Avlabar mətbəəsi

Mətbəə binası.

Avlabar mətbəəsiRusiya SDFP Qafqaz İttifaq Komitəsinin gizli mətbəəsi.

Mətbəə 1903-cü ildə Tiflis şəhərinin Avlabar məhəlləsində yaradılmışdır. Bu, yer altında idi, mətbəəyə su quyusu ilə düşüb-çıxırdılar. RSDFP Qafqaz İttifaqının 1904-cü ildə keçirilən III qurultayının Avlabar mətbəəsinin gücünü artırmaq qərarı ilə əlaqədar, 1904-cü ilin yayında Bakı şəhərindən Tiflisə Auqsburq sistemli sürətli çap maşını gətirilmişdi. Avlabar mətbəəsində Vladimir Leninin "Proletariatın və kəndlilərin inqilabi-demokratik diktaturası", "Kənd yoxsullarına" əsərləri, RSDFP-nin Proqram və Nizamnaməsi, vərəqə və intibahnamələr çap olunmuşdur. "Proletariatis brdzola" (Proteletariatın mübarizəsi), "Proletariatis brdzonlis purseli" (Proletariatın mübarizə vərəqəsi) qəzetləri də burada çap edilmişdir. Avlabar mətbəəsində çap olunan məqalə, vərəqə və intibahnamələri Qafqaz İttifaqı Komitəsinin üzvləri – Mixail Sxakaya, Aleksandr Sulukidze, İosif Stalin, Stepan Şaumyan, Vladimir Borbovski, F. Maxaridze və başqaları hazırlayırdılar. Mətbəədə materiallar rus, gürcü, erməni dillərində çap edilir və Cənubi Qafqazda, həmçinin Rusiyada yayılırdı. Qafqaz İttifaq Komitəsinin göstərişi ilə Avlabar mətbəəsi Yelizavetpol (indiki Gəncə) bolşevik qrupu üçün vərəqələr çap olunurdu. 1905-ci ilin yayınadək ümumi tirajı 9,600 nüsxə olan 5 vərəqə nəşr edilmişdi. 15 aprel 1906-cı ildə jandarm mətbəəni dağıtmışdır. Sovet dövründə Avlabar mətbəəsi bərpa olunmuş və 1937-ci ildən burada tarixi abidə-muzey fəaliyyət göstərmişdir.[1]

  1. Авлабар мәтбәәси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 41.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Авлабарская нелегальная типография Кавказского союзного комитета РСДРП (1903—1906). Сборник материалов и документов. Тбилиси, 1954.