Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Arıçılıq — arı məhsullarından faydalanmaq, arıya qulluq, bəsləmə, qoruma, onun daha çox səmərə verməsi istiqamətində fəaliyyətdir.
Arıçılıq – bal arılarının (Apis mellifera L.) yetişdirilməsini, çoxaldılmasını, saxlanmasını, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, arıçılıq məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsi;
Arı ailəsi – pətəkdə və ya təbii yuvalarda cəmiyyət halında yaşayan bir ana arı, on minlərlə işçi arılar və minlərlə erkək arılardan ibarət bal arıları;
Pətək – arı ailəsinin saxlandığı daşına bilən qurğu (taxta qutu, səbət və s.);
Arıçılıq təsərrüfatları – bal arılarının yetişdirilməsi, saxlanması, arıçılıq məhsullarının istehsalı və dövriyyəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məşğul olan subyektlər;
Arıxana – arıçılıqla məşğul olmaq üçün arı ailələri, zəruri avadanlıq və tikililərlə birlikdə müəyyən ərazidə yerləşdirilmiş pətəklik;
Arıçılıq məhsulları – bal arılarından alınan məhsullar (bal, mum, bərəmum (vərəmum, qaramum), arı zəhəri, arı südü, çiçək tozu, güləm, ana arı, arı beçəsi və s.);
Bal arısı cinsləri – müəyyən coğrafi ərazidə və iqlim şəraitində təbii seçmənin təsiri altında formalaşmış, nəsildən-nəslə keçən sabit və oxşar əlamətlər kompleksinə malik çoxsaylı arı ailələri qrupu;
Bal arısı populyasiyaları – müəyyən bal arısı cinsinin yayılma arealı daxilində, müvafiq coğrafi ərazidə və iqlim şəraitində özünəməxsus fərqli əlamətlər qazanmış və həmin arı cinsi ilə ümumi genofonda malik arı ailələri qrupu;
Arı cinslərinin və populyasiyalarının rayonlaşdırılması – müəyyən coğrafi, iqlim və balyığma şəraitinə daha yaxşı uyğunlaşan və yüksək məhsuldarlıq göstəriciləri ilə fərqlənən arı cinslərinin ölkə ərazisində müvafiq bölgələr üzrə yetişdirilməsinə və saxlanmasına dair bölgüsü;
Entomofil bitkilər – cücülərlə (həşəratlarla) tozlanan nektarlı bitkilər;
Balyığma mənbələri – bal arılarının təbii yem mənbəyi kimi istifadə etdiyi nektarlı və şirəli bitkilər;
Apifitoməhsul – arıçılıq məhsulları və bitki xammalı qarışığından hazırlanmış bioloji aktiv məhsul.
Arıçılıqla təbabəti bir - birinə yaxınlaşdıran amillər arı məhsullarının, o cümlədən arı zəhəri, arı südü, vərəmum və balın təbabətdə müxtəlif xəstəliklərin müalicəsindəki uğurlu nəticələridir. Buna görə də onların haqqında bəzi məlumatları oxucuların nəzərinə çatdırmaq istərdik. Çünki bu məsələ həm arıçıları, həm də təbabət işçilərini çox maraqlandırır.
Arı məhsullarının müalicə məqsədilə işlədilməsi yalnız həkim məsləhəti və nəzarəti altında aparılmalıdır.
Arılar – uçan həşaratlar ailəsinə aiddirlər. Dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir.
İşçi arının ömrü 40 gün olur. 17–18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35–40 kq təmiz bal verə bilir.
Onlar 15 km.-ə qədər yol qət edə blirlər. Arı 15 km məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara da xəbər verə bilir. Bu zaman bütün arılar həmin yerə uçurlar.
Arılar həm yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar.
Onların əmələ gətirdikləri bal faydalı qidadır.
Bal arısı koloniyalarında da kimyəvi maddələr yolu ilə qidanın qaynağını göstərmə və təhlükəni xəbər vermə davranışları müşahidə olunur. Bundan başqa ana arının genetik proqramına kodlanmış informasiya ilə sintezlənən bəzi xüsusi kimyəvi maddələr də mövcuddur. Bu qoxular vasitəsilə də işçi arıların yumurtalıqlarının böyüməsinə mane olunur. Törəmə qabiliyyəti olmayan bu işçilərə sadəcə pətəyin içində və xaricindəki fəaliyyətləri yerinə yetirmə vəzifəsi tapşırılır.
Arılar müxtəlif çiçəklərdən qida maddəsi toplayıb onları orqanizmində yenidən işləyərək qiymətli məhsullara: bal, mum, vərəmum, arı südü və s. çevirirlər.
Bal qiymətli qida məhsulu olmaqla yanaşı, həm də insanların xəstəliklərinin müalicəsində uğurla tətbiq edilir.
Mum sənayenin 40-dan artıq sahəsi: o cümlədən, metallurgiya, radiotexnika, avtomobil, aviasiya, kimya və s.üçün qiymətli xammaldır. Mum təbabətdə müxtəlif məlhəmlərin, plastırların və s.hazırlanmasında, mumdakı efir yağları ətriyyat sənayesində tətbiq olunur.
Vərəmum (yaxud arı yapışqanı) bir çox lakların istehsalında əvəzedilməz xammaldır. Son vaxtlar vərəmum təbabətdə geniş işlədilir. Arıların çiçəklərdən topladığı çiçək tozu zülal və vitaminlərlə zəngin olduğundan ondan pəhriz və bioloji stimullaşdırıcı kimi istifadə edilir. Çiçək tozunun tərkibində çoxlu miqdarda protein, sulu karbonlar, antibiotiklər, karotin, C vitamini, B, D, E vitaminlər qrupu və s.vardır. Bunlardan əlavə çiçək tozunun tərkibində fosfor, kalsium, maqnezium, dəmir və başqa mikroelementlər vardır.
Arı südü təbabətdə işlədilir. O, maddələr mübadiləsini və qan dövranını normallaşdırır. İnsan orqanizminə daxil olan arı südü ona gümrahlıq verir, iştahı artırır və orqanizmdəki nasazlıqları aradan qaldırır.
Arı zəhərindən revmatizmin, infeksion poliartritlərin, sinir sistemi xəstəliklərinin müalicəsi üçün dərman preparatları hazırlanır. Arıların entomofil (həşəratla tozlanan) bitkiləri tozlandırmaqla verdiyi xeyiri pulla hesabladıqda arıxananın mövsüm ərzində hasil etdiyi bütün məhsulların (bal, mum, vərəmum, çiçək tozu, arı südü və arı zəhəri) dəyərindən bir neçə dəfə çox olur. Bitki toxumçuluğunda, meyvə və giləmeyvə bitkilərinin, istixanada yetişdirilən tərəvəzliklərin tozlandırılmasında arılardan istifadə edilmədən yüksək və keyfiyyətli məhsul almaq mümkün deyildir.
Arı ailəsində bütün arıların işi var. Tək istisna erkək arılardı. Erkək arılar nə pətəyin qorunmasinda, nə təmizliyində, nə də qida tədarükündə iştirak edərlər. Onların pətəkdəki yeganə funksiyaları ana arını mayalandırmaqdır. Cütləşmə orqanlarından başqa digər arılarda olan xüsusiyyətlərin demək olar ki, heç birinə sahib olmadıqlarından, sadəcə ana arını mayalandırmaqla məsuliyyət daşıyırlar.
Qış aylarında pətəkdə ancaq ana və işçi arılar olur. Çünki qış gəlməmiş erkək arılar ya pətəkdən bayıra atılır, ya da öldürülürlər. Lakin qış mövsümü bitdiyində işçi arılar erkək arılar üçün pətək inşa etməyə başlayırlar. Ana arı isə şan qovuqcuğuna erkək arıları yetişdirən yumurtalarını qoyur. May ayının əvvəlində erkək arılar qovuqcuqlardan çıxmağa başlayırlar.
Ümumiyyətlə bu aylar qoca ana arının yeni arı ailəsi qurmaq üçün pətəkdən ayrıldığı və pətəkdə yeni ana arıların yetişdirildiyi aylardır. Məhz bu dönəmdə yeni yetişmiş ana arı yumurta qoymaq üçün cütləşmə uçuşuna çıxır. Bu da işçi arıların erkək arı yetişdirmə səbəblərindən biridir.
Bal arıları ailə halında yaşayırlar. Onların ayrı-ayrı fərdləri təklikdə yaşayıb çoxalma qabiliyyətinə malik deyillər. Buna görə də bal arıları üçün "ailə" bioloği təsərrüfat vahididir. Arı ailəsi bir ana arıdan, minlərlə işçi arıdan və yay vaxtı bir neçə yüz erkək arıdan ibarət olur. Yazın axırlarında əmələ gələn erkək arılar yayın axırınadək yaşadıqdan sonra ölürlər. Qışlamaya yalnız ana və işçi arılar qalırlar.
Ana arı öz böyüklüyü ilə başqalarından seçilir. Onun uzunluğu 20–25 mm, çəkisi isə 200 mq-dan artıq olur. Ana arı böyüklüyündən başqa, xarici görünüşü ilə də fərqlənir.
Cavan mayalanmış ananın qarıncığı yuxarıdan yoğun, aşağıdan isə nazik, qanadları qarıncığından gödək olur. İşçi arının qanadları qarıncığını tam örtür, erkək arının qanadları isə bədənindən uzun olur. Ana arının yumurtadan tam inkişaf dövrü 16 gün çəkir. Ana arının işçi arıdan fərqi orasındadır ki, onun cinsiyyət orqanı tam inkişaf etdikdən sonra erkək arı ilə mayalanma qabiliyyətinə malikdir.
Erkək arı ilə cütləşmiş ana mayalanmış ana adlanır. Mayalanmış ana iki cüt yumurta qoyur: mayalanmış və mayalanmamış. Mayalanmış yumurtadan ana və işçi arılar, mayalanmamış yumurtadan isə erkək arılar çıxır.
Ana arı ailəsinin şahı sayılır. Ana arı yetişib qovuqcuqdan çıxdıqdan 3–4 gün sonra erkək arı ilə cütləşir (mayalanır). Ana arı ilə erkək arının cütləşməsi havada uçuş vaxtı baş verir. Ana mayalandıqdan 3–5 gün sonra hər hazır şan qovuqcuğuna bir yumurta qoymağa başlayır. Buna arıçılar ananın yumurta qoyması, el arasında isə "ananın qurd qoyması" deyirlər. Beləliklə, bir dəqiqədə yaxşı hazırlanmış şanda ana arı 4–5 yumurta qoyur. Ana arı 20–25 dəqiqə belə işlədikdən sonra 5–7 dəqiqə dincəlir. İstirahət müddətində ana yemləyici arılardan qida qəbul edir. Cavan sağlam ana normal şəraitdə, yaz-yay aylarında gün ərzində inkişafın ən yüksək dövründə 1500–2000 və daha çox, mövsüm ərzində isə 200 mindən artıq yumurta qoya bilir. Ana arı müəyyən vaxtlarda bir gün ərzində öz çəkisi ağırlığında yumurta qoyur. Ana yumurta qoyanda yemləyici arılar onu yüksək keyfiyyətli qida ilə – arı südü ilə yemləyirlər. Arı südü yemləyici arıların baş hissəsində yerləşən xüsusi vəzilərdə ifraz olunur.
Arı ailəsində əsasən bir ana olur, bəzən də iki anaya təsadüf edilir. Belə vəziyyətdə analar bir-biri ilə qarşılaşanda ölüm-dirim mübarizəsinə çıxırlar. Ana zəhər aparatından, neştərdən yalnız bu zaman istifadə edir. Bu döyüşdə iki ananın biri, zəifi ölür və ailədə bir ana qalır. Ana arı adamı həmişə sancmır, buna görə də arıçı onu əlinə rahatlıqla götürür. Ana arının döşündən və qanadlarından tutmaq olar, lakin onun qarın hissəsinə toxunulmamalıdır. Ana arının qəflətən itməsi arıların böyük həyəcanına səbəb olur. Arılar narahat halda uçuş taxtasının üzəri və pətəyin divarları ilə hərəkət edirlər, bir qrup arı isə pətəkdən çıxaraq qısa müddətdə dövrə vurub yenidən qayıdırlar. Ana tapıldıqda onlar daha uzağa uçurlar. Bu vaxt pətəyin qapağını açıb onlara diqqətlə qulaq asdıqda orada ümumi qığıltıdan başqa (normal haldan fərqli olaraq) uğultulu səs də eşidilir.
İşçi arılar qanadlar vasitəsilə titrəyici hərəkətlər edirlər. Bu hal anası itmiş ailə üçün səciyyəvi əlamətdir. Ana arının vəzifəsi ailədə yalnız yumurta qoymaqdan ibarətdir. Ona görə də ana arının xarici və daxili orqanlarında müəyyən dəyişiklər vardır. Ana arının süfrəni yemləmə, bitki şirəsi, yaxud çiçək tozu gətirmək qabiliyyəti yoxdur. Yazın axırı və yaxud yayda pətəkdə şanın üzərində ağır-ağır hərəkət edən yumru gövdəli, uzun qanadlı erkək arılara rast gəlirik.
Erkək arıların başı başqa arılara nisbətən böyük olur. Başın yan tərəfində qabarmış iri gözlər yerləşır. Onun döşü həcmli olub, inkişaf etmiş əzələlərdən ibarətdir. Erkək arı işçi arıdan böyük, ana arıdan isə kiçik olur. Onun bədənin uzunluğu 15–17 mm, çəkisi 200 mq- dır. Erkək arı ailədə heç bir iş görmür.yalnız ana arının mayalanmasında iştirak edir. Onların təbiətdə müstəqil yem toplamaq qabiliyyəti yoxdur. Erkək arıların yaxşı inkişaf etmiş iri gözləri ona cütləşmə uçuşu zamanı cavan ananı axtarıb tapmaq, qüvvətli qanadları isə sürətlə uçub ona çatmaq imkanı verir. Erkək arının yumurtadan çıxmasından tam inkişafına qədər olan dövr 24 gün çəkir. Erkək arı uçuş zamanı çoxlu enerji sərf edir. Ona görə də onun yemə ehtiyacı çox olur. Müəyyən edilmişdir ki, 1 kq erkək arının əmələ gəlməsinə və onun 2–3 ay yaşamasına 15–20 kq bal lazımdır. Bundan əlavə hər bir erkək arının yetişməsi üçün sərf edilən yem işçi arının yetişməsi üçün sərf edilən yemdən 4 dəfə artıqdır. Buna görə də arıçılar erkək arının yetişməsini məhdudlaşdırmaq və ya onları məhv etmək üçün ciddi tədbirlər görürlər. Pətəkdə ailənin əsas sakinləri işçi arılardır. Onların miqdarı hər arı ailəsində eyni olmur. Erkən yazda qışdan çıxmış orta qüvvəli ailələrdə onların sayı 14–18 minə, yayda əsas bal yığımına yaxın qüvvəli ailədə işçi arıların sayı 30–40 və hətta 60–70 minə çatır.
İşçi arılar ailədə ən kiçik arılardır. Onların uzunluğu 12–15 mm, çəkisi isə 90–110 mq olur. Bu hesabla 1 kq çəkiyə 9–11 minə qədər işçi arı düşür. Ailədə olan bütün işçi arılar iki qrupa – yuva daxili cavan arılara və çöl yaşlı arılara ayrılırlar. Uçmayan pətək arılarına 18–20 günlüyədək arılar aiddir. Onlar pətək daxilində olan işləri görürlər. Yuva daxili arılar (yalnız) təmizlik uçuşuna və ailənin yerləşdiyi yerə bələd olmaq üçün uçuşlara çıxırlar. Yaşlı çöl arılarına isə 18–20 günlükdən yuxarı olan arılar daxildir. Onlar uzaq məsafəyə uça bilir və yaxşı sakit havada ailənıi yemlə təmin etmək üçün çiçək tozu və çiçək şirəsi (nektar) toplayırlar. İşçi arılar dişi cinsiyyət orqanına malikdirlər. Lakin onların cinsiyyət orqanı tam inkişaf etmədiyindən erkək arılarla cütləşib mayalana bilmirlər. Beləliklə, işçi arılar dişi arılar sayılsa da, onlarda nəsil artırmaq qabiliyyəti yoxdur. Buna baxmayaraq onlarda analıq instinkti yaxşı inkişaf etmişdir. Bu da onların həvəslə balanı yetişdirməsində və bəslənməsində özünü göstərir. İşçi arıılar yumurtadan 21 gün müddətində inkişaf edərək yetkin arıya çevrilir.
İşçi arılar bala yetişdirməkdən əlavə pətəkdə müxtəlif işlər görürlər: -yaşadığı yeri təmizləyir, -şan hörür, -nektar və çiçək tozu toplayır, -ailəni su ilə təchiz edir, -yuvanı düşmənlərdən qoruyur, -pətəyin yuvasını təmizləyir və s..
Arı ailəsində iş bölgüsü çox nizamla təşkil olunmuşdur. Hər bir işçi arı yaşından asılı olaraq müxtəlif işləri icra edir. Belə ki, yenicə qovucuqdan çıxmış arılar 3 günlüyədək qovucuqları təmizləyir, və onun divarını cilalayırlar. Təmizlənmiş qovucuğu ağzının suyu ilə şirələyirlər. Ağız şirəsi sürtülməmiş qovuqcuğa ana yumurta qoymur. Bundan əlavə bu arılar şandakı balaların inkişafını təmin etmək üçün şanı qızdırırlar. 3–7 günlüyə kimi cavan arılar yuvada nəmliyin və rütubətin nizamlanmasında iştirak edirlər. Bundan əlavə işçi arılarda 3–13-cü günlərdə mum ifrazatı vəziləri fəaliyyətə başlayır. Belə arıların əsas işi şan hörməkdir. Ömrünün 12–22-ci günlərində arılar sürfələri qidalandırır və nektarı bala çevirirlər. Bundan sonra yaşlı arılar çöl işləri ilə məşğul olurlar. Qüvvəli arı ailəsi yaz-yay mövsümündə 3–5 kq-a qədər mum hasil edirlər. Arılar özünəməxsus keşik də çəkirlər. Bunu yaşlı arılar yerinə yetirirlər. Onlar pətəyin giriş bacası yanında keşık çəkərək düşmən girərkən onun üstünə hücum edirlər. Arılar balın əsas oğruları olan cır arıları, qarışqa və milçəyi xarici görünüşünə görə, oğru bal arılarını isə bığcıqları ilə tanıyırlar. Arılar 18–20 günlükdən sonra artıq uzaq məsafələrə uçuşlar edə bilirlər. Ona görə də bu vaxtdan etibarən onlar nektar və çıçək tozu toplamaqla məşğul olurlar.
Erkək arılar heç bir iş bacarmadıqları halda, ana arı ilə cütləşənədək işçi arılar onlara çox qayğı göstərirlər. Pətəkdə yaşayan və sayı 400–500-ə qədər olan erkək arılardan sadəcə birini bəsləmək üçün, 5–6 işçi arı heç dayanmadan işləməlidir. Yəni pətəkdəki 2–3 min işçi arının müəyyən bir müddət üçün vəzifəsi erkək arıları bəsləməkdir.
Əslində ana arının cütləşməsi üçün ən çox 10 erkək arı bəs edir. Buna baxmayaraq arı ailəsində yüzlərlə erkək arı yetişir. Pətəkdə ediləcək işlər çox olsa da, işçi arıların bir qismi bütün vaxtlarını ancaq erkək arıların baxımına sərf edirlər. Bu çox vacib vəzifədir. Çünki ana arı cütləşmək üçün uçduğunda, mütləq erkək arı tapmalıdır. Arıların cırcırama kimi düşmənlərinin olmasını və erkək arıların özünümüdafiə üçün zəhər və ya iynəsinin olmamasını nəzərə alsaq, onların çox olmalarının əhəmiyyətini anlayarıq. Heç bir işə yaramayan erkək arıların işçi arılar tərəfindən xüsusi diqqətlə qorunması, pətəyin təhlükəsizliyi baxımdan alınan vacib tədbirdir. Əlbəttə ki, bu tədbirin məqsədi vardır. Burda əsas məqsəd pətəyin davamlı olmasını təmin etmək və ana arıların cütləşməsini riskə atmamaqdır.
Ana arı ilə erkək arı yüksək yerdə rastlaşırlar. Cütləşmə zamanı erkək arının sperma kisəciyi və bütün erkəklik orqanları bədənindən ayrılır. Onlar cütləşməni yerinə yetirdiyi an tələf olurlar. Ana arı ilə cütləşə bilməyən digər erkək arılar da çox yaşamırlar. Erkək arılar ancaq yazda və yayın əvvəlində yaşayırlar. Sonra işçi arılar tərəfindən məhv edilirlər. Cütləşmə dövrü başa çatdıqda, istilər artır, çiçəklərdəki şirə azalmağa başlayır və işçi arıların erkək arılara münasibəti də dəyişir. İşçi arılar cütləşmə dövründə erkək arıların qayğısına xüsusi diqqətlə qalırlar. Cütləşmə dövrü bitdikdən sonra erkək arıların qanadlarını qoparıb, onlara hücum etməyə başlayırlar. Onlar bir şey yemək istəsələr, işçi arılar onları qüvvətli çənələriylə antenlərindən və ya ayaqlarından tutub pətəyin çıxışına sürüyür və çölə atırlar. Pətəkdən qovulan erkək arılar ac qaldıqları üçün çox qısa müddət ərzində ölürlər, çünki qida axtarmaq qabiliyyətindən məhrumdurlar. Dişi arılar (ana və işçi) erkək arılar pətəkdən çıxarıldığı andan gələn yaya qədər olan müddət ərzində öz-özləri ilə qalırlar.
Azərbaycanın arı genofondunu iki arı növü – Bozdağ Qafqaz arısı və Sarı İran arısı təşkil edir. Bozdağ Qafqaz arısının Qabaqtəpə və Şahdağ populyasiyası, Sarı İran arısının isə Lənkəran və Sarı İran populyasiyası var.
Bozdağ Qafqaz arı cinsi öz sakitliyinə və xortumunun uzunluğuna görə Sarı Qafqaz arı cinsindən fərqlənir. Ən uzun xortumlu arılardan biri də Qabaqtəpə arı populyasiyası hesab olunur. Bunu ilk dəfə 1906-cı ildə Qorbaçov soyadlı alim Şəkidə Qabaqtəpə kəndində olanda aşkar edib. Sonra dünyada məşhurlaşan Qabaqtəpə arılarından ana arını Amerikaya aparıb. Keçmiş ittifaq dövründə Qabaqtəpə arılarının yetişdirilməsi üçün qoruq və stansiyalar yaradılmışdı. Burada yetişdirilən ana arılar dünyanın 40-a qədər ölkəsinə göndərilib.
Bu populyasiylar içərisində isə yerli arı genofondumuzun "qızıl arısı" sayılan Qabaqtəpə arısı xüsusilə seçilir. "Qızıl arı" məşhur Bozdağ Qafqaz arısının bütün müsbət xüsusiyyətlərini özündə cəmləməklə yanaşı, ondan üstün olaraq yüksək sürətlə inkişaf etmək, soyuq qışı keçirmək, küləkli iqlim şəraitinə uyğunlaşmaq, böyük floramiqrasiya göstəricisi ilə seçilmək kimi müsbət xüsusiyyətlərə malikdir. Başqa arılardan fərqli olaraq, bu qiymətli seleksiya materialı sancmaya həvəsli deyil, beçəvermədən asan qayıdır, gün ərzində nektar ardınca uçuşa tez başlayıb, gec qurtarır. Nektar bolluğu olan rayonlarda bu arılar digər arı cinslərindən çox bal toplayır ki, bu xüsusiyyətlər də onun yüksək məhsuldarlığını şərtləndirən əsas cəhətlərdəndir. Lakin çox təəssüf ki, qeyri-məqbul aqrar siyasəti nəticəsində "qızıl arı"nın gələcək mövcudluğu təhlükə altındadır.
Sarı Qafqaz arı cinsindən olan Sarı İran və Lənkəran arı populyasiyaları isə Lənkəran-Astara bölgəsində, həmçinin Yardımlı, Lerik-Cəbrayıl, Zəngilan və Naxçıvanda yayılıb.
Bal arıları cəmiyyət halında yaşayan həşəratlardan olmaqla, onlarda qida mənbəyini bir-birinə bildirmək qabiliyyəti olduqca maraqlı və onların yaşayışı üçün vacib hadisələrdəndir. Normal arı ailəsində adətən bir ana olur. O, nə qədər ki, sağlamdır, ailənin bütün üzvləri normal fəaliyyət göstərirlər. Ailənin üzvləri daim arıya xidmət edən arılardan ananın ifraz etdiyi səciyyəvi ana maddəsi vasitəsilə onun ailədə olub-olmamasını müəyyənləşdirirlər. Səciyyəvi iyə malik olan ana maddəsi ailənin normal yaşayib fəaliyyət göstərməsində əsas rol oynayir. Yuvanın yuxarı hissəsində pətəyin havasının müəyyən səviyyədə qalmasını nizamlayan bir qrup arılar dayanır.
Ana maddəsi çöldən gələn arıları tanımaq üçün kömək edir. Pətəyə yad arı daxil olan kimi keşikçi arılar tərəfindən həyəcan siqnalı verilir və onlar sancma tikanını hazır vəziyyətə gətirib qanadlarını çırparaq xüsusi qoxunu pətəyə yayır. Ana arı mayalanma uçuşu edən zaman xüsusi qoxu vəzisinin iyini yaymaqla erkək arıları özünə cəlb edir. Həmin qoxu vəzləri üst çənə nahiyəsində yerləşir.
Arıların fəaliyyətindəki ən qəribə və maraqlı cəhət onların qida mənbəyinin yerləşdiyi istiqaməti və məsafəni, habelə yeni çixmiş beçənin harada yerləşəcəyini bir-birinə bildirməsidir. Belə ki, kəşfiyyatçi arılar pətəkdən 50–100 m məsafadə qida mənbəyi tapdıqda onlar pətəyə qayıtdıqda xüsusi "dairəvi" rəqs edirlər. Başqa qida toplayan arılar da kəşfiyyatçi arıların rəqsini təkrar etməklə onların tapdıqları çiçəyin qoxusunu hiss etməyə çalışırlar.
Əgər qida mənbəyi 100 metrdən uzaqdırsa, o zaman arı qarıncığını bulamaqla rəqs edərək qida mənbəyinin pətəkdən hansi istiqamətdə və məsəfədə olduğunu pətəkdəki arılara bildirir. Bu zaman rəqs edən arının şan üzərindəki qaçışı geniş səkkizvari olub, onun ortasından keçərək qarincığını bir tərəfdən digər tərəfə bulayıcı hərəkət etdirir. Məsafə müəyyən vaxt ərzində düz xətt boyunca qaçışın və qarıncığın bulayıcı hərəkətlərinin sayı ilə bildirilir.
Düz xətt boyunca qaçışın miqdarı nə qədər az və qarıncığın bulayıcı hərəkəti çox olarsa, qida mənbəyi də o qədər uzaqdadır. Bu yolla arılar qida mənbəyinin 10 km-dək məsafədə olduğunu bir-birinə bildirirlər. Qida mənbəyinə doğru uçuşun istiqaməti arının şan üzərindəki qaçışının istiqamətilə göstərilir. Adi halda arılar qaranlıq pətəkdə şaquli yerləşən şan üzərində rəqs edirlər.
Pətəkdən qida mənbəyinə günəş istiqamətinə uçmaq lazım gələrsə, bu zaman rəqs edən kəşfiyyatçı arı düz xətt boyu aşağıdan yuxarıya, günəşdən əks tərəfində yerləşdikdə isə düz xətt boyu yuxarıdan aşağıya doğru qaçır. Qida mənbəyinə doğru uçuş günəşə görə müəyyən bucaq altındadırsa, düz xətt boyu qaçış da şaquli xəttə görə müvafiq bucaq altında olur. Başqa sözlə, uçuşu istiqamətləndirən görmə bucağını qaçış xətti ilə qüvvəsinin istiqaməti arasındaki bucaq əmələ gətirir.
Mövzuyla əlaqədar elm adamlarının vardıqları nəticə arıların az da olsa hesablamada səhv etdikləri olmuşdur. Şotlandiyalı riyaziyyatçı Colin MacLaurin (1698–1746) isə bu izahlarla razılaşmayaraq təcrübəni təkrarlamışdır. Və tapdığı nəticə budur: Konig və qrupu loqarifm cədvəlində edilən kiçik bir səhv səbəbiylə 0.02 dərəcəlik fərq meydana gətirəcək səhv hesabat aparıblarmış. (G. Mansfield, Creation or Chance! God's purpose with mankind proved by the wonder of the universe, Logos Publications)
Azərbaycanın arıçılıq təsərrüfatlarında arılar, əsasən, açıq havada, qışı soyuq keçən rayonlarda isə qışlama binalarında saxlanır. Arıların qışlamasına hazırlıq onların fəallaşdığı yaz və payız mövsümündən başlayır. Bu vaxt köhnə, qaralmış və kiflənmiş şanlar yuvadan çıxarılır və məhsul toplandığı vaxt arılara yeni şanlar hördürülür. Yayda ana arı dəyişdirilir, ailə qüvvətləndirilir, qış üçün yem ehtiyatı yaradılır. Xəstəliklərin qarşısını alan müalicə və profilaktika tədbirləri görülür. Payızda arı yuvası yem ehtiyatı ilə komplektləşdirilir. Yuvada hər çərçivə aralığında olan arılar üçün 1,5 kq gəzəngi qarışığı olmayan bal (onun bir hissəsi şəkər şərbəti ilə əvəz edilir), arı ailəsi üçün 2 çərçivəyədək güləm saxlanır. Yuva qısaldılır, şanlar çıxarılır, pətəyin içərisi yanlardan, üstdən və alt tərəfdən pambıq döşəkçə, keçə və s. materiallarla örtülür. Yaza qədər hər arı ailəsi üçün şanda 5–6 kq bal saxlanılır.
Təsadüfü deyil ki, çiçək tozunu kosmonavt yeməyi də, cavanlıq eliksiridə adlandırırlar. Güləm bir çox xəstəliklərin müalicəsində və profilaktikasında istifadə olunur. Bundan başqa o, orqanizmə müsbət təsir göstərən biostimulyator olmaqla yanaşı, kişilərdə cinsi zəiflik zamanı əvəzsiz müalicəvi təsirə malikdir.
Bir canlının öz təhlükəsizliyini düşünmədən, birlikdə yaşadığı qrup üzvlərinin təhlükəsizliyini və rahatlığını təmin etməyə çalışmasının ancaq belə açıqlaması ola bilər: Arı pətəyində gözlənilən nizam, üstün ağıl sahibi yaradıcı tərəfindən müəyyən olunub. Bu yaradıcı pətəkdəki arılara ayrı-ayrı vəzifələr verib. Arılara nə edəcəklərini ilham edən Uca yaradıcı, Allahdır.
Yer üzündəki bütün canlılar kimi erkək arılar da onları yaradan Allahın əmrinə itaət edərək cütləşmə uçuşuna çıxır və ölsələr belə pətəyin varlığını qoruyurlar.
Allah arıların digər bütün canlılar kimi Onun vəhyi ilə hərəkət etdiklərini ayələrində belə açıqlayır:
"Rəbbin bal arısına belə təlqin etdi: "Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör." (Nəhl Surəsi, 68–69)
"… (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. " (Nəhl Surəsi, 68–69)