Azər Süleymanlı (tam adı: Azər Şərif oğlu Süleymanov; 10 dekabr 1986, İkinci Nügədi, Quba rayonu) — Azərbaycan teleaparıcısı. O, karyerası boyunca "Xəyal TV", "Regional TV", "Space TV", "Mədəniyyət" və "İctimai TV" (indiyə kimi) telekanallarında çalışmışdır. Azər Süleymanlı "Səs Azərbaycan" kimi bir çox verilişin aparıcısı, o cümlədən Avroviziya Mahnı Müsabiqəsinin şərhçisi olmuşdur.
Azər Süleymanlı | |
---|---|
Doğum tarixi | 10 dekabr 1986 (38 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | televiziya aparıcısı |
Fəaliyyət illəri | 1999–h.h. |
Azər Şərif oğlu Süleymanov 10 dekabr 1986-cı ildə Azərbaycanın Quba rayonunda yerləşən İkinci Nügədi kəndində anadan olmuşdur. O, 1993-cü ildə İkinci Nügədi kənd Oktay Məmmədov adına 1 saylı orta məktəbinə qəbul olmuş, 2004-cü ildə həmin məktəbi başa vurmuş və növbəti il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmuşdur. O, 2009-cu ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir.[1][2][3]
Azər Süleymanlı 1999-cu ildə hələ məktəbli ikən Quba rayonu ərazisində fəaliyyət göstərən "Xəyal TV"-də (indiki Qafqaz TV) aparıcılığa başlamışdır. 2007-ci ilə qədər orada "Bizim sinif", "Dünya uşaqların gözü ilə", "Hər bazar" adlı verilişlərin aparıcısı olmuşdur.[1] O, 2007-ci ildə təsis olunan "Regional TV"-nin (indiki ARB TV) ilk aparıcılarından biri kimi fəaliyyətinə orada davam etmişdir. 2016-cı ilə qədər həmin teleşirkətdə "Buralar", "Azərlə hər bazar", "AzərKeş", "ÖYRƏNirəm" adlı verilişlərin aparıcısı olmuşdur.[4] Azər Süleymanlı 2008–2010-cu illərdə "Space TV"-də çalışmışdır. O, "Mənim Sevimli Mahnım" (MSM) karaoke verilişinin, eləcə də sonuncu "Azəri Star" mahnı müsabiqəsinin aparıcılığını etmişdir.[2] Süleymanlı 2011-ci ildə elə həmin il yayıma başlayan "Mədəniyyət" kanalında "1001 sual" intellektual verilişinin aparıcısı olmuşdur. O, 2012-ci ildən fəaliyyətinə "Azad Azərbaycan TV" kanalında "Şərq ulduzları" uşaq mahnı müsabiqəsinin aparıcısı kimi davam etmişdir.[5]
Azər Süleymanlı 2013-cü ilin sentyabrından bu günə qədər İctimai Televiziya və Radio Yayımları Şirkətində aparıcı olaraq çalışır.[6] Bu müddət ərzində o, kanalın əvvəllər "Yeni gün", 2017-ci ildən isə "Sabahın xeyir, Azərbaycan" adlı səhər proqramının aparıcısıdır. 2021-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkəti dünyaca məşhur "SƏS" layihəsinin lisenziyalı yayım hüququnu almış və layihənin aparıcılığı Azər Süleymanlıya həvalə edilmişdir.[7] O həmçinin, 3 dəfə ardıcıl olaraq – 2016,[8] 2017,[9][10] və 2018-ci illərdə[11] Avroviziya Mahnı Müsabiqəsinin azərbaycanca şərhçisi olmuşdur.
Azər Süleymanlı fəaliyyəti boyu bir çox dövlət tədbirlərinin, layihələrin aparıcısı kimi çıxış etmişdir. O, həmçinin ölkənin bir çox ali təhsil müəssisələrinin, gənclər təşkilatlarının dəvəti ilə aparıcılığa dair mövzularda seminarlar vermişdir.[12][13][14] Ötən illər ərzində müxtəlif dövlət qurumları, təşkilatlar, ictimai birliklər tərəfindən fəaliyyətinə görə diplom və mükafatlara layiq görülmüşdür.
Azər Süleymanlı 13 sentyabr 2014-cü ildə ailə həyatı qurmuşdur.[15]