Azərbaycan Milli İncəsənət Muzeyində oğurluq

Dürerin "Qadın Hamamı" əsəri, o zaman Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılırdı

Azərbaycan Milli İncəsənət Muzeyində oğurluq — 1993-cü ilin iyulunda Bakıdakı Azərbaycan Milli İncəsənət Muzeyində oğurluq hadisəsi. Bu zaman ümumilikdə 304 əşya oğurlanıb. Oğurlanmış əşyalara 274 sənət əsəri və 30 orta əsr miniatürü daxildir.[1] Onlardan ən qiymətlisi təxminən 10 milyon dollar dəyərində olan Albrext Dürerin Qadın Hamamı əsəri idi.[2] Digər oğurlanmış sənət əsərlərinə Rembrandt, Antonio Van Deyk, Nikola Pussen, Yakob van RöysdalJan-Fransua Mille və başqaları tərəfindən hazırlanmış əsərlər daxil idi.[1][2] Əsərlər qaçaqmalçılıq yolu ilə ABŞ-a aparılıb, və sonradan oradan tapılıb. 2001-ci ildə on iki sənət əsəri əvvəlki nümayiş yerlərinə, Almaniyadakı Bremen muzeyinə, qalanları isə Azərbaycana qaytarıldı.

Almaniyaya qaytarılan sənət əsərləri 1820-1860-cı illər arasında Bremen muzeyi tərəfindən satın alınmışdı. 1943-cü ildə İkinci Dünya müharibəsi zamanı sənət əsərləri Karnzou qalasına saxlanmaq üçün köçürülmüş 1520 xəzinə arasında idi. İrəliləyən sovet qoşunları qalanı ələ keçirdikdən sonra rəsmlər yoxa çıxdı. ABŞ Gömrük Xidmətinin istintaq idarəsinin keçmiş baş məsləhətçisi Pol Braunun sözlərinə görə, sovet hakimiyyəti rəsmləri Azərbaycan Milli İncəsənət Muzeyinə köçürüb. 1993-cü ildə muzey rəsmləri nümayiş etdirməyi planlaşdırdığını elan etdi və bu almanların rəsmləri geri istəməsi ilə nəticələndi. Azərbaycan və Almaniya repatriasiya müzakirəsinə 1993-cü ilin iyulunda oğurluq hadisəsi baş verdikdə başlayıb.[2]

Muzeyin binası

Oğurluğun ilkin hallarını muzeyin Qərbi Avropa və Rusiya incəsənəti şöbəsinin o zamankı müdiri Ziyadxan Əliyev izah edib. Onun sözlərinə görə, muzeyin əməkdaşı Cəbrayıl Babayev muzeyin direktorundan muzeyin Qrafika Fondunun açarını alıb. Babayev rəsmləri fonddan toplayıb muzeyin direktorunun evinə aparıb. Ertəsi gün muzeyin direktorunun xahişi ilə Babayev əsərləri Azərbaycan Mədəniyyət Nazirliyinin 325№-li otağına aparıb. Otaqda o vaxt Kərim Tahirovun rəhbərlik etdiyi Muzeylər və Kitabxanalarla əməkdaşlıq şöbəsi yerləşirdi. Lakin Babayev ifadəsində sənət əsərlərini ondan alan şəxsin kimliyini açıqlamayıb. Əsərlər daha sonra Azərbaycandan qaçaqmalçılıq yolu ilə ABŞ-yə aparılıb.

ABŞ Gömrük İdarəsinin məlumatına görə, 1995-ci ildə azərbaycanlı olimpiya güləşçisi Aydın İbrahimov, onun keçmiş həyat yoldaşı Natəvan Ələsgərova və keçmiş yapon güləşçisi Masatsuqu Koqa İstanbuldakı Swissôteldəki Çin restoranında əsərlərin almanlara fidyə qarşılığında qaytarılmasını təşkil etmək görüşüblər.[2] Ziyadxan Əliyev muzey işçilərini oğurluqda günahlandırıb,[1] qeyd edib ki, İbrahimov cinayət məsuliyyətindən yayınan təşkilatçılar arasında olmayıb.[3]

İstintaq orqanlarına əvvəlcə deyilib ki, oğurlanmış sənət əsərlərinin dəyəri azdır. Onların həqiqi olub-olmadığını müəyyən etmək üçün Azərbaycanın o vaxtkı mədəniyyət naziri Polad Bülbüloğlu istintaq orqanlarından xəbərsiz 4 nəfərdən ibarət ekspert komissiyası təşkil edib. Komissiyaya iki sənət konservatoru Natiq Səfərov və Gülşən Hacıyeva daxil idi. Mütəxəssislər oğurlanan əsərlərin muzey dəyərinin olmadığını, lakin daha ehtiyatlı davranmaq son nəticəyə yalnız fiziki-kimyəvi ekspertizadan sonra gəlmək mümkün olduğunu bildiriblər. Buna baxmayaraq, daha iki ekspertin rəyi üstünlük təşkil edib ki, bu da oğurlanmış sənət əsərlərinin heç bir muzey dəyərinin olmaması ilə bağlı yekun nəticədə öz əksini tapıb.[1] Bu fikirləri televiziyada Polad Bülbüloğlu bildirib. Bülbüloğlu daha sonra oğurlanan əsərlərin qiymətli olduğunu etiraf edib.[4]

Qaytarılması və həbslər

[redaktə | mənbəni redaktə et]

Ziyadxan Əliyevin sözlərinə görə, Azərbaycan hüquq-mühafizə orqanları nisbətən tez, təxminən bir həftə ərzində şübhəlilərin izinə düşüb.[1]

1997-ci ilin yayında Koqa ailə yadigarı adlandırdığı həmin oğurlanmış rəsmlərin fotoşəkillərini nümayiş etdirərək Tokiodakı Almaniya səfirliyində onları 12 milyon dollara geri satmağı təklif etdi. Almanlar Koqaya satmağa çalışdığı rəsmlərin oğurlandığını bildirdikdə, o, bunların heç bir halda yadigar olmadığını söylədi və tələb olunan qiyməti 6 milyon dollara endirdi və böyrək transplantasiyası üçün lazım olduğunu söylədi. Təklifi yenə rədd edildiyi üçün oranı tərk etdi.[2]

1997-ci ilin sentyabrında Nyu-Yorkdakı Grand Hyatt otelində Koqa Kunsthalle Bremen-in kuratoru Anne Rover-Kann və özünü onun tərəfdaşı kimi təqdim edən ABŞ Gömrük İdarəsinin məxfi agenti ilə görüşdü. Koqa adi bir manila zərfindən Dürer və Rembrandt rəsmlərini çıxardığı an həbs olundu.[2]

1997-ci ilin oktyabrında Ələsgərova həbsdən xəbər tutdu və əsərlərin qalan hissəsindən narahat oldu. Buna görə də tez Nyu-Yorka uçdu və orada Gömrük agentləri müşahidə qrupu toplayana qədər Con Kennedi adına Beynəlxalq Hava Limanında saxlanıldı. Ancaq onu əvvəlki evliliyindən olan oğlu qaçırdıb. ABŞ Gömrük İdarəsinin məlumatına görə, Ələsgərovanın oğlu avtomobili təhlükəli sürərək təqibdən qaçmağa çalışdığı üçün onları saxlamağa məcbur olublar. Ələsgərova həbs edilib, oğlu isə sərbəst buraxılıb. Ələsgərova 1999-cu ilin iyununda 11 ay müddətinə həbs edilib.[2] Koqa isə günahını etiraf edib, lakin böyrək çatışmazlığından əziyyət çəkdiyi üçün 1999-cu ilin martında Tokioda 64 yaşında vəfat edib.[3][2]

Tapılmayan əsərlər daha sonra digər azərbaycanlı güləşçinin Nyu-Yorkun 540 Ocean Parkway ünvanındakı mənzilinin şkafından və çarpayısından götürülüb. ABŞ Gömrük Xidmətinin məlumatına görə, onun oğurluqdan xəbəri yox idi, sadəcə İbrahimova kömək edirdi.[2] 2001-ci ildə on iki sənət əsəri Almaniyaya, qalanları isə Azərbaycana qaytarılıb.

2006-cı ilin sentyabrında İbrahimov Azərbaycanda təslim olub[5] və ona 7 il şərti cəza verilib.[3]

  1. 1 2 3 4 5 "Кража века. 17 лет спустя. Часть 1" [Əsrin oğurluğu. 17 il sonra. 1-ci hissə] (rus). Azadlıq Radiosu. 17 iyul 2010. 2023-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2020.
  2. 1 2 3 4 5 6 7 8 9 Ralph Blumenthal. "Twice Stolen, Twice Found: A Case of Art On the Lam" [İki dəfə oğurlandı, iki dəfə tapıldı: Oğurlanmış sənət əsəri işi]. New York Times. 19 iyul 2001. 2023-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2020.
  3. 1 2 3 "Кража века. 17 лет спустя. Часть 2" [Əsrin oğurluğu. 17 il sonra. 2-ci hissə] (rus). Azadlıq Radiosu. 10 avqust 2010. 2023-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2020.
  4. "Полад БЮЛЬ-БЮЛЬОГЛУ: что бы ни пропало из музея – ценность" [Polad BÜLBÜLOĞLU: Muzeydən oğurlanan olan hər şey dəyərlidir]. Exo (rus). 2001. 2023-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2020.
  5. "В США найдены 274 предмета, украденные из Музея искусств Азербайджана" [ABŞ-da Azərbaycan İncəsənət Muzeyindən oğurlanan 274 əşya tapılıb] (rus). Regnum. 25 dekabr 2006. İstifadə tarixi: 5 noyabr 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]