Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi — Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi Nazirlər Kabinetinin 1989-cu il 6 mart tarixli qərarı ilə yaradılıb.
Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi | |
---|---|
Yaranma tarixi | 6 mart 1989 |
Mərkəzi | |
Sədr | Vaqif Əlixanlı |
Mərkəzin ilk sədri tanınmış türkoloq alim Aydın Məmmədov olub. 1991–2014-cü illərdə Mərkəzə yazıçı Afaq Məsud rəhbərlik edib və 1989–2014-cü illərdə onun baş redaktorluğu ilə Mərkəzin rüblük nəşri olan "Xəzər" jurnalı işıq üzü görüb. 2014-cü ildən 2021-ci ilədək Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə şair, tərcüməçi, esseist Səlim Babullaoğlu rəhbərlik edib . Mərkəz 1991–2007-ci illər ərzində 70-ə yaxın tərcümə əsərini ayrıca kitab kimi çap edib. 2014-cü ildən "Dünya ədəbiyyatı" Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri kimi dərc edilib.
2021-ci ilin iyul ayından Bədii Tərcümə və Ədəbi Əlaqlər Mərkəzinin sədri tərcüməçi, dramaturq Vaqif Əlixanlıdır.
Dərginin qurucusu və ilk baş redaktoru Səlim Babullaoğlu, hazırkı baş redaktoru ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynlidir. Dərginin 2014–2017-ci illər ərzində Ukrayna, Rusiya, Oman, İran, İngiltərə ədəbiyyatları xüsusi sayı, "Dünya dramaturgiyası xüsusi buraxılışı" işıq üzü görüb. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi 2014–2017-ci illərdə Ukraynanın "Vsesvti" jurnalı, Omanın Mədəniyyət Assosiasiyası, İranın Mədəniyyət Mərkəzi, Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi, Serbiya və Moldova Yazıçılar İttifaqları, başqa təşkilatlarla əməkdaşlıq barədə Memorandum imzalayıb. 2014-cü ildən Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin daha nəşri kimi yenilənmiş "Ulu Çinar" jurnalı (Türk xalqları ədəbiyyatı toplusu) işıq üzü görməyə başlayıb. Jurnalın baş redaktoru şair, tərcüməçi Elxan Zaldır.
Mərkəz "ATV Kitab" seriyası ilə əməkdaşlıq edir və bu əməkdaşlıq çərçivəsində dünya xalqları ədəbiyyatalarından onlarla kitab işıq üzü görüb. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi eyni zamanda bir çox beynəlxalq ədəbi tədbirlərin təşkilatçısıdır. 2015-ci ildə ilk dəfə təşkil olunan I Bakı Beynəlxalq Poeziya Festivalı da bu sıradandır.
2019-cu ildə onun rəhbərliyi ilə dahi Azərbaycan şairi Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar şairin ilk dəfə rumın dilində "Ənəlhəqq" (Sunt purul adevar) — 650 misralıq qəzəl və rübailərindən ibarət kitabının tərcüməsi və nəşri gerçəkləşib.
Bakıda Ukrayna, Moldova və İran ədəbiyyatı günləri, Kişinyov və Kiyevdə isə Azərbaycan ədəbiyyatı günləri təşkil edilib.
2014-2022-ci illərdə Mərkəzin nəşri kimi fəaliyyətini davam etdirən "Dünya ədəbiyyatı" dərgisinin Türkiyə, İsrail, Pakistan, İngiltərə, Ukrayna, Rusiya, Serbiya, Moldova, Rumıniya, İran və Oman ədəbiyyatı xüsusi sayları, eləcə də elmi, dramaturji, esse, hekayə xüsusi sayları dərc edilib. 2022-ci ildən Səlim Babullaoğlunun təsisçisi olduğu "Dünya ədəbiyyatı" dərgisi Mərkəzin nəşri kimi dərcini dayandırıb və bilvasitə Azərbaycan Yazıçılar Birliyin nəşri kimi fəaliyyətə başlayıb.