Atlas sidri

Atlas sidri (lat. Cedrus atlantica) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin sidr cinsinə aid bitki növü.

Atlas sidri
Elmi təsnifat
Beynəlxalq elmi adı

Vətəni Əlcəzair və Şərqi Mərakeşdir. Dəniz səviyyəsindən 1350–2000 m yüksəklikdə bitir.

Hündürlüyü 40 m olan ağacdır. Çətiri yuxarıdan azca əyilən, aşağıdan enliləşən konusvarıdır. Budaqları iti bucaq altında gövdədən ayrılır və müxtəlif istiqamətlərə budaqlanır. İynəyarpaqları mavi-yaşıl, yaxud gümüşü-boz olur, 3-4 tərəfli, iynəli, 30-40 iynəyarpaq qısa zoğlar üzərində dəstələrlə toplaşır; böyümə zoğlarında isə tək-tək yığılır. Silindrik-yumurtaşəkilli, möhkəm, parlaq, açıq-qonur qozaları üçüncü il yetişir, uzunluğu 10 sm-ə qədərədir.

Torpağın münbitliyinə və rütubətinə az tələbkardır, lakin əhəngli və həddən artıq rütubətli torpaqlara davam gətirmir. Qaza, tüstüyə davamlıdır. Istisevəndir, soyuğa, zərərverici və xəstəliklərə davamlıdır.

Oduncağından alınan sidr yağı balzam ətirlidir, tərkibində karbohidrogenlər, sedrol, sekviterpenlər var. Bu qiymətli ekstrakt kosmetik və mülicəvi vasitə kimi istifadə edilir. Sidr yağı insan tərəfindən bitkilərdən alınmış ilk aromatik yağ olmuşdur.

Azərbaycanda Mərkəzi Nəbatat Bağında, Mərdəkan dendrarisində introduksiya edilib. Abşeron, Zaqatala, Quba, Lənkəran və s. yerlərdə mədəni şəraitdə becərilir.