Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı

Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (1920-1996-cı illərdə Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı) və ya qısaca Azərittifaq- 1920-ci ildə Xəzər Topdansatış Əməliyyat Cəmiyyəti ittifaqının bazasında təşkil olunmuş qurum.

Azərittifaq
Azərittifaq
Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı
Yaranma tarixi 1920
Sədr Eldar Quliyev
azerittifaq.az

Azərbaycanda kooperasiya hərəkatı neft mədənləri rayonlarında (Balaxanı, Bibiheybət) fəhlə istehlak kooperativlərinin təşkili ilə başlamışdır. İlk istehlak cəmiyyəti Bakıda (1887), daha sonra isə Xankəndidə (1899) yaradılmışdır. 1915-ci ilin mayında Bakının 12 istehlak cəmiyyəti (10 mədən-zavod və 2 şəhər) birləşərək "Topdansatış Əməliyyatları Cəmiyyəti-Kooperasiya" adlı istehlak cəmiyyətləri ittifaqını yaratdılar.[1] Həmin il dekabr ayının ayının ortalarında həmin cəmiyyət özündə 18 istehlak cəmiyyətini özündə birləşdirirdi. 1916-cı ilin dekabrında isə onların sayı 48-ə çatmışdı. 1917-ci ilin iyulunda Tiflisİrəvan quberniyalarının ittifaqın tərkibinə daxil olması ilə əlaqədar müvəkillərin növbəti yığıncağında ittifaq "Xəzər İstehlak Cəmiyyətləri İttifaqı" (mərkəzi idarəsi Bakıda olmaqla) adlandırıldı. 1918-ci ilin əvvəlində Azərbaycanda artıq 287 istehlak cəmiyyəti fəaliyyət göstərirdi. Onların yarıdan çoxunu, təxminən 56 faizini kənd istehlak cəmiyyətləri, 32 faizini şəhər, 10 faizini isə mədən-zavod cəmiyyətləri təşkil edirdi. Rusiyada baş verən inqilab ərzaq böhranı yaradmaqla, bu cəmiyyətlərin dağılmasına səbəb oldu.

AXC hökümətinin 1918-ci ilin sentyabrında Bakıya köçməsi istehlak cəmiyyətlərinin də işində dönüş yaratdı, dağılmış təşkilatlar bərpa olunmağa başladı. Bunların 6-sı mədən-zavod, 5-i kənd, 8-i isə şəhər (Bakı) cəmiyyətləri idi. 1919-cu ilin yanvar ayının 1-də ittifaqın 138574 manat pay kapitalı var idi. Pay kapitalının azlığı istehlak kooperasiyasının 1918-ci il ərzində zəif inkişaf etməsi ilə bağlı idi. Buna baxmayaraq, 1919-cu il yanvar ayının 1-də dövriyyəsi 41 milyon, 500 min manat olmuşdu. İttifaq, ilk növbədə, özünün sənayə qabiliyyətini genişləndirməyə, konyunkturadan asılı olmayan möhkəm iqtisadi dayaq yaratmağa başladı, sabun istehsalını genişləndirdi, sürtkü yağları istehsalını təşkil etdi, makaron fabriki, yeni mətbəə, habelə 1919-cu ildə Qafqazdakı ilk konserv zavodunu və tənəkə fabrikini də aldı. İttifaq qeyri-istehsal sahəsində də fəaliyyət göstərirdi. Belə ki, 1918-ci ilin sonu-1919-cu ilin əvvəllərində musiqi studiyası, orta təhsil müəssisəsi, əhaliyə ucuz tibbi yardım göstərən ambulatoriya açmışdı. Nəşriyyat sahəsində də canlanma müşahidə olunurdu. "Yedineniye" ("Birlik") jurnalının əvəzinə, əvvəlcə "Vestnik prikaspiyskoy kooperasii" ("Xəzəryani kooperasiya xəbərləri"), sonra isə "Trudavoya jizn"("Zəhmət həyatı") çıxmağa başladı. 1919-cu ildə "Zəhmət həyatı" cəmi 5 nömrə nəşr edildi. Azərvaycan dilində təqvim və bir necə kitabça nəşr edildi.[2]

1918-ci ilin axırlarından ittifaqın təlimat şöbəsinin də işi fəallaşdı. AXC ərazisində kooperasiya cəmiyyətlərinin fəaliyyətini bərpa etmək üçün, əsasən, azərbaycanlı təlimatçılar işə cəlb olundular.

1920-ci ilin fevralında ittifaq növbəti qurultayında yenidən təşkil olunaraq "Azərittifaq" adlandı.

1996-cı ildə “Kooperasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi və kooperativlərin fəaliyyətini bu qanuna uyğun qurmaq üçün Azərittifaqın 1997-ci ildə keçirilən növbədənkənar XIX qurultayı Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqının adı dəyişdirilərək Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı adlandırılması haqqında qərar qəbul etmiş, ittifaqın qısaldılmış adı – “Azərittifaq” kimi saxlanılmışdır.

  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. 440. ISBN 9952-417-14-2.
  • Qaravəliyev Ə. M Azərbaycanda istehlak kooperasiyasının tarixi, Bakı 1967
  1. Qaravəliyev Ə. M Azərbaycanda istehlak kooperasiyasının tarixi, Bakı 1967, səh 68
  2. Azərbaycan mətbuat tarixi, səh 97