Assimilyasiya və ya uyuşma — səs uyuşması səslərin sonluq və başlanğıc mərhələlərinin əsasında baş verir.
Bir səs başqa səsə təsir göstərir, onu öz məxrəcinə uyğunlaşdırır. Məsələn: şəhərli–şəhərri, anlamaq–annamax və s. Səsin başqa səsə təsirinin nəticəsinə görə uyuşma iki cür olur: tam uyuşma, natamam uyuşma. Tam uyuşmada bir səs o biri səsi öz məxrəcinə çevirir. Məsələn: sönməz–sömməz, çıxarlar–çıxallar və s. Natamam uyuşmada bir səs o biri səsə təsir edib onu öz məxrəcinə yaxınlaşdırır. Məsələn: qızlar–qızdar, qaçdı–qaşdı və s. İstiqamətinə görə uyuşma iki cür olur: irəli uyuşma, geri uyuşma. İrəli uyuşmada əvvəl gələn səs sonrakı səsə təsir edir, öz məxrəcinə uyğunlaşdırır. Məsələn: bazarlıq–bazarrıx, gözlə–gözdə və s.
Geri uyuşmada sonra gələn səs əvvəlki səsə təsir edir, onu öz məxrəcinə uyğunlaşdırır. Məsələn: baxırlar–baxıllar, rusca-ruçca və s. Uyuşma hadisəsi samitlərin bir-birinə təsiri zəminində baş verir. Bu baxımdan samitlərin əlamətinə görə səs uyuşmasının dörd tipini fərqləndirmək olar:
1. Samitlərin əmələgəlmə yerinə görə səs uyuşması. Məsələn: qanmaz–qammaz, yanmaz–yammaz və s.
2. Samitlərin əmələ gəlmə üsuluna görə səs uyuşması. Məsələn: getsə–gessə, dincdir–dinjdir və s.
3. Səs tellərinin iştirakına görə səs uyuşması. Məsələn: yazsa–yassa, südsüz–sütsüz və s.
4. Yumşaq damağın vəziyyətinə görə səs uyuşması. Məsələn: oğlanlar–oğlannar, səndən–sənnən və s.[1]