Atatürk evi muzeyi — geniş yayılmış fikrə görə Mustafa Kamal Atatürkün 1881-ci ildə Salonikidə doğulduğu və bu gün muzey kimi istifadə edilən ev.
Saloniki bələdiyyəsi, Türkiyə Respublikasının 10 illiyi münasibətilə 1933-cü ildə evi satın alaraq Mustafa Kamala hədiyyə etmək qərarını vermiş; satınalma işləri tamamlanıb hədiyyə edilməsi 1937-də baş tutan ev 1953-də muzey olaraq açılmışdır.[1]
Ev-muzeyi ildə 50 mindən artıq insan ziyarət edir.[2] Evin bağçasında Atatürkün atası Əli Rza Əfəndi tərəfindən əkildiyi rəvayət olunan tarixi nar ağacı, tarixi və mədəni dəyəri səbəbilə muzeyin ən çox diqqət çəkən nöqtələrindəndir.[3]
Ev 2011-də Yunanıstan Mədəniyyət Nazirliyi tərəfindən "müasir abidə" kimi təsdiq edilmişdir.[4]
"Agiu Dimitriu məhəlləsi, Apostolu Pavlu pr.17" ünvanında yerləşən evin Osmanlı dönəmindəki ünvanı "Koca Kasım Paşa məhəlləsi, İslahane prospekti və ya Numan Paşa prospekti" şəklindədir.[2]
Atatürkün 100 illiyi münasibətilə türk xalqının atasına sevgi və hörmətinin dəlili olaraq Salonikidəki Atatürk evinin eyni plan və ölçülər içərisində bir surəti, Ankara Ticarət Palatasının dəstəyi ilə Çarmıqlı qardaşları tərəfindən Atatürk Meşə Fermasının ərazisində inşa etdirilərək 1981-ci il 10 noyabr günü mərasimlə ziyarətə açılmışdır. Bu fəaliyyətlər çərçivəsində Əkinçi Atatürk Abidəsi də ucaldılmışdır. Atatürk evi Atatürk Meşə Ferması idarəsi tərəfindən idarə olunmaqdadır.
Ovçular Anbarlı Məhəlləsində yaradılan bu monumental əsər, Atatürkün Salonikidə doğulduğu ev model alınaraq hazırlanmışdır. Əli Külək və Tuncay Gürpınarlı tərəfindən Atatürkün Salonikidəki evi layihələndirildikdən sonra, Memar Müslüm Kaptan tərəfindən Ankara, Sivas və Ərzurumda araşdırma gəzintiləri aparılaraq lazımi məlumat və sənədlər toplandı. Orijinalına sadiq qalınaraq yaradılan bu əsər üçün 650 milyard lirə xərclənmişdir.