Azərbaycan SSR əməkdar səmərələşdiricisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар сәмәрәләшдириҹиси) — 9 oktyabr 1959-cu ildə təsis edilmiş fəxri ad. Azərbaycan SSR-də istehsalatın təkmilləşdirilməsində ciddi rol oynamış olan, respublikanın xalq təsərrüfatında geniş tətbiq edilən həyata keçirilmiş səmərələşdirmə təkliflərinin müəlliflərinə, habelə istehsalat səmərələşdiriciləri hərəkatının inkişafında və səmərələşdirmə təkliflərinin həyata keçirilməsində böyük xidmətləri olan şəxslərə verilirdi.[1]
Azərbaycan SSR əməkdar səmərələşdiricisi | |
---|---|
Азәрбајҹан ССР әмәкдар сәмәрәләшдириҹиси | |
Fəxri adın döş nişanı |
|
Ölkə | Azərbaycan SSR |
Tip | fəxri ad |
Kimə verilir | səmərələşdirmə təkliflərinin müəlliflərinə və səmərələşdirmə hərəkatının inkişafında xidməti olan şəxslərə |
Status | verilmir |
Statistika | |
Təsis tarixi | 9 oktyabr 1959 |
Ləğv tarixi | 5 fevral 1991 |
Fəxri ad Azərbaycan SSR xalq təsərrüfatının bütün sahələrində və ölkənin müdafiəsi uğrunda texnikanın tərəqqisində böyük əhəmiyyəti olan səmərələşdiricilər hərəkatını genişləndirmək məqsədilə müəyyən edilmişdir.[a] Fəxri ada layiq görülən şəxslərə gümüş döş nişanı verilirdi.[b]
Fəxri adın döş nişanının nümunə və təsviri Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 10 may 1960-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. Qərarda döş nişanının təsviri aşağıdakı kimi verilmişdir:[c]
"Azərbaycan SSR əməkdar səmərələşdiricisi" döş nişanı diametri 26 mm düzgün dairə şəklindədir, nişanın o biri üzünün səthi hamardır. Döş nişanının üz tərəfi 0,6 mm enində nazik haşiyə ilə haşiyələnmişdir.
"Azərbaycan SSR əməkdar səmərələşdiricisi" sözləri qabarıq hərflərlə yazılmışdır. Nişanın sol tərəfində sallanmış dəfnə budağına dalğalı lent sarılmışdır. Budaq və lent qabarıq təsvir olunmuşdur. Döş nişanı qulp və halqa vasitəsi ilə 26 mm eni olan düzbucaqlı çərçivəyə birləşdirilir. Çərçivəyə eni 21 mm, hündürlüyü 11 mm olan muar lent çəkilmişdir. Lentin yanlarında 3,5 mm eni olan iki ağ zolaq vardır. Göy rəngli lentin ortasından uzununa 3,5 mm enində mavi zolaq keçir, ondan 1,5 mm aralı 0,2 mm enində iki nazik mavi zolaq keçir.
Döş nişanı neyzilberdəndir, gümüş suyuna çəkilmişdir.[d]
Döş nişanı paltara sancaq vasitəsilə vurulur.