Ateni Sioni kilsəsi (gürcü: ატენის სიონი) VII əsrin əvvəllərində tikilmiş olan gürcü pravoslav kilsəsidir. Qori şəhərindən 10 km cənubda, tarixi Ateni şəhərinin də yerləşdiyi yer olan Tana çayının vadisində yerləşir. Kilsəyə adı verilmiş olan "Sioni" sözü Yerusəlimdəki Sion dağından götürülmüşdür.
Xristianlıq/Gürcü Pravoslav Kilsəsi | |
Ateni Sioni kilsəsi | |
---|---|
ატენის სიონი | |
Din | |
Növü | Kilsə |
Yerləşməsi | |
Ölkə | Gürcüstan |
Bölgə | Şida Kartli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sioni dörd nişli və apsisli kilsələrin ilk nümunələrindən biri hesab olunur.[1] Dörd apsisin arasında üç ədəd də dörddə bir niş vardır. Bu nişlər mərkəzi sahəyə açıqdır. Kilsənin xaç şəkilli interyerinin ölçüləri 24 x 19,22 metrdir, kilsənin fasadları yaşılımtıl və düzbucaqlı oyulmuş boz daşlarla üzlənmişdir. Kilsənin fasadı zəngin bəzəklərlə və obrazlı relyeflərlə bəzədilmişdir. Kilsənin dəqiq tarixi məlum deyildir, lakin onun dizaynı Mesxetidəki Cvari monastırına çox oxşayır.[2] Ümumiyyətlə Cvari kilsəsinin daha qədim bir kilsə nümunəsi olduğu iddia edilir. Buna görə də bəzi sənət tarixçiləri bu kilsə tipini “Cvari tipli” kilsə adlandırırlar.[3] Kilsənin cənub fasadındakı kitabədə yazılmış “Mən bu müqəddəs kilsənin yaradıcısı Todosak” yazısındakı adı qeyd olunan Todosak orijinal kilsənin erməni memarı hesab olunur.[4] Başqa bir ehtimala görə isə Todosak X əsrdən sonra kilsəni təmir etdirən şəxsdir.[5]
Kilsənin divarlarında gürcü əlifbasının ilk variantlarından biri hesab olunan Nuşuri və ya "Nuşa-Hutsuri"nin 835-ci ilə aid ilk məlum nümunələri vardır. Müasir dövrdə istifadə edilən gürcü əlifbasının Mhedruli versiyasının ilk nümunələri də yenə Ateni Sioni kilsəsindən tapılmışdır və 980-ci illərdə yazıldığı güman edilir. Kilsədəki yazılmış olan yazılardan biri I Aşotun atası, ilk sənədləşdirilmiş gürcü Baqratid zadəganı və Gürcüstanın yeni kral nəslinin ilk zadəganı olan I Adarnasenin xatirəsinə ithaf edilmişdir.
Kilsənin yanında orta əsrlərə aid qalalı Ateni şəhərinin (müasir Didi Ateni və Patara Ateni kəndləri) xarabalıqları yerləşir.[6]