Argentinanın dövlət quruluşu - 1853-cü ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
Məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik Respublikadır. Milli bayram günü olan Müstəqillik Günü 1816-cı il 11 noyabr tarixindən qeyd olunur. Ölkə Konstitusiyası 1853-cü ildən (1860, 1898, 1957, 1994-cü illərdə edilmiş düzəlişlərlə) qüvvədədir.
23 əyalətə (Korrientes, Santa-Krus, Mendosa, Kordova, Santa-Fe, Katamarka, Rio-Neqro, Sanxuan, Salta və s.) və 1 muxtar paytaxt dairəyə (Buenos-Ayres) bölünür.
Ölkə Prezidenti dövlət və hökumət başçısıdır və təyin etdiyi Nazirlər Kabinetinə rəhbərlik edir (Kabinetin başçısı 10 dekabr 2011-ci ildən Xuan Manuel Abal Medinadır). Prezident ümumxalq səsverməsi yolu ilə iki dəfədən çox olmamaq şərti ilə 4 il müddətinə seçilir. Senatın (Parlamentin Yuxarı Palatası) sədri ölkənin vitse-prezidenti sayılır.
Hökumət üzvlərinin və Ali Məhkəmənin hakimlərinin təyin və yaxud azad edilməsi, qanunların imzalanması və dərc edilməsi, beynəlxalq müqavilə və sazişlərin imzalanması, silahlı qüvvələrin ali baş komandanı olaraq fövqəladə və müharibə vəziyyətinin tətbiqi, amnistiya verilməsi və s. mühüm məsələlər dövlət başçısının səlahiyyətlərinə aiddir.
Hazırkı, 55-ci ölkə Prezidenti 10 dekabr 2007-ci ildən etibarən Qələbə Uğrunda Cəbhənin lideri Kristina Fernandes de Kirşnerdir (23 oktyabr 2011-ci ildə keçirilmiş son prezident seçkilərində xanım Kirşner 54.11 % səs toplayaraq yenidən dövlət başçısı seçilmişdir).
İki palatalı orqan olan Milli Konqresdir. Konqres 2 palatadan - 72 yerlik Senatdan (Yuxarı Palatanın sədri Amodo Boudoudur, o, eyni zamanda 10 dekabr 2011-ci ildən ölkənin sayca 35-ci vitse-prezidentidir) və birbaşa ümumxalq səsverməsi yolu ilə 4 il müddətinə seçilən 257 yerlik Deputatlar Palatasından (tərkibinin 1/2 hissəsi hər iki ildən bir yenilənən Aşağı Palatanın sədri 06 dekabr 2011-ci ildən Julian Dominqesdir) ibarətdir.
Mövcud konstitusiyaya əsasən, Parlament və İcra hakimiyyəti bir-birindən tam müstəqil, qarşılıqlı məsuliyyəti və öhdəliyi olmadan fəaliyyət göstərirlər.
Qanunvericilik fəaliyyəti ilə yanaşı, Konqres dövlət büdcəsinin təsdiqi, vergilərin müəyyən edilməsi, beynəlxalq müqavilələrin ratifikasiyası və s. məsələlər üzrə səlahiyyətlidir.
2011-ci ilin oktyabrında hər iki palataya keçirilmiş son seçkilərin nəticəsində Milli Konqresdə yer almış ölkənin əsas siyasi partiyaları:
Magistratura Şurasının təqdimatı və Senatın razılığı ilə Prezident tərəfindən təyin edilən 9 hakimin yer aldığı Ali Məhkəmə tərəfindən həyata keçirilir.
Ölkədə federal məhkəmələrlə yanaşı, ixtisaslaşmış və əyalət məhkəmələri də fəaliyyət göstərir.