Azərbaycan Respublikasının Dövlət Gerbi

Azərbaycan Respublikasının Dövlət GerbiAzərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyinin rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.

Azərbaycan gerbi
Detallar
Armiger Azərbaycan Azərbaycan
Təsis edilib 17 noyabr 1990 (1918)
Təsdiq edilib 19 yanvar 1993
Gerbin lövhəsi Şərq qalxanı
Tərəfkeş palıd budaqlarından və sünbüllərdən ibarət qövs
Dayaq (heraldika) Sünbülpalıd
Digər elementlər Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsvir olunub
İlk variantı
Digər variantlar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, qalxanın düymələri və palıd qozaları qızılıdır.[1]

İstanbulda çap olunmuş Azərbaycan gerbi
Azərbaycan gerbi Odlu Yurd jurnalının 28 may 1930 tarixli 16 (4) -cı sayının üz qabığında (İstanbul, Resimli Ay matbaası türk limitet şirketi

Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqil Azərbaycan Respublikasının Dövlət gerbinin layihəsi 1918–1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlansa da, o illərdə onun qanunvericilik səviyyəsində təsdiqi və qəbul edilməsi mümkün olmamışdır.

Dövlət gerbinin və möhürünün təsvirinin hazırlanması ilə bağlı müsabiqə elan edilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası iki dəfə qərar qəbul etmişdir. Birinci qərara əsasən, 1919-cu ilin martın 23-də "Azərbaycan" qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət gerbi və möhürü layihələrinin hazırlanması üçün müsabiqə elan edilmişdi. Hökumətin qərarı ilə Azərbaycanın dövlət gerbi və möhürünün ən yaxşı təsvirinin hazırlanması üçün iki mükafat ("Ən yaxşı gerb layihəsi"nə görə 1000 rubl, möhürə görə isə 500 rubl) müəyyənləşdirilmişdi. Müsabiqənin müddəti həmin il aprelin 20-dək müəyyən edilmiş və bu işin təşkili və icrasına nəzarət Poçt və Teleqraf Nazirliyinə həvalə edilmişdi. Lakin həmin müsabiqə uğurla nəticələnmədi və müvafiq gerb layihəsi qəbul edilmədi.

Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1920-ci il yanvarın 30-da "Azərbaycan Respublikasının gerbi və möhürünün, milli himninin və hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında" yenidən qərar qəbul etdi. Qərarın birinci bəndində hərbi ordenlərin yaradılması üçün müsabiqə elan edilməsi Hərbi Nazirliyə, ikinci bəndində isə milli himnin, dövlət gerbi və möhürünün layihələrinin hazırlanması ilə bağlı müsabiqə keçirilməsi isə Xalq Maarif Nazirliyinə həvalə edilmişdi. Bu qərarı əsas tutan Xalq Maarif Nazirliyi 1920-ci ilin fevralın 19-da "Azərbaycan" qəzetində (19.02.1920, № 33) dövlət gerbi və möhürünün təsvirinin, eləcə də milli himnin mətninin layihələrinin hazırlanması barədə müsabiqə elan etdi. Müsabiqədə ən yaxşı milli himnin mətni və musiqisi üçün 50 min rubl, gerb və möhürün ən yaxşı təsvirinə görə isə 25 min rubl mükafat təyin edilmişdi. Layihələr Xalq Maarif Nazirliyinə təqdim edilməli, Milli İstiqlalın ikinci ildönümünədək (28.05.1920) təsdiq edilməli idi. Lakin 27 aprel 1920-ci il rus sovet istilası və Azərbaycan Xalq Cümhuriyyətinin süqutu buna imkan vermədi.[1]

Azərbaycan Respublikasının müasir Dövlət gerbinin yaranması

[redaktə | mənbəni redaktə et]

Müasir Dövlət gerbi Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış gerb layihəsinin müəyyən dəyişikliklərlə təkrarıdır.

Azərbaycanın yeni Dövlət gerbinin hazırlanması və təsdiqi məsələsinə bir də 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində baxıldı. Üçrəngli milli bayrağın bərpası və qəbulu ilə yanaşı, Dövlət gerbi və Dövlət himninin də qəbul edilməsi üçün müsabiqə elan olunması qərara alındı. Bu məsələləri kompleks halda həll etmək üçün Azərbaycan Respublikasının keçmiş Ali Sovetinə müraciət olundu.

Azərbaycan Respublikası Ali Soveti 1991-ci il 5 fevral tarixli qərarı ilə üçrəngli Dövlət bayrağını bərpa və qəbul etməklə yanaşı, "Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün müsabiqə elan olunması haqqında" (05.02.1991, № 20-XII) xüsusi qərar da qəbul etdi. Qərara görə, Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün 5 min manat mükafat təsis edilmiş, müsabiqəyə yekun vurulması isə respublika Ali Soveti Rəyasət heyətinə həvalə edilmişdi. 1991–1992-ci illərdə müxtəlif mətbuat orqanlarında çoxlu yeni gerb layihələri çap olundu və 1993-cü ilin əvvəllərində Azərbaycan Respublikasının Milli Məclisində həmin layihələr, eləcə də 1919–1920-ci illərdə hazırlanmış gerb layihəsi müzakirə edildi. Müzakirələrdən sonra Azərbaycan Respublikasının Milli Məclisi 1919–1920-ci illərdə hazırlanmış gerb layihəsini müəyyən düzəliş və təkmilləşdirmələrlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq etdi. Gerbin müəllifi rəssam Füzuli Axundov idi.[2]

"Azərbaycan Respublikasının Dövlət gerbi haqqında" Azərbaycan Respublikasının 19 yanvar 1993-cü il tarixli 460 saylı Konstitusiya Qanunu ilə təsdiq edilib.

Dövlət gerbindən istifadə qaydaları isə "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 23 fevral 1993-cü il tarixli 516 saylı Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə" ilə tənzimlənir. Həmin "Əsasnamə"yə 2 iyul 2002-ci il, 24 dekabr 2004-cü il və 3 mart 2006-cı il tarixlərində müəyyən əlavələr və dəyişikliklər edilmişdir.[1]

Dövlət gerbindəki simvolların məna və funksiyaları

[redaktə | mənbəni redaktə et]

Dünya heraldika sənətində dövlət gerblərinin qalxan üzərində verilməsi təcrübəsi geniş yayılıb. Qalxandan dünya xalqları min illər boyu müdafiə, eləcə də milli simvolların nümayiş etdirilməsi məqsədilə istifadə edib. Bu da bəllidir ki, Şərq xalqlarında qalxan milli döyüş alətlərindən biri olub, qəhrəmanlıq simvoludur. Qərbdəkilərdən fərqli olaraq, şərq qalxanı dairəvi formadadır. Dövlət gerbinin həmin qalxan üzərində təsvir edilməsi Azərbaycanın Şərq dövləti olduğunu, millətin Şərq sivilizasiyasına mənsubluğunu, xalqın şərqliliyini bildirməyə xidmət edir. Qalxanın içərisindəki dairəvi mavi, qırmızı və yaşıl rəng çalarları Azərbaycan bayrağında ifadə olunan türklüyü, müasirliyi və islamlığı təcəssüm etdirir. Qalxanın ortasında yerləşən səkkizguşəli ulduz günəşin simvoludur. Günəş (eləcə də, Ay) dünya heraldika sənətində "əbədi, daimi, sonsuz həyat" mənasındadır. Günəş simvolunun ağ rənglə verilməsi isə "əmin-amanlıq, sülhsevərlik, barış" mənalarını verir. Günəşin mərkəzində alov təsviri "Odlar Yurdu"nu – Azərbaycanı simvolizə edir. Ümumiyyətlə, alov gerbşünaslıqda tərəqqi, inkişaf rəmzi sayılır. Bu simvolda qədim azərbaycanlılarda mövcud olmuş atəşpərəstlik, eləcə də oda sitayişlə bağlı milli ("Novruz" bayramında oda münasibət) ənənələr də nəzərə alınmışdır.

[1] Palıd yarpağı möhkəmliyi, sünbül isə bərəkəti bildirir.

Dövlət gerbinin qabarıq təsviri

[redaktə | mənbəni redaktə et]
Azərbaycan Respublikası Prezidentinin iqamətgahına və xidməti kabinetinə;
Azərbaycan Respublikası parlamentinin binasına, iclas salonuna və parlament sədrinin xidməti kabinetinə;
Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi tribunallarının binalarına, məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə;
Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına;
Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına vurulur.

Səkkiz guşəli ulduz haqqında müxtəlif izahlar verilir. Bəzi tədqiqatçıların fikirlərində məsələyə dini aspektdən yanaşılır: səkkiz guşə cənnət sferasının rəmzidir, çünki cənnətin səkkizinci pilləsi cənnət ul-Alədir. Təsadüfi deyil ki, riyaziyyatda da 8 sonsuzluq, yəni əbədi inkişafın göstəricisidir. Şumer əsatirində Tufan 7 gün 7 gecə davam edib və 8-ci gün Günəş tanrısı Ulu Torpağa istilik göndərib.

Gerbdəki səkkiz guşə ilə bağlı başqa bir izahda isə bildirilir: Ay (qəməri) təqvim islam ölkələrində geniş istifadə olunurdu. Ay təqvimində tarixdə "Türk dövrü" kimi qalmış bir təqvim yaradılıb. Ay fazalarının təkrarlanması müddətinə uyğunluq üçün təqvimdə hər səkkiz ildə üç dəfə (2, 5 və 7-ci illərdə) ilin axırıncı ayı olan Zülhəccəsinə 30-cu gün əlavə edilirdi.

Beləliklə, "Türk dövrü" kimi tanınan bu təqvim dəqiqliyinə görə fərqlənirdi. Sonralar "Türk dövrü" təqvimini yenidən təkmilləşdirərək hər 126 ildən bir səkkizillik dövrün axırıncı dövründəki 7-ci il zamanı Zülhəccəni 29 sutka saxlamaqla dəqiqliyi 1290-cı ildə bir sutkaya qaldırıb və bu təqvimdən XVI əsrdən Türkiyədə istifadə edilib. Ehtimal olunur ki, Osmanlı imperatorluğunun bayrağındakı Ay hilalı yanındakı səkkizbucaqlı dövlətin vaxt ölçüsü cədvəlinə rəmzi işarədir.[3]

Bəzi izahlarda isə səkkiz guşəli ulduz "Odlar Yurdu"-nun səkkiz hərflə yazılışına işarədir.[4]

Bir çox mənbələrdə isə belə məlumat verilir: Səkkiz guşəli ulduz türk xalqlarının səkkiz müxtəlif qolunun rəmzi əksidir.

Poçt markası üzərində

[redaktə | mənbəni redaktə et]
Poçt markası (1993)
2011-ci ildə buraxılmış poçt markası

2011-ci ilin oktyabr ayının 11-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 1 manat, tirajı isə 5000 ədəd olan həmin markalardan biri Azərbaycan Respublikasının Dövlət Gerbinə həsr olunmuşdur.[5]

  1. 1 2 3 4 "Gerbin mənası" (az.). azerbaijans.com. 24 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2021.
  2. İctimai TV. "Azərbaycanın ilk gerbinin dəyişdirilməsinə səbəb nə idi?" (az.). Youtube.com. 28.05.2020. 2021-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-29.
  3. Ə. Ətayi. "Təqvimlər keçmişdə və bu gün". "Elm", 1998, N1
  4. C. Cabbarlı yazırdı: "Səkkiz künclü şu ulduz səkkiz hərfli Od yurdu".
  5. 11.10.2011. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş marka. azermarka.az Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]