Avtomobil yolu — avtomobillərin hərəkəti üçün salınan, yaxud uyğunlaşdırılan yol. Müasir avtomobil yolunda avtomobilin sürətli və intensiv hərəkəti təhlükəsiz, fasiləsiz və rahat olmaqla bərabər, yük və sərnişin daşınması ucuz başa gəlməlidir.[1]
SSRİ-nin iqtisadiyyatdakı əhəmiyyətinə görə ittifaq, respublika, yerli (rayon və kənd) və müəyyən idarə tableyində avtomobil yolları var idi. Azərbaycanda olan ittifaq. respublika və vilayət əhəmiyyətli avtomobil yollarının hamısına Azərbaycan SSR Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin, yerli yollar isə rayon icraiyyə komitələrinin nəzarətində idi. Bundan əlavə, "Azərneft" birliyi tabeliyində olan avtomobil yolları da var idi. SSRİ-də avtomobil yolları beş texniki dərəcəyə bölünürdü. Dərəcə bütün yol boyu və ya onun ayrı-ayrı hissələrində perspektiv (10–20 ildən sonra) orta gündəlik hərəkət intensivliyinə görə təyin edilirdi. Hərəkətin orta gündəlik intensivliyi (hər iki istiqamətdə) 7 min avtomobildən ço olduqda yol I dərəcəli, 3 mindən 7 minədək II dərəcəli, 1,000-dən 3 minədək III dərəcəli, 200-dən 1,000-dək IV dərəcəli və 200-dən az olduqda V dərəcəli adlanırdı.[1]
Yolun texniki normativləri (hərəkətin hesablanma sürəti, hərəkət zolaqlarının sayı, genişliyi, yol çiyinlərinin eni, üfüqi və şaquli əyrilərin ən kiçik radiusları, ən böyük uzunluq mailliyi, ən kiçik görmə məsafəsi, yol örtüyünün tipi və s.) onun texniki dərəcəsinə əsasən inşaat normaları üzrə müəyyənləşdirilir. Avtomobil yolu torpaq yataq, yol geyimi, suburaxan qurğular (körpü, boru, diker və s.) sudan mühafizə qurğuları, dayaq divarları və s. hissələrdən ibarətdir. Yolun əsasını təşkil edən torpaq yataq bütün yol boyu salınır və yalnız körpü olan yerlərdə kəsilir. Torpaq yataq, əsasən, tökmə, mürəkkəb relyefli yerlərdə isə qazıma və qazıma-tökmə növlü olur. Avtomobil yolunun nəqliyyat üçün olan gediş-gəliş hissəsi möhkəm materiallardan (asfalt-beton və sement-beton) düzəldilən yol geyimi ilə örtülür. Bu hissəni hər iki tərəfdən əhatə edən zolaqlar yol çiyinləri adlanır. Yolu su axınları ilə kəsişmə yerlərində körpülər və subuxaran borular olur. Avtomobil yolunda işarə və yol nişanları qoyulur. Avtomobil yolu şəbəkəsinə (xüsusilə magistral yollarda), əsas qurğulardan əlavə, texniki xidmət stansiyası, qarajlar, yolun saz saxlanması və təmiri üçün binalar və s. köməkçi tikililər daxildir.[1]
Avtomobil yolu layihələndirildikdə əvvəlcə iqtisadi hesablama və texniki kəşfiyyat aparılır. Yolda perspektiv hərəkətin intensivliyi və tərkibi, yolun texniki dərəcə və iqtisadi əhəmiyyəti tədqiqatla müəyyən edilir. Texniki kəşfiyyatda isə yol trassasının əlverişli vəziyyəti müəyyən olunur və layihə tərtibi üçün lazımi məlumat toplanır. Avtomobil yolunun layihəsi, əsasən, iki (texniki layihə və iş çertyojları), bəzən isə bir (iş layihəsi) mərhələdən ibarət olur.[1]
Müasir avtomobil yolunun salınmasında kompleks mexanikləşdirmə tətbiq olunur, skrener, zreyder, buldozer, ekskavator, asfaltdöşəyən, betondöşəyən, özüboşaldan avtomobillər və s. maşın və mexanizmlərədn geniş istifadə edilir. Avtomobil yolu salınmasında inşaat-quraşdırma iləri ilə yanaşı, nəqliyyat işlərinin səmərəli təşkili və köməkçi istehsalat müəssisələri yaradılmasının da böyük əhəmiyyəti var. Bu müəssislələrdə daş və çınqıl çıxarılır, xırdalanır, ceşidlənir, qırmadaş, asfalt-beton, sement-beton və s. hazırlanır.[1]
Avtomobil yolları iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə avtomobil yolu təsərrüfat, siyasi-inzibati, mədəni, müdafiə əhəmiyyətli olub, müxtəlif texniki səviyyədə qurulmuş və təchiz edilmiş böyük bir şəbəkə təşkil edir. Avtomobil yolunun iqtisadiyyatda əhəmiyyəti birinci növbədə yük və sərnişin dövriyyəsi, həmçinin hərəkətin intensivliyi ilə müəyyən edilir. Təzə salınan və ya bərpa edilən hər bir yol iqtisadi cəhətdən sərfəli olmalı və daşıma dəyərini (top-kilometr, ya da maşın-kilometrin maya dəyəri) azaltmalıdır.[1]