Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Aquen kilsə məclisi, Aquen məclisi, Aluen məclisi — Qafqaz Albaniyası xristian ruhanilərinin 488-ci ildə Aquendə (indiki Ağdam rayonu ərazisində) alban hökmdarı III Vaçaqan tərəfindən çağırılmış yığıncağı. İlk hüquqi alban sənədinin qəbul olunduğu ali kilsə məclisi.
Aquen qanunları erkən orta əsrlər Qafqaz Albaniyasının dövrümüzə gəlib çatmış ilk və yeganə siyasi hüquqi sənədi kimi böyük əhəmiyyətə malikdir. Bu sənəddə Albaniyada sosial, hüquq və kilsə münasibətləri öz əksini tapmışdır.
Aquen qanunlarının qəbul olunduğu zamanadək Albaniyada və indiki Gürcüstan ərazisində kilsənin ehtiyac və maraqlarını ifadə edən tərcümə və orijinal qanun mətnləri mövcud idi: hüquqi normalarla birlikdə Bibliyanın tərcüməsi, ümumdünya kilsə məclislərinin (325-ci ilin Nikeya, 381-ci ilin Konstantinopol, 431-ci ilin Efes kilsə məclislərinin) bütün xristianlar üçün icbari olan qanunları. Ümumdünya kilsə məclislərinin hüquqi kodekslərinin müəyyən təsiri və Albaniyada ictimai münasibətlərin daxili inkişafı nəticəsində alban qanunlarının yaradılması zərurəti meydana gəldi.
Alban hökmdarı III Vaçaqan Albaniyanın müstəqilliyini möhkəmləndirməyə can ataraq, yad dini-siyasi təsirlərə və yadelli qüvvələrin assimilyasiya siyasətinə qarşı dura biləcək müstəqil alban kilsəsinin böyük siyasi rolunu nəzərə alaraq alban kilsəsinin dayaqlarını möhkəmləndirməyi, onu iqtisadi cəhətdən gücləndirməyi zəruri hesab edirdi. Bunu isə alban kilsə hüquqi normalarının qəbul olunması yolu ilə etmək mümkün idi. III Vaçaqan bu məqsədlə 498-ci ildə Aquen kilsə məclisini çağırdı.
Aquen məclisinin çağırılması səbəblərini izah edən Moisey Kalankatlı yazırdı ki, "ruhani olmayanlarla ruhanilər arasında, azatlarla qara camaat (ramiklər) arasında narazılıqlar baş verdi; onda hökmdar məclis — böyük məhkəmə qurmaq istədi". Aydındır ki, söhbət siniflərarası və sinifdaxili narazılıqlardan gedir, lakin qanunların mətnlərində ancaq sinifdaxili — dünyəvi əyanlarla ruhanilər arasındakı münaqişələr əks olunmuşdur.
Aquen qanunlarının ayrıca nəşri mövcud deyildir. Bu qanunlar Moisey Kalankatlının "Alban tarixi" əsərində və "Erməni qanunları kitabı"nda ("Kanonagirk"də) nəşr olunmuşdur. Aquen məclisi tərəfindən işlənmiş və qəbul edilmiş qanun Nizamnaməsi girişdən və 21 maddədən ibarətdir. Giriş hissəsində Aquen kilsə məclisinin səbəbləri haqqında danışılır.
Kilsə məclisi ruhani olmayanlarla ruhanilər, kübar cəmiyyətindən olan azatlarla sadə əhali — ramiklər arasında baş verən çəkişmələrə qarşı təcili tədbirlər qəbul edilməsi üçün çağırılmışdı.
Görünür, qanunlar bizə tam redaksiyada gəlib çatmamışdır. Çünki, qeyd edilmiş "azatlarla ramiklər arasında olan çəkişmələr" qanunlarda öz əksini tapmamışdır.
Qanunların təhlili onları dörd qrupa bölmək imkanı verir: 1) ruhanilərə (kilsə xadimlərinin qarşılıqlı münasibətlərinə, ruhanilərin hüquq və vəzifələrinə) aid olan qanunlar; 2) ruhanilərlə dünyəvi əyanlar arasında olan münasibətləri tənzimləyən qanunlar; 3) ruhanilərlə dünyəvi əhali arasındakı münasibətləri tənzimləyən qanunlar; 4) sırf hüquqi səciyyə daşıyan qanunlar.
Moisey Kalankatlının "Alban tarixi" əsərinin XXVI fəsli "Aqvan hökmdarı Vaçaqanın Aqvan kilsələri məclisində bəynilmiş qanunları" adlanır və orada deyilir:
Aqvan hökmdarı Vaçaqanı vaxtında dindarlar və yepiskoplar, ruhanilər və köməkçilər, azatlar və ramiklər (qara camaat) arasına narazılıq düşmüşdü. Belə olduqda, hökmdar mareri ayının on üçündə [kilsə] Yığıncağı: böyük bir divanxana arzusuna düşdü. "Mən Aqvan çarı Vaşaqan, partav arxiyepiskopu Şubhaliş, qapaq yepiskopu Manas, Haşu yepiskopu Yunan, Euta yepiskopuları Anani və Saak, Kaqanqat kəndinin keşişi İosif, Partav keşişi Mate, Bed keşişi Abikaz, Ayırmanuş keşişi Urbat, Arsaq azatları və tayfa başçıları, keşişlər: İovəl, Parmide və İakov, Kaqanat başçısı Bakur və bir çox başqaları bizim yalaq yerimiz Aquendə hamılıqla mənim qarşıma toplanaraq qərar verdik:
1. Kənd keşişləri ildə iki dəfə yepiskopun ayağına gəlib diz çökməli, ondan [müqəddəs] kitablar üzrə dini qaydaları öyrənməli və adət üzrə ildə bir kərə ona par verməlidirlər.
2. Ruhani və ya dyakon təyin olunduqda, ruhani [yepiskopa] dörd, dyakon isə drahma pul verməli idi.
3. Azat və hökmdar nəslindən olan adam isə öz ruhunun xilası üçün öz əli ilə yəhərli, yüyənli atı və ya vərə biləcəyi başqa şey bağışlamalıdır. Əgər sağlığında bunu etməmiş olsa, o öləndən sonra ailəsi ödəməlidir.
4. Xalqdan keşiş üçün aşağıdakı pay düşür: hər il 4 ölçü buğda, 6 ölçü və 16 dolça [üzüm] şirəsi. Kasıblar qoy taxılın yarısın və bacardıqları qədər çaxır vərsinlər. Ancaq kimin əkinliyi və ya üzümlüyü yoxdursa, ondan heç nə almasınlar. Bu göstərilənlərdə artıq verənlər öz ruhu qarşısında xeyirxahlıq yapır. Pavəl demişkən: "Kim səpində əliaçıqlıq edirsə, biçini də bol olur. Kimin qoyunları var, bir qoyun, üç əlçim və bir kərpic pendir vərsin, kimin atı varsa –bir dayça, kimin malı varsa-bir buzov vərsin".
5. Hər bir azat, kəndli (şinakan) və ya hər hansı dinə inanan şəxs il boyu bir dəfə dəfn ehsanı verməli, yəni bacardığı kimi ölən adamı yad etməlidir ki, onu öz zəhmətinin bərhrəsindən məhrum etməsin. Onun (ölənin) atları var idisə, rəhmətliyin ruhu şad olsun deyə-kilsəyə bir atı bağışlasın, mal-qarası var idisə, bir cöngə bağışlasın.
6. Monastrda olan keşiş və ya şagird öz nəfsini boğmayıb bir şey aparmış olsa və bunun üstü açılarsa, biabırçılıqla buradan qovulmaslı, oğlu (xostak) isə kilsə [işləri] üçün götürülməlidir.
7. Əgər bir kilsənin keşişləri çox, icması isə kiçikdirsə, başqa bir kilsənin isə adamı çox, keşişləri azdırsa, çox olan yerdən adamları götürüb, keşişləri çox olan yerə köçürmək olurdu.
8. Xaçpərəst adam dava-dalaş salarsa və ya qan tökərsə, yepiskopun qarşısına gətirilməli və qanun ilə cəzalandırılmalıdır.
9. Böyük bir kəndə baxan yepiskop başqalarına göz dikməməlidir. İki kənd bir-birinə yaxındırsa, qoy onların bir ruhanisi olsun. Qoy ruhani, rəhbər ola biləcəyi icmaya başçılıq etsin.
10. Heç kəs qohumu ilə, qardaşı arvadı ilə evlənə bilməz.
11. Bir səbəb olmadan arvadını atıb gedən və başqa qadınla nikahsız evlənən ər yaramaz və qatildır; yaxud bütlərə sitayiş edən kimsəni əl-ayağı bağlı halda hökmdarın qarşısına gətirməli və ölüm cəzası verməli.
12. [Ölünün üstündə] yas qurub ağlaşanları ağıçılarla birlikdə əl-qolunu bağlayıb çarın qarşısına gətirmək və cəza vermək lazımdır. Belələrinin ailəsi birdə göz yaşı tökməyə cürət etməməlidir.
13. Bir kisə ölü əti yeyirsə və ya 40 günlük yasağı pozub ət yeyirsə və bazar günü işə çıxır və kilsəyə getmirsə, qoy ruhani camaatla birlikdə ona cəza vərsin.
14. Kimsə üçüncü gün və ya beşinci gün böyük yasaq qabağı ət yesə, qoy bir həftə ət yeməsin; başqa bir şəxs isə onun ruhani qarşısında belə etmədiyini sübuta yetirərsə, qoy kəndin böyüyü ondan bir cöngə alıb ruhaniyə vərsin.
15. Əgrə kənddə yaşayanlardan iri, ruhanilərin günahını üzə çıxararsa və onlar da bunu boyunlarına alarsa, qoy yepiskop onları mühakimə edib peşimançılıq çəkmək üçün səhraya qovsun. Yox, onlar həqiqəti boyunlarına almasalar və başqalarının dedikləri düz çıxıb sübuta yetərsə, qoy onara dini qanunlar iə cəza vərilsin və kənddən qovulsunlar. Əgər günah çıxmayıb, açılmamışdırsa, qoy ruhaniyə nahar xeyratı keçirmək buyrulsun.
16. Əgər ruhaninin yoldaşları, özləri olduqları halda, onu günah işləməkdə ittiham edirlərsə, qoy ruhani müqəddəs xaç qarşısında, xəbərçilər və camaat qarşısında dayanıb [cavab] vərsinlər. [Onu suçlu olması sübuta yetərsə], qoy onu müqəddəs merabdan ayırıb kənddən qovsunlar. Əgər Şagirdlər içib keflənirlər və camaat onları qabaqlar bir-biri ilə çəkişmələri olduqlarını bilirdilərsə, onda qoy ruhani nahar duası oxusun və camaat isə [yalançıları] lənət ilə qapıdan qovsun. əgər onlar imana gəlib söyləsələr ki, "biz yalan demişik", qoy onlar məbəddən çıxmadan peşimançılıq duası oxusunlar. Əgər bundan sonra da şagirdlər böhtan atsalar, onlar [dini] qaununlar ilə ittiham olunacaqlar.
17. Sonra, yepiskop və keşişlər çara şikayət etlər ki, azatlar kənddə iki və ya üç kilsəni monastra çevrmişlər; [qoy onda] azatlar da öz şərtlərini bildirsinlər. Çünki çar yepiskoplara və əyanlara buyurmuşdur ki, işləyən kilsələrə dəyməsinlər, kilsənin əmanətlərini və gəlirlərini isə Birinci və ya Baş kilsəyə versinlər.
18. [Kilsə üçün] ondabir ödənc verən azatlar, qoy yarsın bu kilsəyə, başqa yarısını isə öz kilsələrinə vərsinlər.
19. Bazar günləri qoy ağa da, qul da, baş kilsəyə getsinlər və ölənlər üçün yadetmə mərasimi yapsınlar. Yadellilər ruhların saitliyi üçün kilsəyə pul ödəməlidirlər.
20. Azatlar öz malikanələrində dini [xidmətlər üçün] yepiskopun razılığı olmadan keşişi tutmasınlar və ya xidmətdən qovmasınlar. Keşişləri isə, zadəganlar və ya xalq onları istəməzsə, yepiskopun icazəsi olmadan çıxıb getməsinlər.
21. Əgər zadəgan öz ölkəsidə xaç taxtı qoymaq istəyrisə, yaxud müqəddəslərin cəsədlərini saxlatmaq, yaxud qurban vermək istəyirsə, bunu yepiskopun icazəsi ilə etməli, imkanlarını nəzərə almalıdır. Kim bi işi icazə ilə edərdisə, qoy ona mərhəmət olsun və kim bu işi belə etməmişsə, qoy kilsədən uzaqlaşsın və yepiskopa imkanı içərsində cərimə ödəsin: onun nəq qədər cərimə ödəmisindən asılı olaraq din qanunları ilə qoy günahı bağışlasın. Bu qanunları yepiskolar, keşilər və ruhanilər aztlar ilə birlikdə çar qarşısında qəbul etmişlər. Qoy çara arvadı ilə, oğlu ilə və bu məbəd də onlar ilə birlikdə, biz yepiskopların, kilsə xadimlərinn dilində deyilən xeyir-dua nəsib olsun… Aqvan hökmdarını bütün zədaganları bu fərmana möhür vurmuşlar.
Qeyd edk ki, K. Patkanovun çevirməsində Aqvan kilsə qanunlarının sayı doqquz alınır. Ancaq o, yanlış olaraq parçanın sonuncu abzasının iyirminci qanunu kimi verilmişdir. Sonralar qanunların sayı düzgün olaraq 21 göstərilmişdir.
Mənbə: Qanunlar Azərbaycan tarixi üzrə qaynaqlar (İkinci nəşrin tərtibatçısı və redaktoru: tarix elmlər doktoru, professor, Əməkdar elm xadimi Süleyman Əliyarlı) (Bakı, ―Çıraq‖, 2007. 400 səh.) kitabından götürülmüşdür.
Aquen qanunları aşağıdakı kilsə vergilərini qeyd edir: can vergisi, kilsə "onda biri", məhsul vergisi, ruhun rahatlanması üçün alınan vergi. Məclisin can vergisinə həsr edilmiş üçüncü qanununda deyilirdi: "Azat və hökmdar nəslindən olan adam can payı üçün qoy sağlığında öz əli ilə bir yəhər-yüyənli at və bir də nə bacarırsa, onu versin. Əgər özü sağlığında can payı verməsə, ölümündən sonra bunu ailəsi verməlidir".
Qanunun mətnindən göründüyü kimi, burada söhbət can vergisinin ancaq əyanlar tərəfindən ödənilməsindən gedir, lakin sosial və zümrə fərqlərindən asılı olmayaraq, hamı üçün zəruri olan bu vergi növü ödəniş xarakterinə görə hamı üçün bir deyildi. Bu qanunda əyanların xüsusi qeyd edilməsi can vergisi qədərinin onlar üçün sabit müəyyənləşdirildiyini göstərir. Qara camaat, o cümlədən heç bir imtiyazı olmayan zümrələr isə can vergisini imkanları çatan miqdarda ödəyə bilərdilər. Kilsə "onda biri" haqqında Aquen məclisinin 18-ci qanununda deyilir: "Onda bir ödəyən azatlar onun yarısını baş (kafedral) kilsəyə, yarısını isə özlərinin "azat" kilsəsinə verməlidirlər".
Aquen məclisinin qəbul etdiyi dördüncü qanununda deyilirdi: "Xalqın kilsəyə verəcəyi məhsullar bu qaydada ödənilməlidir: varlı dörd qriv buğda, altı qriv arpa və on altı ölçü çaxır verir; yoxsul taxılı iki dəfə az, çaxırı isə imkanı çatan qədər verməlidir, ancaq əkin yeri və üzümlüyü olmayanlardan vergi alınmamalıdır. Qoyunu olan bir qoyun, üç çəngə (?) yun və bir (?) pendir verir, atı olan bir dayça, mal-qarası olan bir buzov verir".
Göründüyü kimi, məcburi kilsə vergisi olan "məhsul" təkcə əkinçilik məhsullarından deyil, həm də bütün təsərrüfat məhsullarından qəti müəyyən edilmiş miqdarda qəbul olunurdu.
Aquen məclisinin beşinci və on doqquzuncu qanunları Albaniyada vəfat edənlərin qohumları tərəfindən kilsəyə verilən "ruhun rahatlanması üçün" alınan vergi növünün olduğunu təsdiq edir. On doqquzuncu qanunda yalnız adı çəkilən bu verginin əsas məğzi məhz beşinci qanunda açılır: "Azat, şinakan və ya başqa bir dindar mərhumları zəhmətlərinin bir hissəsindən məhrum etməmək üçün imkan daxilində ölənin xatirəsinin yad edildiyi illik ibadəti ötürməməlidir. Əgər mərhumun atı olmuşsa, kilsəyə bir at, öküzü olmuşsa, bir öküz verməlidir". Bu qanundan görünür ki, "ruhun rahatlanması" vergisinin qədəri müəyyən edilmişdi. Həmçinin şübhə doğurmur ki, nə atı, nə də öküzü olmayandan mərhumun ruhunun rahatlanması üçün heç nə alınmırdı.
Aquen qanunlarının təhlili göstərdi ki, dini qayda-qanun kilsənin və ruhanilərin xeyrinə olan nəzirlərin miqdarını müəyyənləşdirmiş, bununla da könüllü nəziri müntəzəm alınması nəzərdə tutulmuş kilsə vergisinə çevirmişdi.
Bu vergilərin ödənilməsi kəndlilərin və zəhmətkeş əhalinin digər təbəqələrinin istismarı formalarını aydınlaşdırmağa imkan verir. Aquen qanunlarının çoxsaylı kilsə vergiləri haqqında verdikləri məlumat həm dini, həm də dünyəvi tarix üçün mühüm əhəmiyyətə malikdir. Bu vergilər mənşəcə Bibliya vergilərinə əsaslansa da onların adları, bəzən isə xarakterləri qismən də olsa yerli dünyəvi vergilərlə üst-üstə düşür.
Aquen məclisinin alban qanunlarında dindarlar iki kateqoriyaya bölünürlər: əyanlara — azatlara və şinakanlara. Burada şinakanlar bütün vergi verənləri nəzərdə tuturdu. Bu qanunlardan məlum olur ki, Şimali Azərbaycanın — Albaniyanın əsas vergi verən zümrəsi kəndlilər idi. Kəndin əmlaka görə təbəqələşməsi prosesi dərinləşirdi. Albaniyada üç kateqoriya kəndli vardı: varlılar, kasıblar, torpaqsızlar. Torpaqsız kəndlilər yardar — icarədarlara çevrilir və ya feodalın yanında muzdur olurdular. Ölkənin əsas istehsalçıları azad kəndlilər, icmaçılar və feodaldan asılı kəndlilər idilər.
Aquen qanunlarının XVII, XX və XXI maddələri azatlarla ruhanilər arasında iqtisadi və siyasi zəmində baş verən zümrələrarası mübarizəni özündə əks etdirir. Diqqətəlayiqdir ki, Aquen qanununda öz əksini tapmış dünyəvi və ruhani feodallar arasındakı mübarizə V əsr Albaniyasının gerçəkliyi idi. Görünür, Albaniyanın ictimai-siyasi inkişaf xüsusiyyətlərindən biri bundan ibarətdir.
Ruhanilərlə dünyəvi əyanlar arasındakı münasibətləri tənzimləyən ikinci kateqoriyadan olan qanunları (III, XVII, XVIII, XX, XXI qanunlar) nəzərdən keçirək.
Aquen kilsə məclisinin XXI maddəsində deyilir: "Əgər azat öz kilsəsində səcdəgah qurmaq və ya oraya quru cəsəd gətirmək və ya nahar ibadətini keçirmək istəsə, bunları o, mümkünsə yepiskopun icazəsi ilə etməlidir. Kim ki, bunları yepiskopun icazəsilə edir, ona uğurlar olsun. Kim ki, bunu yepiskopun icazəsi olmadan edir, o, kilsədən uzaqlaşdırılır və yepiskopa imkanı daxilində cərimə gətirir. Yalnız qanunlarda nəzərdə tutulmuş cəriməni gətirəndən sonra o, xeyir-dua ala bilər". Burada yenə də Aquen kilsə məclisinə qədərki dövrdə fəaliyyət göstərmiş, bizə məlum olmayan qanunlar xatırlanmışdır.
Aquen kilsə məclisinin X və XI qanunları nikah-ailə münasibətlərini əks etdirir. X qanunda oxuyuruq: "Heç kəs onunla üçüncü dərəcədə qohum olan qadınla evlənə bilməz və qardaşının da arvadını ala bilməz. Göründüyü kimi, qohumluğun üçüncü dərəcəsi deyildikdə, üçüncü nəsil budağı nəzərdə tutulur. Qanuna görə, nikaha qohumluğun dördüncü dərəcəsində icazə verilirdi.
Bu qanun mənşəcə birbaşa Bibliyaya gedib çıxır, belə ki, Bibliyada qohumluğun ilk üç dərəcəsində qohumlar arasında nikahlar qadağan edilmişdir.
Qanunlardan məlum olur ki, başqa xristian ölkələrində olduğu kimi, V əsrdə Albaniyada da xristianlığaqədərki adətlər və levirat (uşaqsız dul qadının mütləq qaynına ərə getməsi qaydası) hələ də qalmaqda idi. Aquen qanununun məqsədi qədim nikah adətlərinin aradan qaldırılması və xristian kilsə nikahının bərqərar olunması idi.
XI qanunda cadugərlərə müraciət olunması da qadağan edilirdi. Cadugərlik dinsizlik kimi qiymətləndirilirdi və həmin fəaliyyətə görə müqəssir olan şəxslər üçün qanunda insan öldürməyin müqabilində verilən cəza, yəni ölüm cəzası nəzərdə tutulurdu. Görünür, bu qanunun da əsasında Bibliyada olan qanun durur: "Əgər kişi və ya qadın ölüləri və ya cadugərləri çağırarsa, ölümə məhkum olunacaq, onu daşqalaq edərək, qanına qəltan edəcəklər".