Amaranthus

Pəncər (lat. Amaranthus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.

Pəncər
Elmi təsnifat
Beynəlxalq elmi adı

Yunan dilində tərcüməsi "solmayan gül" deməkdir. Dekorativ gülçülükdə 4 növündən istifadə olunur. Onlardan biri dekorativ yarpaqlı bitkilərə, qalanları isə dekorativ-gül bitkilərinə aiddir. Azərbaycanda 9 növü yayılmışdır ki, onlardan 2 növü (Amaranthus cruentus və Amaranthus hypochondriacus) gülçülükdə istifadə olunur. Pəncərin toxumları may ayında torpağa əkilir. Enli, şaxələnmiş bitki yetişdirmək üçün pəncərin köklərini torpaqda bıçaqla əyri kəsmək lazımdır. Pəncər kolunun gözəl olması üçün iyun ayında bitkinin təpə tumurcuğu qopardılır. Dərilmiş pəncər otaq şəraitində güldanda yaxşı görünür. Azərbaycanda park və bağların salınmasında istifadə edilir.

Amarantın vətəni Mərkəzi və Cənubi Amerika olmuşdur. Amarant uzun illər AmerikadaMeksikada paxlalı bitki hesab edilmişdir. Asiya qitəsində amarant Hindistanın, Pakistanın, Nepalın və Çinin dağ tayfalarının əsas dənli və tərəvəz bitkisi kimi geniş yayılmışdır. Azərbaycanda isə XIX əsrin sonunda peyda olmuş və yemək üçün səbzəvatın hazırlanmasında geniş istifadə olunmuşdur.

Botaniki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1,5-2,0 m-ə qədər çatır. Gövdəsinin diametri 6-8 sm, bir bitkinin orta kütləsi 3-4 kq olur. Yarpaqları iri, uzanmış ellipsvaridir, saplaqlıdır. Çiçək qrupu qalın süpürgəşəkilli, 1,5 m-ə qədər uzunluqda, müxtəlif formalarda sıxdır. Toxumları xırda, ağ, çəhrayı, qəhvəyi və qara rəngli, parlaqdır. 1000 ədəd toxumun kütləsi 0,6-0,9 qr-dır. Bir süpürgəsində 0,5 kq-a qədər toxum olur. Bitkinin bütövlükdə yarpaq səthi indeksi 6-10-a bərabərdir. Bir bitki üzərində 50-60 ədəd yarpaq yerləşir. Süpürgələmə fazasında sutkalıq boyverməsi 4-6 sm olub, vegetasiya müddəti 85-120 gündür. Cücərtiləri səpindən 4-5 gün sonra torpaq səthinə çıxsa da bu dövrdə boyverməsi zəif olur, bitki 20-30 sm hündürlükdə olandan sonra çox sürətlə boyu yüksəlir. Toxumu qoz tamı verməklə, avqust ayında yetişir. Lub, oval formadadır. Üzərində adi gözlə görünməyən qırışlar var. 1000 ədəd toxumun kütləsi 2 qramdır. Bitki may ayının əvvəlindən iyun ayının axırına qədər çiçəkləyir, toxumları iyun ayının üçüncü ongünlüyündən başlayaraq iyul ayının birinci ongünlüyünə qədər müxtəlif müddətlərdə yetişir.

Respublikamızın torpaq-iqlim şəraiti imkan verir ki, burada bütün il boyu amarant bitkisi becərilsin. Amarant əkiləcək sahə payız fəslinin oktyabr ayının birinci ongünlüyündə şum altına hər bir hektara 20 ton üzvi gübrə və 120 kq təsiredici maddə hesabı ilə fosfor gübrəsi verməklə, MTZ-1221 traktoruna aqreqatlaşdırılmış ASGB-14-5 kotanı ilə 25-27 sm dərinlikdə şumlanmalıdır. Mart ayının birinci ongünlüyündə səpin qabağı, sahədə 18-22 sm dərinlikdə üzləmə şumu aparılmalı, iki əks istiqamətdə BDT-3 ağır diskli mala çəkilməli və yerli hamarlayıcılarla torpaq səthi hamarlanmalıdır. Amarantın hər hektara səpin norması əkin sxemlərindən asılı olaraq 0,5-1,0 kq müəyyənləşdirilir. Belə səpin əməliyyatı SUPO-9 və CO–4,2 markalı toxum səpən maşınları ilə 1,5-2,0 sm dərinliyə basdırılmalıdır. Tarla təcrübələrinin qoyulmasında amarantın Dnestr sortunun toxumlarından istifadə oluna bilər. Bu miqdarda toxumun bərabər səviyyədə səpilməsini təmin etmək məqsədilə, toxuma 1:15 nisbətində qum qarışdırılmalıdır. Toxumlar 40+40+60 x15 sm üç cərgəli lentvari əkin sxemində səpildikdə yüksək dən məhsuldarlığı götürmək mümkündür. Bu zaman 0-10 sm torpaq qatında 12-140C istilik olmalıdır. Optimal şəraitdə səpindən 5-7 gün sonra toxumlar kütləvi cücərti verir. Cücərtilər inkişafının ilk mərhələsində (21-25 gün) çox zəif böyüyür. Odur ki, həmin müddətdə cücərtilərin alaq otlarından mühafizəsinə xüsusi diqqət yetrilməlidir. Cərgəarasının becərilməsinə bitkilər 8-10 sm hündürlükdə olduqda başlamalı, cərgədəki alaqlar əl ilə təmizlənməli, suvarmadan sonra bitkilər seyrəldilməlidir. Bir ay keçdikdən sonra amarant sürətlə böyüyərək (sutka ərzində 5-8 sm) alaq otlarını sıxışdırır, bu zaman KOR-4,2 markalı kultivatoru ilə cərgəaralarında 8-10 sm dərinlikdə becərmə aparılmalıdır. Vegetasiya müddətində amarant bitkisi 6-8 dəfə suvarılmalı, cüt yarpaq əmələ gəlmə fazasında cərgələrdə seyrəltmə aparılmalıdır. Cərgələrdə bitkinin boyu 8-10 sm olduqda birinci, 15-20 sm olduqda ikinci və 35-40 sm olduqda üçüncü kultivasiya çəkilməli, bitki və cərgəaralarında qalan alaq otları əl ilə, yaxud da kətmənlə təmizlənməlidir.

Məhsuldarlığı

[redaktə | mənbəni redaktə et]

Müəyyən olunmuşdur ki, vegetasiya müddətində aqrotexniki tədbirlər vaxtında və düzgün olaraq yerinə yetirildikdə torpaq tipinə çox da tələbkar olmayan amarantın hər hektarından (süd-mum yetişmə fazasında), orta hesabla 500-600 sentner yaşıl kütlə məhsulu götürülür. Eyni zamanda bu bitki 130 gün davam edən vegetasiya dövründə 4-5 ton yüksək keyfiyyətli dən (toxum) məhsulu götürmək mümkündür. Toxumluq amarantın SAMPO-4 kombaynı ilə yığılması zamanı dən itkisini azaldır və əmək sərfini aşağı salır. Toxumun təmizlənməsi üçün VIM-0,5 aqreqatından istifadə edilməsi tam məqsədəuyğundur.

Amarantın keyfiyyəti və ümumi qidalılıq dəyəri onun inkişaf fazasından, yığım müddətindən və digər faktorlardan asılı olaraq kəskin surətdə fərqlənir. Bu bitkinin müxtəlif inkişaf fazalarında: süpürgələrin əmələgəlmə, çiçəkləmə, toxumların mum yetişkənliyi, toxumu yığıldıqdan sonra qalan hissəsi, həmçinin çiçəkləmə fazasında bitkinin gövdəsi, yarpağı, çiçəkləri və dənin keyfiyyət göstəriciləri və ümumi qidalılığı araşdırılmışdır.

Müəyyən olunmuşdur ki, amarant bitkisi inkişaf etdikcə tərkibində quru maddənin miqdarı artır. Quru maddənin ən çox miqdarı bitkidə dənin mum yetişkənliyi fazasında 22,1%, süpürgələrin əmələgəlmə fazasında isə 17,3% təşkil etmişdir. Toxumlarda isə quru maddənin miqdarı 86,9% olduğu müəyyənləşdirilmişdir. Yarpaq hissəsində proteinin miqdarı 19,1%, çiçək hissəsində isə 17,5% olmuşdur. Proteinin ən çox miqdarı bitkinin dənində 21,2%, ən az miqdarı isə onun gövdəsində 9,1% toplanmışdır.

Amarant bitkisi mineral maddələrlə və qələvi duzlarla zəngin olduğundan, zülallı məhsullarla qidalandıqda əmələ gələn artıq turşuları neytrallaşdırır. Amarantın yaşıl kütləsi və dəninin tərkibində insan və heyvan orqanizminin fəaliyyəti üçün vacib olan protein, mineral maddələr və vitaminlər vardır. Ölkəmizdə əhalinin qidaya olan tələbatının ödənilməsində və heyvanların, quşların yemləndirilməsində dənli bitkilər arasında amarantın potensial imkanları daha çoxdur. Hal-hazırda onu keyfiyyətli göyərti kimi bişirib, qızardıb və pörtlədib yeyirlər. Yarpaqlarından sup, zapikanka, xruş və pasta hazırlayırlar. Respublikamızda mövcud olan yem çatışmazlığının aradan qaldırılması və gələcəkdə yem bazasının keyfiyyətli yemlərlə möhkəmləndirilməsində, bununla əlaqədar olaraq xalqın ərzaq məhsullarına, o cümlədən heyvandarlıq məhsullarına olan tələbatının ödənilməsində ən sərfəli yem amarant bitkisində səmərəli istifadə edilməsidir. Bunun üçün regionlarda amarant bitkisinin geniş sahələrdə becərilməsini tövsiyə edirik.