Axund Abuturab türbəsi — Azərbaycanda Mərdəkan qəsəbəsində yerləşən 1908-ci ilə aid ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi, türbə.
Axund Abuturab türbəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Xəzər rayonu, Mərdəkan, Ramin Qasımov küçəsi |
Tikilmə tarixi | 1908-ci il |
İstinad nöm. | 97 |
Kateqoriya | Türbə |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Mirzə Əbu Turab Axundzadə 1817-ci ildə Bakının Əmircan kəndində anadan olub.[1] İlk təhsilini Bakıda, Mirzə Həsib Qüdsinin mədrəsəsində alıb.[1] Daha sonra isə Mədinədə və Bağdadda təhsil alıb. Ərəb, fars, türk və rus dillərini bilib. Əbu Turabın təşəbbüsü ilə Əmircan kəndində ilk qızlar mədrəsəsi açılıb.[2] Həyat qəzetində müxtəlif məqalələrlə çıxış edib.[3][4] 1908-ci ildə dünyasını dəyişib və Mərdəkanda dəfn edilib.[5] Elə həmin ildə Murtuza Muxtarovun sifarişi ilə[6] İosif Ploşkonun layihəsi əsasında Mirzə Əbu Turab Axundzadənin məzarının üzərində türbə ucaldılıb.[7][8] Türbə Pir Həsən məzarlığında yerləşir.[9]
Səkkizüzlü formaya malik türbə Orta əsr Azərbaycan türbələrinə xas olan ənənəvi plan quruluşunda inşa olunub. Səkkiz qoşa sütun üstündə dayanıb. Tikilinin həcm həlli pavilyon şəklində təsvir olunub və günbəzlə tamamlanıb.[7]
Türbənin daxilində və ətrafında ümumilikdə 4 sənduqə tipli məzar daşı var. Türbənin mərkəzində daşdan yonulmuş və ornamentlə bəzədilmiş sənduqə qəbir Mirzə Əbu Turab Axundzadəyə, onun ayaq tərəfində yerləşdirilən sənduqə isə xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyevə məxsusdur.[10] Milyonçu 1924-cü il sentyabrın 4-də öz vəsiyyətinə uyğun olaraq Mirzə Əbu Turab Axundzadənin ayağının altında (məzarının aşağı hissəsində) dəfn olunub.[11] Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım da vəfat etdikdən sonra 1991-ci ildə atasının yanında dəfn olunub.[10] Bundan başqa türbənin ərazisində Sara Tağıyevanın repressiyaya məruz qalmış həyat yoldaşı Zeynal bəy Səlimxanovun da məzar daşı var. Zeynal bəy Səlimxanov repressiya qurbanı olduğu üçün harda dəfn olunduğu bilinmir. Qoyulmuş məzar daşı isə rəmzidir.[9]
1987-ci ilin mühəndis tədqiqatı zamanı daş sütunların içində olan metal boruların korroziyaya uğradığı aşkar edilib. Həmin il abidədə möhkəmləndirmə işləri həyata keçirilib.[7]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[12][13]
2003-cü ildə türbədə qəzalı vəziyyət yarandığından metal borular çıxarılıb, dəmir-beton konstruksiyalı günbəz sökülüb, daşlarla üzlənib, yeni bitki ornamentləri işlənib. Türbəyə məxsus orijinal daşların və sütunların bir neçəsi abidənin ərazisində eksponat kimi nümayiş etdirilir.[7]