Gələcəyin rəssamı 21 may 1471-ci ildə Nürnberqdə, zərgər ailəsində anadan olmuşdur. Onun atası Albrext Dürer XV əsrin ortalarında Macarıstandan Almaniyaya gəlmişdir, anasının adı Barbara Holper idi. Dürerlərin 18 övladı var idi və kiçik Albrext Dürerin yazdığı kimi, onlardan bəziləri "gənc yaşlarında, bəziləri böyüyəndə" vəfat etmişdilər. 1524-cü ildə Dürerlərin uşaqlarından yalnız üçü sağ qalmışdı — Albrext, Hans və Endres.[14]
O, ailəsinin üçüncü uşağı və ikinci oğlu idi. Onun atası böyük Albrext Dürer "Aytoşi" (mac.Ajtósi, Aytoş kəndinin adından formalaşıb, ajtó "qapı" deməkdir[15]) macar soyadınını alman dilinə eynən "Türer" kimi tərcümə etdi; sonralar soyad frankların etdiyi tələffüzün təsiri altında Dürer kimi deyilməyə və yazılmağa başlandı. Kiçik Albrext Dürer öz anasını çətin həyat yaşamış dindar xanım kimi xatırlayırdı. Ola bilsin ki, tez-tez baş verən hamiləliklərinə görə o, çox vaxt xəstələnirdi. Dürerin xaç atası tanınmış alman naşiri Anton Koberger olmuşdur.[16][17]
Dürerlər bir müddət hüquqşünas və diplomat İohann Pirkhaymerin mərkəzi şəhər bazarının yanında olan evinin yarısını kirayəyə götürmüşdülər. Bunun sayəsində müxtəlif şəhər təbəqələrinə aid olan iki ailə (patrisiatlara aid Pirkhaymerlər və əsnaf olan Dürerlər) bir-biri ilə yaxından tanış olmuşdular. Almaniyanın ən maariflənmiş insanlarından olan İohannın oğlu Villibaldla kiçik Dürer həyatı boyu dostluq etmişdir. Onun köməyi ilə rəssam Pirkhaymerin lider olduğu Nürnberqin humanistləri dairəsinə daxil oldu və orada öz yerini tutdu.[18]
1477-ci ildən Albrext bir müddət latın məktəbinə gedirdi. Atası onu zərgər emalatxanasına düzəltmək istəsə də, Albrext rəssamlıqla məşğul olmağı arzuladı. Böyük Dürer oğlunun təhsilinə xərclədiyi pula təəssüf etsə də, onun arzusunu üstün tutdu, və 16 yaşlı Albrext o dövrün aparıcı Nürnberq rəssamı Mixael Volqemutun emalatxanasına göndərildi. Bu məlumatı Dürerin özü ömrünün son illərində yazdığı "Ailə xronikası"nda qeyd etmişdir[19], həmçinin bu əsər Qərbi Avropa incəsənəti tarixində ilk avtobioqrafiyalardan biri sayılır.[K 1]
Volqemut Dürerə təkçə incəsənəti yox, həmçinin ağac üstündə qravür etmə (oyma) sənətini də öyrətdi. Volqemut ögey oğlu Vilqelm Pleydenvurf ilə birlikdə Hartmann Şedelin "Nürnberq xronikası" əsəri üçün qravürlar düzəldirdi. Mütəxəssislər bu əsəri XV əsrin ən şəkilli kitabı hesab edirlər, onun hazırlanmasında Volqemutun öz şagirdləri ona kömək edirdilər. Kitabda olan "Ölümün rəqsi" adlı qravürun müəllifi Albrext Dürer hesab edilir.[20]
1490-cı ildə təhsilini ənənəvi olaraq səyahətlə (alm.Wanderjahre)[K 2] bitirdi, səyahət zamanı qarşılaşdığı ustaların bacarığlarını mənimsiyirdi. Dürerin billik toplamaq üçün etdiyi səfəri 1494-cü ilə qədər davam etdi. Onun dəqiq marşrutu məlum deyil, o, Almaniya, İsveçrə və (bəzi tədqiqatçıların fikrincə) Niderlandın bir sıra şəhərləri gəzərək, təsviri sənət və materialların emalında bacarığlarını təkmilləşdirdi.[16] 1492-ci ildə Dürer Elzas şəhərində qalmalı oldu. O, Kolmar şəhərində yaşayan məşhur mis üstündə qravür sənətkarı və rəssam Martin Şonqauerlə görüşmək üçün macal tapmadı, Şonqauerin yaradıcılığı gənc rəssama güclü təsir göstərmişdir. Şonqauer 1491-ci il fevralın 2-də vəfat etdi. Sonradan Düreri mərhumun qardaşları Kaspar, Paul və Lüdviq qarşıladılar və Albrext bir müddət rəssamın emalatxanasında işləmək imkanı qazandı. Yəqin ki o, Lüdviq Şonqauerin köməyi ilə o vaxtı əsasən zərgərlərin məşğul olduğu mis üstündə qravür sənətinin texnikasını öyrəndi. Təxminən 1494-cü ildən öncə Dürer o vaxtın kitab nəşri mərkəzlərindən olan Bazel şəhərinə, Martin Şonqauerin dördüncü qardaşı Georqun yanına köçdü.[21] Təqribən bu dövrdə Bazeldə nəşr olunmuş kitablarda yeni üslubda illüstrasiyalar peydə olmağa başlayır. İncəsənət tarixçiləri bu illüstrasiyaların müəllifini "Berqmanın mətbəəsinin ustası" adlandırdılar. "Müqqədəs İyeronimin məktubları" 1492-ci ilki nəşrinin titul vərəqəsinin qravür edilmiş və arxa tərəfində Dürerin adı olan lövhəsi tapıldıqdan sonra, "Berqmanın mətbəəsinin ustası"nın işlərinin müəllifliyi Dürerə verildi.[22] Ehtimal olunur ki, Bazeldə Dürer Sebastyan Brantın "Axmağlar gəmisi" əsəri üçün edilən ağac üstündə məşhur qrüyurların hazırlanmasında iştirak etmişdir, əsərin ilk nəşri 1494-də çıxmışdır və bu kitabın 75 qrüyurası rəssama məxsus olduğu güman edilir.[17] Hesab edilir ki, Bazeldə Dürer başqa əsərlər üçün də qravürlar hazırlamışdır, məsələn Terensinin komediyaları (yarımçıq qalmışdı, 139 lövhənin cəmi 13-ü kəsilmişdir), "Turn cəngavəri" (45 qravür) və dua kitabı (20 qravür) üçün.[23]
O, bir müddət Strasburqda yaşadı. Burada o, 1493-cü ildə öz avtoportretini çəkdi və doğma şəhərinə göndərdi. Bu avtoportret rəssamın nişanlısı üçün nəzərdə tutlmuşdur və ola bilsin ki, onun şəxsi həyatında yeni mərhələnin başlanmasına işarə etmişdir.[24]
1494-cü ildə Dürer Nürnberqə qayıtdı və atasının dostu olan musiqiçi və mexanik Hans Freyin qızı Aqnesa Frey ilə evləndi.[16] Dürerlər Nürnberqdə daha yüksək mövqe tutan ailə ilə qohum oldular; dəqiq alətlərinin hazırlanması üzrə emalatxana sahibi olan Hans Frey şəhərin Böyük Şurasının üzvü idi, Aqnesanın anası isə yoxsullaşmış zadəgan nəslindən idi.[25][26] Dürer evlənməylə sosial statusunu qaldırdı və öz işini açmaq hüququnu aldı. Amma rəssamın ailə həyatı, görünür, uğurlu alınmadı, bu ikili çox fərqli insanlar idilər. Dürerin saxlanılmış məktublarında yazılıb ki, o, həyat yoldaşı ilə çətin razılığa gəlirdi Dürerin və Aqnesanın uşağı olmadı, həmçinin məlumdur ki, rəssamın hər iki qardaşı zərgər Endres (1484–1555) və Polşa kralının saray rəssamı olan Hansın (1490–1538) da övladları olmamışdır.[27]
Hesab edilir ki, 1494-cü ildə Dürer evləndikdən iki ay sonra İtaliyaya səyahət etmişdir. "Ailə xronikası"nda o, bu səfəri barədə heç nə yazmır. Dürer barədə monoqrafiyanın (1876) müəllifi M. Tauzinq İtaliyaya olan bu səfəri 1492–1494-cü illərə aid edir, yəni o, hesab edir ki, rəssam orada billik toplamaq üçün etdiyi səfər zamanı olub. Lakin tədqiqatçıların əksəriyyəti güman edir ki, rəssam İtaliyada 1494–1495-ci illərdə olub[28] (həmçinin fikir də mövcuddur ki, 1506-ci ilədək Dürer İtaliyada olmamışdır)[29] və həmən dövrdə orada ola bilsin ki, Mantenya, Covanni Bellini və digər sənətkarların yaradıcılığı ilə tanış oldu.
Dürerin 1494–1495-ci illərdə İtaliyaya səyahət etdiyinə dair sübut onun Venesiyadan Villibald Pirkhaymera 7 fevral 1506-cı il tarixli yazdığı məktubda tapılıb, orada rəssam "on bir il əvvəl" bəyəndiyi ancaq indi "daha xoşuna gəlmədiyi" italyanların əsərləri haqqında yazmışdır. İtaliyaya birinci səyahət versiyasının tərəfdarları Nürnberqli hüquqşünas Kristof Şeyrlın xatirələrini dəlil kimi göstərilər, Şeyrl "Almaniyanın tərifinə kitabça"sında Dürerin 1506-cı ildə İtaliyaya etdiyi səfəri "ikinci" adlandırır.[28] Versiya tərəfdarları Dürerin bütün tarixsiz peyzajlarını məhz 1494–1495-ci illərdəki İtaliya səfərinə aid edirlər,[29] həmin mənzərə əsərləri Qərbi Avropa təsviri sənətində bu janrda olan ilk akvarellər idilər.[29] Sonradan Dürer bu motivləri və həmçinin Nürnberq ətrafının etüdlarını öz üavyuralarında istifadə etdi.[30]
1495-ci ildə Dürer Nürnberqdə öz emalatxanasını açdı və sonrakı on il ərzində qravürlərinin xeyli hissəsini yaratdı. İlk seriyaların nəşrində ona Anton Koberger kömək edirdi. Gildiyalardan asıllı olan digər şəhərlərdən fərqli olaraq, Nürnberqdə sənətkarlıq şəhər şurasına tabe idi, buna görə də burada ustalar daha sərbəst idilər[K 3]. Dürer mövcud normalarda geri çəkilərək qravür texnikasında yeni üsulları sınamağı bacardı, həmçinin ilk nüsxələri satışa çıxara bildi[32]. 1495–1496-cı illərdə Dürer mis üzərində də qravür düzəltməsi ilə məşğul oldu.
Rəssam Hans Şoyfelin, Hans fon Kulmbax və Hans Baldunq kimi müxtəlif tanınmış ustalar ilə əməkdaşlıq edirdi və Anton Koberger, İeronim Hölsel və Ulrix Pindar kimi Nürnberq naşirləri üçün qravürlər hazırlayırdı. 1498-ci ildə Koberger "Apokalipsis" əsərini nəşr etdi. Bu kitab üçün Dürer 15 dənə ksiloqrafiya düzəltdi ki, bu da ona Avropada şöhrət qazandırdı[33]. 1500-cü ildə Kobergerin mətbəəsi "Müqəddəs Brigitanın ehtirasları" əsərini dərc etdi, bu iş üçün Dürer 30 qravür hazırladı[33].
İtaliyaya иirinci səfərindən sonra Dürer dostu Pirkhaymerin sayəsində Nürnberq humanistlərinin dairəsinə düşdü. O, Konrad Seltisin nəşr etdiyi Hrotsvitanın "Şeir və komediyalar toplusu" (1501) və Seltisin özü müəllif olduğu "Sevgi haqqında dörd kitab" (1502) üçün illüstrasiyaları qravür etmişdir. Yəqin ki, Dürer Pirkhaymerin zəngin kitab toplusundan faydalanaraq təhsilindəki boşluqları aradan qaldırırdı. Məlumdur ki, rəssam onun kitabxanasında olan 14 kitabı öz rəsmləri ilə bəzəmişdir, onlar Lukian, Fukidid, Teofrastus, Aristofan və Aristotelin ("Orqanon", "Etika", "Siyasət") yazdığı əsərlər idi. Şübhəsiz ki, antik müəlliflərin əsərləri, eləcə də öz dövrünün ən savadlı adamları ilə ünsiyyət, rəssama əsərləri üçün yeni-yeni süjetlər tapmağa imkan verirdilər[34].
XV əsrin son onilliyində rəssam bir neçə mənzərəli portretlər yaratmışdır: ticarət agenti olan atası Osvald Krelin (1499, Köhnə Pinakotek, Münhen), Saksoniyalı elektör-şahzadə III Fridrixin (1494/97) və avtoportretini (1498, Prado muzeyi, Madrid). Dürerin 1494/5 və 1505-ci illər arasında ən yaxşı və əhəmiyyətli işlərindən biri III Fridrix üçün çəkdiyi "Cadugərların sitayişi" əsəridir[35][36]. Bir müddət əvvəl Dürer Saksoniyalı elektör-şahzadə üçün "Drezden mehrabı" və köməkçiləri ilə birgə (təxmin edilir) "Yeddi kədər" adlı poliptixi hazırlamışdır (hardasa 1500-cü il).
1502-ci ildə Dürerin atası vəfat etdi, bundan sonra Albrext anası və Andrese və Hanse adlı kiçik iki qardaşının qayğılarını öz üzərinə götürdü.
1505-ci ildə Dürer İtaliyaya getdi. Səfərin səbəbi məlum deyil. Ola bilsin ki, Dürer təkçə pul qazanmaq deyil, həm də rəssam Markantonio Raymondi ilə onun qravyuralarının yamsılama məsələsini həll etmək istəyirdi. Onun Venesiyada olduğu müddətin təfərrüatları Villibald Pirkhaymerə yazdığı məktublardan məlumdur (ümümlikdə 10 məktub saxlanmışdır). Venesiyada rəssam alman tacirlərinin sifarişi ilə San-Bartolomeo kilsəsi üçün "Qızılgül çələnglərin bayramı" (Praqa, Milli Qalereya)[37]. Venesiya məktəbi ilə tanışlıq rəssamın mənzərə üslubuna güclü təsir göstərmişdir, baxmayaraq ki "Qızılgül çələnglərin bayramı" şəklini uğursuz bərpalar körlayıb, həmin əsər bunu aydın göstərir. Dürerin öz sözlərinə görə, bu əsər, onu ancaq müvəffəqiyyətli qravür düzəldən kimi görən rəssamlara sübut etdi ki, o, həmçinin əsl rəssamdır.
O dövürdə Venesiyada İntibah dövrünün Tisian, Corcone kimi məşhur sənətkarları işləyirdilər, lakin Dürerin onlarla görüşdüyü barədə məlumat yoxdur. Albrext Covanni Bellinini öz sənətinin ən yaxşısı hesab edirdi, onun əsərlərinin koloritinin inanılmaz gücü və dərinliyi Dürerdə böyük təəssürat yaratmışdır və digər venesiyalı sənətkarlardan fərqli olaraq Dürerin onunla dostluq münasibətləri yaranmışdır[17]. Ola bilsin ki, "Madonna yalançı bülbüllə" (Məryəm və onun körpəsinin yanında Vəftizçi İohannın təsvir olunması alman təsviri sənəti üçün xas deyil) rəsmini Dürer Bellininin istəyi ilə çəkmişdir. Ehtimal var ki, Dürerin Venesiyada çəkdiyi daha bir əsəri "Məsih müəllimlər arasında" da Bellini üçün nəzərdə tutulurdu. Dürerin yaradıcılığı Venesiyada yüksək qiymətləndirilmişdir, şəhərin şurası isə rəssama orada bir azda qalması üçün illik 200 dukat təklif etmişdir.
Dürer universiteti ilə məşhur olan Bolonya şəhərinə gəlmişdir ki, yerli alimlərin sayəsində perspektivin sirlərinə yiyələnsin. Ehtimal edilir ki, o, ya riyaziyyatçı Luka Paçoli ilə, ya da memar Donato Bramante ilə və yaxud da Stsipion Ferro ilə görüşmək istəyirdi. Sonra o, Mantenya ilə görüşmək üçün Paduaya səfər etmək niyyətində idi ki, onun ölüm xəbəri görüşün baş tutmasına mane oldu, sonradan Dürer buna görə çox peşman olmuşdur[17]. Dürerin rəsm əsərlərinin təhlilinə əsaslanan tədqiqatçılar hesab edirlər ki, rəssam Romada da olmuşdur, həmən vaxt İmperator Maksimilianın oraya gələcəyi nəzərdə tutulurdu. 1506-cı ilin aprelindən avqustunadək Pirkhaymerlə heç bir yazışma aparılmamışdır, ola bilsin ki, onda Dürer Tirolda idi[38].
1507-ci ildə Dürer İtaliyadan getdi və Venesiyada Pirkhaymerə yazdığı son məktublarının birindən başa düşmək olar ki, rəssamı oranı könülsüz tərk edirdi: "Burada [Venesiyada] məni cənab hesab edirlər, evdə isə ancaq parazit". Dürerin bioqrafları bu sözlərə müxtəlif izahlar verilər: bəziləri hesab edirlər ki, rəssam bu üsulla İtaliya və onun doğma Nürnberq şəhərində ona verilən münasibətin fərqini göstərmək istəyirdi, bəziləri isə o kəlmədə onun mürəkkəb ailə münasibətlərinin əksini görülər[39].
↑Dürerin "Yaddaş kitabçası" adlı avtobioqrafiya tipli daha bir əsəri saxlanılıb, əsər bir vərəqdə yazılmış dörd yazıdan (1502, 1503, 1507—1509 və 1514) ibarətdir (Qravür kabineti, Berlin)
↑1349-cu ildə baş verən üsyandan sonra Nürnberqdə sexlər qadağan edildi. Senat sənətkarlar birliyini yaratdı, birliyin muxtariyyəti olmasa da, ona yeni texnologiyaları tətbiq etmək icazəsi verilirdi[31].
↑Дюрер, АльбрехтArxivləşdirilib 2022-03-19 at the Wayback Machine // Hərbi ensiklopediya : [в 18 т.] / под ред. В. Ф. Новицкого [и др.]. — СПб. ; [М.] : Тип. т-ва И. Д. Сытина, 1911–1915. (rusca)
↑ Albrecht Dürers Umwelt. Festschrift zum 500. Geburtstag Albrecht Dürers am 21. Mai 1971. — Nürnberg: M. Edelmann, 1971. — S. 54.
↑Albrecht Dürers Umwelt. Festschrift zum 500. Geburtstag Albrecht Dürers am 21. Mai 1971. — Nürnberg: M. Edelmann, 1971. — S. 38.
Anzelewsky F. Albrecht Dürer. Das malerische Werk. — 2. — Berlin, 1991.
Bartrum G. Albrecht Dürer and his Legacy. — British Museum Press, 2002. — ISBN 0-7141-2633-0.
Charles V. Dürer. — Nyu-York: Parkstone International, 2011. — ISBN 978-1-78042-170-4.
Giesen J. Durers Proportionsstudien in Rahmen der allgemeinen Proportionsentwicklung. — Bonn, 1930.
Неidrich Е. Dürer und die Reformation. — Leipzig, 1909.
The Early Dürer. Ausstellungskataloge des Germanisches Nationalmuseums, Nürnberg / Ed. by Daniel Hess and Thomas Eser. — Thames & Hudson, Limited, 2012. — 603 p. — ISBN 9780500970379.
Keller L. Johann von Staupitz und das Waldensertum. — Leypsiq: Historisches Taschenbuch, 1885.
Lippmann F. Zeichnungen von A. Dürer. — Berlin, 1887–1905.
Panofsky E. Durers Kunsttheorie, vornehmlich in ihrem Verhaltnis zu der Kunsttheorie der Italiener. — Berlin, 1915.
Panofsky E. The Life and Art of Albrecht Dürer. — 2. — Princeton, 1945. — ISBN 0-6910-0303-3.
Thausing M.[de]. Dürer, Geschiehte seines Lebens und seiner Kunst. — 2. — Leypsiq, 1884.
Бартрум Д. Дюрер / Пер. с англ. — М.: Ниола-Пресс, 2010. — 96 с. — (Из собрания Британского музея). — 3000 экз. — ISBN 978-5-366-00421-3.
Бенуа А. История живописи всех времён и народов. — СПб.: Издательский Дом "Нева", 2002. — Т. 1. — С. 297–314. — 544 с. — ISBN 5-7654-1889-9.
Бергер Я. Дюрер. — М.: Арт-Родник, 2008. — 96 с. — 3000 экз. — ISBN 978-5-88896-097-4.
Альбрехт Дюрер. Гравюры / Пред. А. Боре, прим. А. Боре и С. Бон, пер. с фр. А. Золотовой. — М.: ООО "Магма", 2008. — 560 с. — 2000 экз. — ISBN 978-593428-054-4.
Брион М. Дюрер. — М.: Молодая гвардия, 2006. — (Жизнь замечательных людей).
Дзуффи С. Большой атлас живописи. Изобразительное искусство 1000 лет / Научный редактор С. И. Козлова. — М.: ОЛМА-ПРЕСС, 2002. — С. 106–107. — ISBN 5-224-03922-3.
Дурус А. Еретик Альбрехт Дюрер и три "безбожных художника" // Искусство : журнал. — 1937. — № 1.
Зарницкий С. Дюрер. — М.: Молодая гвардия, 1984. — (Жизнь замечательных людей).
Немировский Е. Мир книги. С древнейших времён до начала XX века / Рецензенты А. А. Говоров, Е. А. Динерштейн, В. Г. Утков. — М.: Книга, 1986. — 50 000 экз.
Львов С. Альбрехт Дюрер. — М.: Искусство, 1984. — (Жизнь в искусстве).
Либман М. Дюрер и его эпоха. — М.: Искусство, 1972.
Королёва А. Дюрер. — М.: Олма Пресс, 2007. — 128 с. — (Галерея гениев). — ISBN 5-373-00880-X.
Матвиевская Г. Альбрехт Дюрер — учёный. 1471–1528 / Отв. ред. канд. физ.-мат. наук Ю. А. Белый; Рецензенты: акад. АН УзССР В. П. Щеглов, д-р физ.-мат. наук Б. А. Розенфельд; Академия наук СССР. — М.: Наука, 1987. — 240, [8] с. — (Научно-биографическая литература). — 34 000 экз. (в пер.)
Невежина В. Нюрнбергские граверы XVI в. — М., 1929.
Нессельштраус Ц. Литературное наследие Дюрера // Дюрер А. Трактаты. Дневники. Письма / Перевод Нессельштраус Ц.. — М.: Искусство, 1957. — Т. 1.
Нессельштраус Ц. Рисунки Дюрера. — М.: Искусство, 1966. — 160 с. — 12 000 экз.
Нессельштраус Ц. Дюрер. — М.: Искусство, 1961.
Норберт В. Дюрер. — М.: Арт-Родник, 2008. — 96 с. — 3000 экз. — ISBN 978-5-9794-0107-2.