Anar Gülverdi oğlu Novruzov (12 may 1976, Ərkivan, Masallı rayonu – 14 iyul 2020, Tovuz rayonu) — Azərbaycan Ordusunun mayoru, Tovuz döyüşləri şəhidi.[1]
Anar Novruzov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 may 1976 |
Doğum yeri | |
Vəfat tarixi | 14 iyul 2020 (44 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Nazilə Novruzova |
Uşağı | 2 |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1994–2020 |
Rütbəsi | Mayor |
Döyüşlər | Tovuz döyüşləri |
Təltifləri |
Anar Novruzov 12 may 1976-cı ildə Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən Abbaslı məhəlləsində anadan olmuşdur.[2] Atası Gülverdi Novruzov uzun müddət rayonda bərbər olaraq çalışmışdır. 2004-cü ildə dünyasını dəyişmişdir. Anar Novruzov ailədə 10 uşaq olublar — özü, Sucəddin, Nəfisə, Nurcahan, Gülcahan, Hidayət, Gülşən, Sevanə, Tünzalə və Səbahət.[3]
1983-cü ildə Masallı rayon Ərkivan qəsəbə Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 1993-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra sənədlərini Azərbaycan Texniki Universitetinin avtomobil nəqliyyatının istismarı fakültəsinə vermiş, lakin sonra Bakı Neft-Energetika Kollecinə qəbul olmuşdur. Sonra fikrini dəyişdirmiş və sənədlərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə vermişdir. Bir il təhsil aldıqdan sonra təhsilini yarımçıq saxlayaraq Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. 1994-cü ildə atəşkəsin elan olunması ilə əlaqədar geri qayıtmış və 1995-ci ildə yarımçıq saxladığı təhsilini davam etdirmişdir.
Anar Novruzov 2003-cü ildən Nazilə xanımla ailəli idi.
1999-cu ildə ali hərbi məktəbi bitirən Anar Novruzov hərbi vəzifəsinə başlamışdır. Həmin ildən öz xahişi ilə kəşfiyyatçı zabit kimi ön cəbhədə xidmət etmişdir. 2013-cü ilə qədər ön cəbhə bölgələrində, 2005-ci ildə Tərtər rayonunun Qapanlı kəndində, 2008-ci ildə rayonun Həsənqaya kəndində, 2013–2018-ci illərdə Sumqayıtda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Xidmət etdiyi illərdə hərbi texnikanın sirlərini dərindən mənimsəmiş və snayper və digər müasir silahlardan istifadə etmişdir. Qüsursuz xidmətinə görə bir çox medallarla, diplom və təşəkkürnamələrlə təltif edilmişdir. Kəşfiyyatçı zabit kimi xidmətinə görə ona "Akula" ləqəbi verilmişdir.
2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub.[4] Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirləri görməsi nəticəsində Ermənistan Ordusunun hücum cəhdinin qarşısı alındı və Ermənistan Ordusu geri oturduldu.[5] Döyüşlərin birinci saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid oldu, 4 nəfər isə yaralandı.[5][6] Anar Novruzov bu döyüşlər zamanı Qazaxda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi, səhhətindəki problemlərə görə hospitalda müalicə alırdı, lakin öz arzusu ilə və general-mayor Polad Həşimovun təlimatı ilə səhhətindəki problemlərə baxmayaraq iki AQS-17 silahı ilə kəşfiyyatçı kimi döyüşlərdə iştirak etməyə başlamışdı.[3] İstifadə etdiyi silahlarla qarşı tərəfin bir çox zabitini məhv etmişdi.
Mayor Anar Novruzov 14 iyul 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu. Həmin an onunla birgə olan general-mayor Polad Həşimov və bir çox zabit-əsgər heyəti şəhid olmuşdur.[7]
İyulun 14-də Anar Novruzov, doğulduğu Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən "Təpə" qəbiristanlığında, Seyid Sadiq Ağa məqbərəsinin yerləşdiyi yerin yaxınlığında torpağa tapşırıldı.[8]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Novruzov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[9][10]