri

[redaktə | mənbəni redaktə et]

Müalicə məqsədi ilə bitkinin yerüstü hissəsi, yarpaqları, çiçəkləri və kökü istifadə edilir.

İstifadə formaları

[redaktə | mənbəni redaktə et]

Cövhər, dəmləmə, sirop və ekstraktlar.

Digər faydalı xüsusiyyətləri və istifadəsi

[redaktə | mənbəni redaktə et]

Köklər Qafqazda və Qırğızıstanda tərəvəz kimi bişmiş halda istifadə olunur. Üyüdülmüş köklər çörək bişirdikdə una əlavə edilir. Dekorativ, boyaq, bal və çiçək tozu verən bitkidir.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Ferberia Scop.