Amharlar (አማራ) - Efiopiyanın şimal qərb və mərkəzi dağlıqlarında (əsasən Amhara regionunda) yaşayan Sami-Hami dil ailəsinə mənsub Efiosemitik (Həbəş) bir xalq. 2017-ci ilin məlumatına əsasən, sayları 20,02 milyon olub, Efiopiya pravoslav kilsəsinə (የኢትዮጵያ ኦርቶዶክስ ተዋሕዶ) etiqad edirlər. Bununla yanaşı, ABŞ, Kanada, İsrail kimi dövlətlərdə də diasporları mövcuddur. Onlar Afroasiya dil ailəsinin Sami-Hami budağının Efiosemitik qrupuna aid, Efiopiyanın dövlət dili olan Amhar dilində danışırlar.
"Amhar" adının mənşəyi haqqında bu günə qədər ortaq bir fikrə gəlmək mümkün olmamışdır. Belə ki, bu qədim xalqın adının mənası bəzi mənbələrdə "gözəl", bəzilərində "azad döyüşçü", bəzilərində isə "dağ xalqı" kimi göstərilir
Amharlar hələ qədim dövrlərdən Efiopiya yaylasının mərkəz, şimal və qərb bölgələrində məskunlaşmış, əsas təsərrüfat sahələri isə əkinçilik olmuşdur. Onlar ilk dəfə Teff, Sorqo, Nuq, Qara çörəkotu kimi bitkilərin əkilməsi sirlərini öyrənmişlər.
Amharların ilk məskunlaşdığı yer Amhara regionun şərqində yerləşən Wollo (Amharca:ወሎ) bölgəsidir. Bu bölgə "Bete Amhara" yəni, "Amhar xalqının evi" adlanır. Lakin Amharlar feodalizm dövründə yaranan muxtar və yarımmuxtar Qonder, Qoccam, Şoa, Lasta vilayətlərini özlərinə vətən hesab etmişlər. 2000 ildən çoxdur ki, Amharlar bu ərazilərdə yaşayır, hökm edirlər. Hündür dağlarla və ucu-bucağı görünməyən yarğanlarla əhatələndiyindən, Həbəşistan təcrid olunaraq dünyada baş verən hadisələrin təsirindən kənarda qalmışdır.
Amharların çox böyük bir qismi Şərq pravoslav təriqətinə daxil olan Efiopiya Pravoslav kilsəsinə
(የኢትዮጵያ ኦርቶዶክስ ተዋሕዶ-"Yeİtyoppya Ortodoks Tewahedo") etiqad edirlər. Yalnız Argobba vilayətində kiçik bir toplum tərəfindən islam dininə etiqad edilir.
Din faktoru Amhar xalqının milli adət-ənənələri və gündəlik məişətində olduqca mühüm əhəmiyyət kəsb edir. Hətta Amharlar dünyada dinin insanın həyatında böyük rol oynadığına ən çox inanan xalq olmuşdur.
Amharların mədəniyyəti özünəməxsus inkişaf etmişdir. Belə ki, qonşuluğunda yerləşən xalqlarda müqayisədə, amharların mədəniyyəti daha fərqlidir.
Efiopiya incəsənəti əsasən dini məzmunlu rəsmlərlə izah olunur. Ru rəsmlər iri gözlü bir tərzdə çəkilmiş İncildə adı çəkilən şəxslərdən ibarətdir. Bu rəsmlər əsasən divar və dəri üzərində yağlı boya ilə çəkilirdi. Bu rəsmlərin tarixi qədimdir, belə ki, bu Erkən orta əsrlərə qədər uzanır. Bununla yanaşı, toxuculuq da geniş yayılmışdır. Əsasən həsirdən hazırlanan masa, müxtəlif qablar diqqəti cəlb edir. Qızıl və digər qiymətli metallardan müxtəlif dini rəmzlərin (xaç) hazırlanması da geniş yayılmışdır.
Amhar musiqisini təcəssüm etdirən 4 əsas musiqi aləti vardır: Masinko, Krar, Washint, Kebero. Amhar musiqisi pentatonik, monoton (vahid bir ritmin musiqinin əsasını təşkil etməsi),eynitiplidir. Bir mahnı əsasən 4 bənddən ibarət olur, 1-ci və 3-cü bəndlər eyni, 2-ci və 4-cü bəndlər isə bir-birindən fərqlənir. Mahnıların mövzusunda əsas yer alan xüsusiyyət mahnı mövzusunun hər hansı bir yerdə baş verməsidir (Qonder və Wollo başda olmaqla, Qoccam, Şoa kimi ərazilərin adı daha çox çəkilməsi ilə önə çıxır). Amharların ən populyar rəqsi olan Eskista, musiqinin sürətindən asılı olaraq çiyin və sinənin intensiv hərəkət etdirilməsindən ibarətdir
Amhar mətbəxi əsasən wot (Amhar dilində: ወጥ) adlanan tərəvəz və ət yeməklərindən ibarət olub, sini üzərinə sərilmiş İnjera(Teff bitkisinin unundan hazırlanan, yastı, süngərə bənzər, turş dadlı çörək növü) üzərində süfrəyə verilir. Belə ki, yeməklərin hazırlanmasında bol miqdarda soğandan və Berbere (Amharca: በርበሬ) adlanan ədviyyatlar qarışığından istifadə edilir. Onlar donuz əti və dəniz məhsulları qəti şəkildə yemirlər, lakin çiy halda mal, qoyun və ya keçi əti yemə adəti olduqca geniş yayılmışdır. Eyni zamanda Amharlar arasında bir neçə insanın eyni boşqabdan bir yerdə yemək yemə adəti bu günə qədər qorunub saxlanır. Bu süfrədə oturanların adətən bir-birini yedizdirmək kimi bir adəti də var ki, bu Qurşa(İngilis: Gursha, Amharca: ጉርሻ) adlanır. Bu hərəkət ailə üzvlərinin bir-birinə sevgi və qayğı göstərməsi kimi qəbul edilir.