Ari Aster 15 iyul 1986-cı ildə Nyu-York şəhərində yəhudi ailəsində anadan olub. Anası şairə, atası isə musiqiçidir.[2][3] Onun kiçik qardaşı var.[4]Ari ilk filmini dörd yaşında izlədiyini xatırlayır, bu film "Dik Treysi" olmuşdur.[5] Filmdə atışmanın olduğu səhnələrdən biri Arini çox qorxutmuşdu. O, oturacaqdan tullanaraq Nyu-Yorkda altı məhəllə qaçmış, anası isə onun arxasınca düşmüşdür. Ari uşaq olanda ailəsi qısa müddət üçün İngiltərəyə köçüb. Atası burada, Çesterdə caz gecə klubu açmışdı. Ari 10 yaşında ailəsi ilə birlikdə ABŞ-ə qayıtmış və uşaqlığının qalan hissəsini Nyu-Meksiko ştatının Albukerke şəhərində keçirmişdir.[6][7][8]
Ari Aster uşaq ikən yazıçı olmaq istəyirdi. O, ssenarilər yazaraq film çəkməklə maraqlanmağa başlayıb. Ari məktəbi bitirməzdən əvvəl artıq altı film ssenarisi yazmışdı.[9] O, uşaqlıqda qorxu filmlərini çox sevirdi. Onları tez-tez video mağazadan icarəyə götürürdü. Ari bu haqda deyib: "Ziyarət etdiyim hər bir video mağazada mövcud olan bütün qorxu filmləri almışdım və hər birini izləmişdim. Bundan sonra öz ssenarilərimi yazmağa başladım". O, 2004-cü ildə Santa Fe Kollecində kino təhsili almağa başlayıb. Eyni zamanda Nyu-Meksikoda fəaliyyət göstərən "Weekly Alibi" adlı jurnalda yazıçı kimi işləyib.[10] O, 2008-ci ildə kolleci başa vurub, bunun ardınca AFİ Konservatoriyasının magistratura proqramına daxil olub. 2010-cu ildə buradan rejissorluq üzrə diplom qazanıb.[11][12][13]
Ari Aster rejissorların və tənqidçilərin hər 10 ildən bir sevimli filmlərini seçdiyi "Sight & Sound" film sorğularının 2022-ci il buraxılışında iştirak edib. Onun seçditi filmlər bunlardır: "Sansho the Bailiff", "Vertigo", "Səkkiz yarım", "Persona", "Playtime", "Barri Lindon", "Raging Bull", "Shoah", "Songs from the Second Floor" və "A Serious Man". Ari həm də sənətə konkret qiymət və ya sıralama müəyyən edib təyin etməyə çalışmağın mənasız və nəticəsiz iş olduğuna inanır.