Azərbaycan SSR əməkdar ixtiraçısı (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар ихтирачысы) — 9 oktyabr 1959-cu ildə təsis edilmiş fəxri ad. Azərbaycan SSR-in xalq təsərrüfatında, texnikanın tərəqqisində xüsusilə böyük rol oynayan, həyata keçirilmiş ixtiraların müəlliflərinə, habelə ixtiraçılığın inkişafında və ixtiraların həyata keçirilməsində xüsusi böyük xidməti olan şəxslərə verilirdi.[1]
Azərbaycan SSR əməkdar ixtiraçısı | |
---|---|
Азәрбајҹан ССР әмәкдар ихтирачысы | |
Fəxri adın döş nişanı |
|
Ölkə | Azərbaycan SSR |
Tip | fəxri ad |
Kimə verilir | ixtiraların müəlliflərinə və ixtiraçılığın inkişafında xidməti olan şəxslərə |
Status | verilmir |
Statistika | |
Təsis tarixi | 9 oktyabr 1959 |
Fəxri ad Azərbaycan SSR xalq təsərrüfatının bütün sahələrində və ölkənin müdafiəsi uğrunda texnikanın tərəqqisində böyük əhəmiyyəti olan ixtiraçılar hərəkatını genişləndirmək məqsədilə müəyyən edilmişdir.[a] Fəxri ada layiq görülən şəxslərə qızıl döş nişanı verilirdi.[b]
Fəxri adın döş nişanının nümunə və təsviri Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 10 may 1960-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. Qərarda döş nişanının təsviri aşağıdakı kimi verilmişdir:[c]
"Azərbaycan SSR əməkdar ixtiraçısı" döş nişanı diametri 26 mm düzgün dairə şəklindədir, nişanın o biri üzünün səthi hamardır. Döş nişanının üz tərəfi 0,6 mm enində nazik haşiyə ilə haşiyələnmişdir.
"Azərbaycan SSR əməkdar ixtiraçısı" sözləri qabarıq hərflərlə yazılmışdır. Nişanın sol tərəfində sallanmış dəfnə budağına dalğalı lent sarılmışdır. Budaq və lent qabarıq təsvir olunmuşdur. Döş nişanı qulp və halqa vasitəsi ilə 26 mm eni olan düzbucaqlı çərçivəyə birləşdirilir. Çərçivəyə eni 21 mm, hündürlüyü 11 mm olan muar lent çəkilmişdir. Lentin yanlarında 3,5 mm eni olan iki ağ zolaq vardır. Göy rəngli lentin ortasından uzununa 3,5 mm enində mavi zolaq keçir, ondan 1,5 mm aralı 0,2 mm enində iki nazik mavi zolaq keçir.
Döş nişanı tompakdandır, qızıl suyuna çəkilmişdir.[d]
Döş nişanı paltara sancaq vasitəsilə vurulur.