Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi — antiinhisar nəzarəti, haqsız rəqabət, açıq məkan istisna olmaqla reklam qanunvericiliyinə nəzarət, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət, keyfiyyət infrastrukturu, o cümlədən standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya sahələrində dövlət tənzimlənməsini həyata keçirən qurumdur.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 23 iyun 1992
Əvvəlki qurum Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti
Tabelik Azərbaycan Prezidenti
Baş qərargah Bakı, Azərbaycan
Ünvan Azərbaycan Respublikası, AZ 1000, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 84, Hökumət Evi, 7-ci qapı

Rəsmi saytı competition.gov.az/az

Azərbaycanda ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il 3 nömrəli fərmanı ilə Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi yaradılıb. Həmin ilin avqustunda Komitənin Əsasnaməsi təsdiq olunub.[1]

1992-ci ildə bazar iqtisadiyyatına keçidlə bağlı mühüm əhəmiyyəti olan "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Ölkə başçısı tərəfindən "İnhisarçı müəssisələrin və birliklərin məhsullarının qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi haqqında" fərman imzalanıb.

2001-ci ildə Ümummilli lider Heydər Əliyevin fərmanı ilə Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi hüquqi şəxs statusunda İqtisadi İnkişaf Nazirliyinin tərkibinə daxil edilərək Antiinhisar Siyasəti Departamenti kimi fəaliyyət göstərib.

2001–2006-cı illər ərzində Prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və normativ sənədləri ilə Departamentin vəzifə və səlahiyyətləri xeyli dərəcədə genişlənib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə antiinhisar siyasəti, haqsız rəqabətə qarşı mübarizə, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub. 2006-cı il dekabrın 28-də İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti yaradılıb və istehlak bazarına nəzarət funksiyaları da Xidmətin səlahiyyətlərinə aid edilib.

Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı fərmanla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılıb. Daha sonra antiinhisar fəaliyyəti, haqsız rəqabət, təbii inhisarlar, reklam, istehlak bazarına nəzarətlə bağlı səlahiyyətlər qurumun səlahiyyətlərinə daxil edilib.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Fərmanı ilə 1997-ci il 16 may tarixində yaradılan və Azərbaycan Respublikasında dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətini həyata keçirən keçmiş mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilərək vəzifə və funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə verilib.[2]

2018-ci ilin aprelin 20-də imzalanan sərəncamla İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb. Standartlaşırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Xidmətin tabeliyinə verilib.

2019-cu il 23 oktyabr tarixli qərarla isə Agentlik yenidən Dövlət Xidməti statusu alıb. Həmin ilin dekabrın 19-da Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.[3]

Dövlət Xidmətinin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilib.[4] Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Məmməd Abbasbəyli Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.[5]

27 avqust 2024-cü ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılmışdır.[6]

Fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • antiinhisar nəzarəti
  • haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət
  • təbii inhisarlara dövlət nəzarəti
  • istehlakçı hüquqlarının müdafiəsi
  • istehlak bazarına nəzarət
  • dövlət satınalmaları
  • keyfiyyət infrastrukturu (metrologiya, standartlaşdırma, texniki tənzimləmə, akkreditasiya, uyğunluğun qiymətləndirilməsi)

Tabelikdə olan qurumlar

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Standartlaşdırma İnstitutu

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) publik hüquqi şəxsi 10 fevral 2017-ci ildə milli standartlaşdırma qurumu kimi təsis edilib və standartların hazırlanması, tətbiqi, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçilik İnstituta həvalə edilib.[7]

İnstitutun əsas fəaliyyət istiqamətləri:

  • Milli standartların hazırlanması, qəbulu və ləğv edilməsi
  • Dövlət Standartlar Fondunun idarə edilməsi
  • Texniki tənzimləmə və standartlaşdırma üzrə normativ sənədlərin reyestrinin aparılması
  • Standartlaşdırma üzrə Texniki Komitələrin fəaliyyətinin əlaqələndirilməsi
  • Uyğunluğun qiymətləndirilməsi istiqamətində (sertifikatlaşdırma və laborator sınaqları) fəaliyyət göstərilməsi

Azərbaycan Respublikasının standartlaşdırma üzrə beynəlxalq və regional təşkilatlarında təmsil edilməsi:

  • 2017-ci ildən Beynəlxalq standartlaşdırma təşkilatında tamhüquqlu üzv
  • Beynəlxalq Elektrotexniki Komissiyanın (IEC) Müxbir ölkələr proqramında iştirakçı (Affiliate Country Program)
  • Avropa Standartlaşdırma Təşkilatında (CEN) Tərəfdaş standartlaşdırma orqanı (CSB) statusunda təmsil olunması.
  • Standartlaşdırma üzrə xarici ölkələrin təşkilatları ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması

2017-ci ildən İnstitut ISO-nun tamhüquqlu üzvü olmaqla yanaşı Beynəlxalq Elektrotexniki Komissiyanın (IEC) Müxbir ölkələr proqramında (Affiliate Country Program) iştirak edir, Avropa Standartlaşdırma Təşkilatında (CEN) Tərəfdaş standartlaşdırma orqanı (CSB) statusunda təmsil olunur.

Azərbaycan Metrologiya İnstitutu

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxs 10 fevral 2017-ci ildə ləğv edilən Dövlət Metrologiya Xidmətinin bazasında yaradılıb.[8]

İnstitutun əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • dövlət kəmiyyət vahidi etalonlarının əldə olunması (və yaxud yaradılması) qorunub saxlanılması, tutuşdurulması və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinin təmin edilməsi
  • işçi etalonların və ölçmə vasitələrinin kalibrlənməsinin həyata keçirilməsi və müvafiq sertifikatın verilməsi
  • kəmiyyət vahidinin ötürülməsi ilə yanaşı, təsərrüfat subyektləri ilə bağlanmış müqavilə əsasında dövlət tənzimlənməsinin müvafiq sahələrinə aid olan ölçmə vasitələrinin müqayisəli yoxlanılması və müvafiq şəhadətnamənin verilməsi
  • ölkəyə idxal olunan ölçmə vasitələrinin tipə uyğunluğunun təsdiqinin tanınması məqsədilə təqdim olunan sənədlərin metroloji ekspertizasının keçirilməsi
  • ölçmə vasitələrinin tipinin təsdiqi məqsədilə sınaqların keçirilməsi və dövlət reyestrinin aparılması
  • ölçmə metodikalarının (metodlarının) attestasiyadan keçirilməsi
  • tibb və ya əczaçılıq fəaliyyəti üçün nəzərdə tutulan avadanlıqların normativ-texniki tələblərə uyğun olması barədə təsdiqedici sənədin verilməsi
  • beynəlxalq və regional Metrologiya təşkilatları çərçivəsində milli etalonların tutuşdurulmasında iştirak etmək
  • Metrologiya üzrə beynəlxalq və regional təşkilatlarda təmsil olunmaq
  • "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən, ölçmə vasitələrinin yoxlanılması üzrə fəaliyyətə nəzarət edilməsi

Azərbaycan Akkreditasiya Mərkəzi

[redaktə | mənbəni redaktə et]

Mərkəz sınaq və kalibrləmə laboratoriyalarının, məhsulların, işlərin, xidmətlərin sertifikatlaşdırılması orqanlarının, şəxslərin sertifikatlaşdırılması orqanlarının, inspeksiya orqanlarının, idarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanlarının və etalon material istehsalçılarının akkreditasiyasını "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanununa[9] və beynəlxalq standartların tələblərinə uyğun olaraq həyata keçirir.

Mərkəzin qarşısında duran əsas vəzifə milli akkreditasiya sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması və uyğunluğun qiymətləndirməsinin nəticələrinin beynəlxalq tanınmasının təmin edilməsidir. Bu məqsədlə Mərkəz akkreditasiya sahəsində mövcud olan beynəlxalq və regional təşkilatlarla, digər ölkələrin akkreditasiya qurumları ilə sıx əməkdaşlıq edir.

Mərkəz 2017-ci ilin noyabr ayından Avropa Akkreditasiya Təşkilatının (EA), 2018-ci ilin mart ayından isə Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilatın (ILAC) assosiativ üzvüdür.[10]

İstehlak Mallarının Ekspertizası Mərkəzi

[redaktə | mənbəni redaktə et]

"İstehlak Mallarının Ekspertizası Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsas fəaliyyət istiqaməti malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və nəticələrini təsdiq edən sənədlərin verilməsindən ibarətdir.

Azərbaycan Respublikasının gömrük ərazisindən malların ixracı zamanı gömrük rəsmiləşdirilməsi prosedurlarının həyata keçirilməsi üçün malın mənşə ölkəsini təsdiq edən "mənşə sertifikatı" tərtib olunur. Malın mənşə ölkəsi dedikdə malın tamamilə həmin ölkədə istehsal olunduğu və ya müvafiq qanunvericiliklə müəyyən olunmuş meyarlar əsasında kifayət qədər yenidən emala məruz qaldığı ölkə başa düşülür.

Malın mənşə ölkəsi ixrac olunan mallara tarif və qeyri-tarif tənzimlənməsini həyata keçirmək məqsədilə müəyyən olunur.

Beynəlxalq təşkilatlarla əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

Dövlət Xidmətinin fəaliyyət istiqamətləri üzrə MDB və onun alt qurumları, COOMET, RCC, CEN/CENELEC, TDT kimi regional, eləcə də OECD, ICPEN, ICN, ILAC, BMT və onun alt qurumları, İsƏT, SMIIC, OIML və başqa beynəlxalq, həmçinin DB, AİB, İİB daxil olmaqla donor təşkilatlarla əməkdaşlıq edilir. 2006-cı ildən ICPEN-ə üzv olan və təşkilatda İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyəti nəticəsində ICPEN-nin Məsləhət Qrupuna üzv seçilib.[11] Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutuna (SMIIC) üzvlüyü və ölkəmizin təşkilatda AZSTAND vasitəsilə təmsil olunması ilə bağlı təşkilata müraciət edilib. Nəticədə, AZSTAND-ın SMIIC-də təmsilçiliyi təsdiq edilib.

Regional bölmələr

[redaktə | mənbəni redaktə et]

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin aşağıdakı regional şöbə və bölmələri fəaliyyət göstərir:

  • Bakı şəhər şöbəsi
  • 2 saylı regional bölməsi (Sumqayıt şəhəri, Xırdalan, Xızı, Siyəzən rayonları)
  • 3 saylı regional bölməsi (Quba, Qusar, Xaçmaz, Şabran rayonları)
  • 4 saylı regonal bölməsi (Ağsu, Şamaxı, Qobustan rayonları)
  • 5 saylı regional bölməsi (Sabirabad, Saatlı, Hacıqabul, Şirvan, Salyan, Neftçala rayonları)
  • 6 saylı regional bölməsi (Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonları)
  • 7 saylı regional bölməsi (Azad olunmuş ərazilər)
  • 8 saylı regional bölməsi (Ağcabədi, Beyləqan, İmişli rayonları)
  • 9 saylı regional bölməsi (Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Göyçay rayonları)
  • 10 saylı regional bölməsi (Oğuz, Qəbələ, İsmayıllı rayonları)
  • 11 saylı regional bölməsi (Mingəçevir, Yevlax, Tərtər, Bərdə rayonları)
  • 12 saylı regional bölməsi (Gəncə şəhəri, Samux, Goranboy, Göygöl, Naftalan, Daşkəsən rayonları)
  • 13 saylı regional bölməsi (Şəki, Qax, Zaqatala, Balakən rayonları)
  • 14 saylı regional bölməsi (Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonları)
  1. "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-09.
  2. "Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-31.
  3. "İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-09.
  4. "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ƏSASNAMƏSİ » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2022-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.
  5. "M.A.Abbasbəylinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı» Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2022-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.
  6. "Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-27.
  7. "Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". e-qanun.az. 2022-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.
  8. "Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". e-qanun.az. 2022-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.
  9. "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU". e-qanun.az. 2024-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.
  10. "Membership Change – AZAK - ILAC". ILAC - ILAC Live Site (ingilis). 2018-03-07. 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.
  11. "Who we are | ICPEN". icpen.org. 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]