Azər Qasımlı (siyasətçi)

Azər Ağaqasım oğlu Qasımlı (31 mart 1975; Bakı şəhəri, Azərbaycan SSR) - azərbaycanlı ictimai-siyasi xadim, Respublikaçı Alternativ Hərəkatının sabiq sədr müavini, məclis başqanı, Partiya Təşkilat Komitəsinin koordinatoru və İdarə Heyətinin üzvü, Siyasi Menecment İnstitutunun təsisçisi, İdarə Heyətinin üzvü və sədri, siyasət elmləri üzrə fəlsəfə doktoru.[1]

Azər Qasımlı
Şəxsi məlumatlar
Doğum tarixi (49 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili Bakı Dövlət Sosial İdarəetmə və Politologiya İnstitutu (B)
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (B)
Mərmərə Universiteti (M)
M. V. Lomonosov adına Moskva Dövlət Universiteti (PhD)
Həyat yoldaşı Samirə Qasımlı
Uşağı Azərin • Dəniz • Altan

Azər Ağaqasım oğlu Qasımlı 1975-ci il martın 31-də Bakı şəhərində anadan olub. Atası Ağaqasım Qasımov geologiya üzrə elmlər namizədi, Azərbaycan Neft və Kimya İnstitutunun pedaqoqu, anası Şəfiqə Nəsrullayeva isə fioloq olub.

Azər Qasımlı 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Bədii sənaye bölməsinə daxil olmuşdur. İncəsənət adamı ola bilməyəcəyini anlayaraq bir il sonra, 1994-cü ildə Sosial İdarəetmə və Politologiya İnstitutuna imtahan vermişdir. 1998-ci ildə həm İncəsənət İnstitutundan, həm də Sosial İdarəetmə və Politologiya İnstitutundan (fərqlənmə diplomu ilə) məzun olmuşdur.

2000-ci ildə İzmirdə Egey Universitetinin Türk dili və ədəbiyyatı bölməsində bir illik proqramını tamamladıqdan sonra 2001-ci ildə İstanbulda Mərmərə Universitetinin Beynəlxalq münasibətlər və siyasi elmlər bölməsinə daxil olan Azər Qasımlı, burada Əhməd Davudoğlundan dərs almış, "Vətəndaşlığın və siyasi sığınacağın hüquqi və siyasi əsasları" mövzusunda dissertasiyanı müdafiə etmiş və nəticədə magistr dərəcəsinə yiyələnmişdir. Ardınca isə o, 2009-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində “Azərbaycanda siyasi rejimin formalaşması” mövzusunda dissertasiya işini müdafiə etmiş və siyasət üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi almışdır.

Evlidir. 3 övladı var.

İnstitutda oxuduğu illərdə Azər Qasımlı paralel olaraq Birləşmiş Ştatların Freedom House təşkilatının apardığı “Azərbaycanda siyasi ideologiyalar” layihəsində çalışmışdır. 1996-cı ildə “Azərbaycanda liberalizm və millətçilik” mövzusunda çıxan broşurların müəllifi olmuşdur.

1997-ci ildə Soros Fondunun Kiyevdə təşkil etdiyi gənc sosioloq və politoloqların konfransında iştirak edir və konfransın kitabında məqaləsi dərc olunmuşdur.

1998-ci ildə isə Azər Qasımlının müəllifi olduğu seçim texnologiyaları ilə bağlı broşurlar çap olunmuşdur. 1998-ci ildə IDEE-nin Varşavada baş tutan konfrasda iştirak edən Azər Qasımlının Polşanın “Wyborcza” qəzetində geniş müsahibəsi dərc olunmuşdur.

2008-2009-cu illərdə Azər Qasımlının Rusiyanın “Policy” jurnalında silsilə məqalələri dərc edilmişdir.

2005–2010-cu illərdə Azər Qasımlı Almaniya, Estoniya və Rusiyada biznes layihələr həyata keçirir. Ancaq Azərbaycana qayıtmaq qərarında israrlı olan Azər Qasımlı yenidən ölkəyə qayıdaraq əvvəllər maraq göstərdiyi siyasətə qatılır.[2]

2011–2019-cu illər arası Azər Qasımlı Respublikaçı Alternativ Hərəkatı İdarə Heyətinin üzvü, Partiya Təşkilat Komitəsinin koordinatoru, Respublikaçı Alternativ Partiyasının Məclis Başqanı olub.

6 noyabr 2019-cu il tarixində Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovun partiya strukturu və idarə etməsində yürütdüyü dəyişikliklərə etiraz edərək partiya sıralarından istefa vermişdir.[3]

  1. "Azər Qasımlı". 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-29.
  2. "Arxivlənmiş surət". 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-29.
  3. "Arxivlənmiş surət". 2021-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-02.