Amnistiya — cəzanın yüngülləşdirilməsi yaxud ləğv edilməsidir.
Amnistiya elə bir normativ-hüquq aktıdır ki, o, hüquq pozuntuları törətmiş şəxslərin fərdi olaraq müəyyənləşdirilməmiş dairəsi barəsində qəbul edilir və həmin şəxsləri, onlara qarşı tətbiq olunmuş və ya oluna biləcək sanksiyalardan (cəzalardan) azad edir, yaxud yüngülləşdirir.
Amnistiyanın tətbiqi dairəsi heç də cinayət qanunvericiliyi ilə məhdudlaşmır, bir sıra ölkələrdə tez-tez vergi amnistiyası aktları da qəbul edilir.
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 1-ci hissəsinin 19-cu bəndinə əsasən amnistiya məsələlərinin həlli Milli Məclisin səlahiyyətinə aiddir. Bu səlahiyyət təkcə cinayət qanunvericiliyi ilə məhdudlaşmır. Cinayət qanununa gəldikdə isə, Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülməsi də mümkündür.