Avstriya-İtaliya müharibəsi — 1848-1849-cu illərdə İtaliyanın xarici ağalıqdan qurtulması uğrunda müharibə. Bu müharibə həm də İtaliyanın birinci istiqlaliyyət müharibəsi adlanır.
Avropadakı 1848-1849-cu illər inqilabları müharibəyə təkan verdi. İtaliya xalqının feodal-mütləq qaydalara qarşı milli-qurtuluş hərəkatından və mübarizəsindən başlandı. İtaliya 17 mart 1848-ci ildə Avstriya əleyhinə üsyan qaldıran Venesiya vilayəti özünü respublika elan etdi. 18 martda Milanda üsyan qalxdı. Üsyan günlərində yaradılan milli qvardiya dəstələri avstriyalı qoşunları gərgin döyüşlərdən sonra şəhərdən qovdu. Bütün Lombardiya avstriyalılara qarşı qalxdı. Hərbi yardım almaq ümidi ilə, Lombardiya, bəzi Venesiya əyalətləri, Parma və Modena özlərinin Sardiniya krallığına (Pyemont) birləşməsini elan etdilər.
Sardiniya kralı Karl Albert 23 mart 1848-ci ildə Avstriyaya müharibə elan etməyə məcbur oldu. Başqa italyan dövlətlərinin hökumətləri Pyemonta dəstəklərini bildirdilər. Bütün İtalyanı vətənpərvər canlanma bürüdü. Avstriyalılarla Lombardiyada vuruşmaq üçün könüllü dəstələr yaranırdı. Cüzeppe Qaribaldinin başçılığı altında olan könüllülər xüsusi ilə seçilirdi. 1848-ci ilin mart–aprelində avstriyalılar Lombardiyanın şərq hissəsinə - Veronaya sıxışdırıldı. Lakin italyan qoşunları yetərincə döyüş bacarığına malik deyildilər: zəif hazırlanmış, pis silahlanmışdılar, süvari və topçular çatışmırdı. Bundan başqa, Karl Albert və onun ətrafı xalqın inqilabi yüksəlişindən qorxuya düşmüşdülər. Yaya doğru təşəbbüs avstriyalıların əlinə keçdi. Venesiya vilayətindən yürüşə başlayıb avstriyalılar Lombardiyaya tərəf irəlilədilər. İyulun 25-də Kustoçedə böyük vuruşma baş verdi. Radetskinin 52 minlik avtriyalı ordusu cinah zərbələri ilə 44 minlik sardiniyalı ordunu qaçmağa məcbur etdi. Sonrakı iki sutka ərzində sardiniyalılar tam məğlub oldular. 9 min adam itirərək Karl Albert Milanı təslim etdi və 9 avqustda Şimali İtaliyada avstriyalıların işğalçı rejimi qalmaq şərti ilə atəşkəs elan etdi.
İtalyan dövlətlərində yeni inqilabi canlanma və xalqın Avstriyaya qarşı müharibəni yenidən başlamaq tələbi ilə, öz taxtını tiriməkdən qorxan Karl Albert atəşkəsi pozub hərbi əməliyyatları davam etdirmək qərarına gəldi.
Sardiniya ordusuna komandanlıq edən polşalı general Xrjanovski, səhlənkarcasına öz 88 minlik qoşununu yol boyu uzatdı. 21-23 mart 1848-ci ildə Mortara və Novara yanında Sardiniya ordusu sarsıdıcı məğlubiyətə uğradı. Karl Albert taxtdan imtina edib İtalyanı tərk etdi. Onun oğlu Viktor İmmanuil, avstriyalıların Lombardiya və Venesiya vilayətində hakimiyyətini təsdiq edən atəşkəs razılığı bağladı, 6 avqustda isə Milanda imzalanan sazişə görə Pyemont Avstriyaya 65 mln. frank kontribusiya ödəməli oldu. Sardiniya ordusunun məğlubiyyəti Şimali İtaliyada xalq müqavimətini dayandırmadı. Genuyada və Roma respublikası elan olunan Papa vilayətində avstriyalılara qarşı döyüşlər davam edirdi. 22 avqust 1849-cu ilə qədər Venesiya blokada şəraitində üstün avstriyalı qüvvələrə qarşı müdafiə olunurdu. Sardiniya ordusunun məğlubiyyəti milli-qurtuluş hərəkatınn müvəqqəti məğlubiyyətinə və İtaliyada 1848-1849–cu illər inqilabının məğlub olmasına gətirdi.