Analoq-rəqəm çeviricisi

Analoq-rəqəm çeviricisianaloq (zamana görə fasiləsiz dəyişən) fiziki kəmiyyətləri diskret rəqəmli kəmiyyətlərə çevirən qurğu. Analoq kəmiyyətlər kimi elektrik gərginliyi və cərəyanı, rəqslərin tezliyi, faza sürüşmələri, dönmə bucaqları və s. götürülür. Ədədi kodlar, əsasən, ikilik, ikilik-onluq və ya onluq say sistemləri ilə verilir. Ümumi halda analoq-rəqəm çevrilməsi prosesi kvantlaşdırma (fasiləsiz verilənlərin zaman, səviyyə və ya hər iki parametr üzrə eyni anda diskretləşdirilməsi) və kodlaşdırmadan ibarətdir. Kvantlaşdırma zamanı fasiləsiz kəmiyyət müəyyən qanunla seçilmiş və ümumilikdə ilkin kəmiyyəti (əvvəlcədən təyin edilmiş səhvlə) əks etdirən ani qiymətlərdən ibarət ardıcıllığa çevrilir. Kodlaşdırma zamanı kvantlaşdırma prosesində seçilmiş ilkin kəmiyyətin ani qiymətləri ölçülür və nəticələr ədədi kodlar şəklində qeyd edilir. Müasir Analoq-rəqəm çeviricisində kvantlaşma və kodlaşma prosesləri analoqinteqral sxemlərin, mikroprosessorların və s. köməyilə yerinə yetirilir. Analoq-rəqəm çeviricisi verilənlərin ötürülməsi sistemlərində, informasiya-ölçmə sistemlərində, avtomatik idarəetmə qurğularında və s. geniş tətbiq edilir. 

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 475. ISBN 978-9952-441-02-4.