Azərbaycan Respublikası Prezidentinin ştandartı (bayrağı) — Azərbaycan Respublikası Prezidentinin rəsmi simvolu.
Azərbaycan Respublikası Prezidentinin ştandartı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 15 sentyabr tarixli 828 nömrəli fərmanı ilə təsdiq edilmişdir.[1]
Ştandartın etalonu (orijinalı) Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Prezident sarayında yerləşən xidməti otağında saxlanılır.[1][2]
Ştandartın dublikatı Azərbaycan Respublikasının Prezident sarayının və Azərbaycan Respublikası Prezidentinin iqamətgahlarının üzərində, Azərbaycan Respublikasının Prezident sarayında və Azərbaycan Respublikası Prezidentinin iqamətgahlarında Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə rəsmi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan salonlarda və otaqlarda, Azərbaycan Respublikası Prezidentinin digər iqamətgahlarda olduğu müddətdə həmin iqamətgahların üzərində, Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə keçirilən rəsmi tədbir və digər mərasimlər zamanı həmin tədbirin keçirildiyi binanın üzərində və ya həmin tədbirin keçirildiyi salonda (otaqda), Azərbaycan Respublikası Prezidentinin nəqliyyat vasitələri üzərində qaldırıla (asıla) və ya yerləşdirilə bilər.[1]
Ştandartın ikiüzlü qumaşı eni bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət kvadrat formasındadır. Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin ştandartının qumaşının yuxarı zolağı mavi rəngdə, orta zolağı qırmızı rəngdə, aşağı zolağı yaşıl rəngdədir. Ştandartın qumaşının hər iki üzündə qırmızı zolağın ortasında Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmişdir.[1]
Qumaş qızılı saçaqlarla haşiyələnmişdir.[1]
Ştandartın dirəyinin üzərinə Azərbaycan Respublikası Prezidentinin soyadı, adı, atasının adı və onun Azərbaycan Respublikasının Prezidenti seçildiyi müddəti əks etdirən tarixlər həkk olunmuş gümüş bənd bərkidilir.[1]
Ştandartın dirəyi aypara ilə səkkizguşəli ulduz tipli metal başlıqla örtülür.[1][3]
Ştandart müxtəlif ölçülərdə ola bilər.[1]