Avtomatik tənzimləyici – texnoloji prosesin gedişini, yaxud aparat və qurğuların iş rejimini xarakterizə edən parametrləri avtomatik tənzimləyən qurğu və ya qurğular kompleksi. Prosesləri lazımi rejimdə saxlayan sadə quruluşlar (su saatlarındakı səviyyə tənzimləyicisi, fırlanma sürətini tənzimləyən rəqqaslar və s.) hələ qədim zamanlardan məlum idi. İ. İ. Polzunovun qazanda suyun səviyyəsini sabit saxlayan üzgəcli tənzimləyicisi (1765), C. Uattın buxar maşını valının fırlanmasını sabitləşdirmək üçün hazırladığı tənzimləyici (1784) sənayedə geniş tətbiq edilən ilk tənzimləyicilərdir. Avtomatik tənzimləyici həssas elementin (vericinin) köməyilə tənzimlənən kəmiyyəti, yaxud həyəcanlandırıcı təsiri ölçür, çevirici və ya hesablama qurğusu vasitəsilə obyektin tənzimlənən orqanına təsirlər hasil edir. Tənzimləyici təsir obyektin tənzimlənən (icra) orqanına birbaşa həssas elementdən (birbaşa təsirli tənzimləyici), ya da əvvəlcədən gücləndirildikdən sonra (dolayı təsirli tənzimləyici) verilə bilər. Avtomatik tənzimləyicinin tərkibində tənzimləmə prosesinin dayanıqlılığını və lazımi keyfiyyətini təmin edən kompensasiya qurğusu da ola bilər.