Azərbaycan Xalq Cümhuriyyəti iqtisadiyyatı — Azərbaycan Xalq Cümhuriyyətinin sosial-iqtisadi siyasətinin əsas məzmunu.[1][2]
1918-ci il mayın 28-də[3] Müsəlman Şərqində ilk demokratik və yeganə parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Keçmiş Rusiya İmperiyasının dağıntıları içərisindən yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Avropa tərəfindən tanınmış yeganə türk respublikası kimi tarixə daxil oldu. Cümhuriyyətin yaranması və onun fəaliyyəti xalqın dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun intişarına böyük təsir göstərmişdir. Həmin dövrdə ölkə həyatının bir çox sahələrində, o cümlədən müstəqil demokratik dövlət, milli mədəniyyət, milli təhsil, ordu quruculuğu, həmçinin ölkənin sosial-iqtisadi inkişafı və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətlərində ilk mühüm müstəqil addımlar atılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti tarixinə həmin dövrdə ölkədə milli iqtisadiyyatın və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətində ilk müstəqil addımlar atılmışdır.[4][5]
Azərbaycan Xalq Cümhuriyyətində sosial ədalət istehsal vasitələri üzərində mülkiyyət formaları vasitəsi ilə bərqərar edildi. AXC öz iqtisadi platformasında mülkiyyət plüralizmini nəzərdə tuturdu. Burada dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti formalarının və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılırdı. O zaman geniş yayılmış bolşevizm mövqeyindən fərqli olaraq AXC və onun liderləri fabrik, zavod, torpaq və digər əsas istehsal vasitələri üzərində xüsusi mülkiyyəti rədd etmirdilər. Əksinə, belə hesab edirdilər ki, “bu cür mülkiyyəti tamamilə aradan qaldırmaq indiki vəziyyətdə insanların şəxsi təşəbbüs qüvvətini zorakı olaraq aradan götürür”.[6]
Eyni zamanda, AXC-də xüsusi mülkiyyətin miqyası müəyyənləşdirilir, bu işdə ifrata varmağın zərərli olduğu göstərilirdi. Qeyri-məhdud mülkiyyət hüququ və mənimsəmədə ifratçılıq mülkiyyətin yoxluğu qədər zərərli hesab edilirdi. AXC-nin iqtisadi modelində nəzərdə tutulurdu ki, xüsusi mülkiyyətin mövcudluğu mülkiyyətin tamamilə xırdalanmasına aparıb çıxarmamalıdır. Xüsusən də fabrik və zavodların bu cür xırdalanması qeyri-mümkündür və “burada çalışan əməkçinin işdəki mövqeyi xüsusi surətdə hazırlanan əmək haqqında qanunların tətbiqi ilə təmin olunmalıdır”.[7][8]
Respublikanın yaratdığı iqtisadi qanunçuluğa görə, dövlət mülkiyyətinə və qismən də bələdiyyə mülkiyyətinə “dövlətin sərvət və gəlir qaynağını təşkil edən yeraltı mədənlər”, həmçinin “dəmiryolu, işıq, su, teleqraf və s. bu kimi ümumi işlərə xidmət edən sahələr” daxil edilirdi.[9][10]
AXC-nin aqrar proqramı da iqtisadi fikir baxımından öyrənilməyə layiqdir. Bu proqramın əsasını aqrar islahatı haqqında “Müsavat” fraksiyasının və Torpaq Nazirliyinin nöqteyi-nəzərini əks etdirən qanun layihələri təşkil edirdi. Göstərilən qanun layihələrinin müəyyən fərqlərinə baxmayaraq, məqsədi torpaqsız və aztorpaqlı əhalini torpaqla təmin etməkdən ibarət idi. Həm də xüsusi torpaq mülkiyyətini ləğv etmək deyil, torpağı xüsusi mülkiyyətə elə istehlak normaları üzrə vermək nəzərdə tutulurdu ki, bir tərəfdən kənd əhalisini gəlirlə təmin etmək mümkün olsun, digər tərəfdən istifadəsiz xüsusi sahibkar torpaqları qalmasın.[11]
“Müsavat” fraksiyasının qanun layihəsində torpaqların əvəzsiz verilməsi, digər qanun layihəsində isə müəyyən əvəz müqabilində verilməsi əksini tapmışdı. Birinci qanun layihəsində əvvəlki sahibkarların mülkiyyətində 75 desyatin, digər qanun layihəsində isə yerli şəraitdən asılı olaraq müxtəlif miqdarda torpaq sahəsinin saxlanması müəyyənləşdirilmişdi.[11][12]
AXC-nin iqtisadi platformasında pulun inflyasiyasının qarşısını almaq, inflyasiya şəraitində əmək haqqını tənzimləmək, ümumiyyətlə, pul tədavülünü, xaricə xammal satışını qaydaya salmaq, gömrük siyasəti, sahibkarlarla dövlət arasında münasibətlərin vergi vasitəsilə tənzimlənməsi qaydaları, Rusiya ilə və qonşu respublikalarla iqtisadi əməkdaşlıq şərtləri, iqtisadi fikir və təcrübəni öyrənmək baxımından diqqətəlayiqdir.[13]
Mövcud olduğu 23 ay ərzində AXC bir sıra cari təsərrüfat və mədəniyyət məsələlərinin həllində böyük uğurlar qazandı. Neft sənayesi ağır vəziyyətdən çıxarıldı, dağıdılmış Bakı-Batum neft kəməri bərpa olundu, Bakı-Culfa dəmir yolu inşa edildi, Kür çayı üzərində körpü salındı, maarif və mədəniyyət, xaricdə yüksək ixtisaslı milli kadrlar hazırlanması sahəsində işlər yoluna qoyuldu. Azərbaycan Dövlət Bankı yaradıldı, milli pul nişanları buraxıldı, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirildi, Bakı Universiteti və bir çox ibtidai məktəblər açıldı.[14]
Müstəqil dövlətin atributu kimi milli pul vahidinin buraxılması AXC-nin maliyyə siyasətinin mühüm tərkib hissəsi idi. 1918-ci ilin əvvəlindən Bakıda yeni kağız pullar-“Bakı bonları” buraxıldı (o vaxtadək “Nikolay” pulları və “Kerenski” pul vahidləri işlənirdi). Milli pul vahidinin möhkəmləndirilməsi, onun alıcılıq qabiliyyətinin qorunub saxlanması hökumətin iqtisadi siyasətinin əsas qayğısı oldu. Çünki AXC-nin milli valyutası inflyasiya şəraitində dövriyyəyə buraxılmışdı.[15]
Hökumət həm əvvəlki dövrdən miras qalan, həm də respublikanın mövcudluğu dövründə baş verən inflyasiyaya qarşı mübarizə aparırdı. Bu məqsədlə aşağıdakı tədbirlər həyata keçirildi: müstəqil dövlətin maliyyə, vergi, bank-kredit sistemi yaradıldı; Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bankı açıldı, Maliyyə Nazirliyinin 20 iyul 1919-cu il tarixli qərarı ilə əmtəələrin sərbəst ixracı təmin edildi, AXC parlamentinin bu məsələyə həsr olunan 24 noyabr 1919-cu il tarixli iclasında müxtəlif fikirlər müzakirə olundu. Həmin iclasda qərar qəbul olundu ki, əsas diqqət xəzinənin doldurulmasına yönəldilməlidir. Xəzinəyə müəyyən rüsum keçirmək şərti ilə (ixrac olunan xammalın dəyərinin 25 faizi həcmində) xammal ixracına icazə verilməsinə dair qanun (11 dekabr 1919-cu il) qəbul edildi, xaricə gizli yolla gümüş, qızıl, platin aparılmasına görə məsuliyyət məsələsinə baxıldı və bu məsələ 20 oktyabr 1919-cu il tarixli qanunda öz geniş əksini tapdı.[14]
Respublikanın sərhədləri daxilində mal mübadiləsini tənzimləmək məqsədilə 1919-cu ilin avqust ayından xaricdən Azərbaycana gətirilən bir sıra zinət əşyalarına müvəqqəti gömrük tarifləri tətbiq olundu. Daxili bazarı tənzimləmək məqsədilə Azərbaycandan kənara göndərilən əmtəələr üçün yeni müvəqqəti gömrük qaydalarının tətbiq edilməsi haqqında qanun təsdiq edildi (9 fevral 1920-ci il). Çevik vergi siyasəti yeridildi, dövlət xərclərinin ixtisar edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirildi. Xaricdən ölkəyə gömrüksüz gətirilən malların siyahısı müəyyənləşdirildi, bu siyahıya 200-dən çox məhsulun adı daxil edildi.[11]
XIX-XX əsrin əvvəllərində Azərbaycan Rusiya İmperiyasının tərkib hissəsi olduğundan onun iqtisadi həyatı bilavasitə Rusiya ilə sıx bağlı idi. Digər qonşu ölkələrdə sənaye inkişaf etmədiyindən, Azərbaycan ehtiyac duyduğu sənaye və fabrik məmulatlarını əsasən Rusiyadan əldə edirdi. Lakin həmin dövrdə çarizmin Rusiya İmperiyası ərazisində yürütdüyü mürtəce hakim millətçilik siyasətinin təsiri altında böyüməkdə olan rus sənaye kapitalı bütün Cənubi Qafqaza, o cümlədən Azərbaycana öz sənayesini yaymağa və inkişaf etdirməyə ixtiyarı olmayan, Rusiyaya özünün müxtəlif növ xammalını göndərərək, oradan fabrik məmulatlarını idxal etməyə möhtac qalan bir müstəmləkə kimi baxırdı.[16]
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qəbul etdiyi İstiqlal Bəyannaməsi xalqın müstəqillik əzmini nümayiş etdirdi. Cümhuriyyət hökuməti dövrün çətinliklərinə baxmayaraq, ölkənin sosial-iqtisadi inkişafı və xarici-iqtisadi ticarət əlaqələri yaradılması istiqamətində mühüm addımlar atdı. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycandan Rusiyaya əsasən neft və neft məhsulları, həmçinin pambıq, balıq, düyü, şərab, meyvə, xam ipək, gön-dəri, xalça və s. göndərilir, oradan isə taxıl, kartof, çay, qənd, bitki yağları, manufaktura malları, dəmir, tikinti materialları, sement, kimyəvi mallar gətirilirdi. Rusiya ilə əmtəə mübadiləsi başlıca olaraq Vladiqafqaz dəmir yolu vasitəsilə həyata keçirilirdi. Neft və neft məhsulları isə əsasən dənizlə Həştərxana daşınırdı. Məsələn, 1916-cı ildə Bakı şəhərindən aparılan və ümumi həcmi 408,8 mln.pud olan neft məhsullarının 366,4 min pulu Xəzər dənizi vasitəsilə daşınmışdır ki, bu da Xəzər dənizi vasitəsilə daşınan bütün əmtəə mallarının 89,6%-ni təşkil etmişdir. Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları da əsasən dənizlə və dəmir yolu vasitəsilə daşınırdı. Azərbaycanı Rusiya və digər xarici ölkələrlə əlaqələndirən əsas yol-nəqliyyat xətləri, Qara və Xəzər dənizləri, Vladiqafqaz və Zaqafqaziya dəmiryolları, eləcə də Volqa çayının su-nəqliyyat xətti olmuşdur. Qışda Volqa çayında naviqasiya dayandırıldıqdan sonra isə Volqa çayının su-nəqliyyat xəttini Vladiqafqaz dəmir yolu xətti əvəz edirdi. Azərbaycan Rusiya və Qərbi Avropa ölkələri ilə əlaqəni Qara dəniz vasitəsilə (əsasən Batum və Poti vasitəsilə) yarada bilirdi. Zaqafqaziya dəmiryolu xətti Qara və Xəzər dənizlərini əlaqələndirməklə yanaşı, Vladiqafqaz dəmir yolu ilə də qovuşaraq fasiləsiz dəmir yolu xətti yaradırdı. Zaqafqaziya dəmiryolu xətti özünun yolayrıcıları - Culfa-Təbriz vasitəsilə İranla, Gümrü-Sarıqamış vasitəsilə isə Türkiyə ilə əmtəə mübadiləsini mümkün edirdi. Beləliklə, Azərbaycan Şərqlə, eləcə də Şərqin Qərblə ticarət əlaqələrində böyük tranzit yolu rolunu oynayırdı. 1917-ci il oktyabrın 25-də Rusiyada mərkəzi hakimiyyət bolşeviklər tərəfindən ələ keçirildikdən sonra bu ölkəni vətəndaş müharibəsinin dəhşətli alovu bürüdü.[17][18]
Bəşəriyyət tarixində misli görünməmiş həmin anarxiya keçmiş Rusiya imperiyasının bütün hissələrini əhatə etməyə başladı. Hadisələrin bu cür inkişafı nəticəsində Rusiya imperiyasının tərkibinə daxil edilmiş milli regionlar öz xalqlarını və ərazilərini hərc-mərclikdən qorumaqdan ötrü bir-birinin ardınca öz müstəqilliyini elan etdilər. Bütün İmperiya ərazilərində cərəyan edən hadisələr mərkəzlə ucqar regionlar arasındakı əlaqələrin pozulmasına və nəticə etibarilə Rusiya imperiyasının dağılmasına gətirib çıxartdı. 1917-ci ilin oktyabrında baş vermiş siyasi dəyişikliklərdən sonra isə Rusiya ilə yeni əlaqələrin, o cümlədən iqtisadi-ticarət əlaqələrinin yaradılmasında bir çox problemlər yarandı ki, onlardan da ən başlıcası Rusiyanın heç bir guşəsində vahid Rusiya hökuməti sayıla biləcək dövlət qurumunun yoxluğu sayılırdı. Yaranmış son dərəcə mürəkkəb siyasi vəziyyət yeni iqtisadi əlaqələrin qurulmasını mümkünsüz edirdi. Lakin müstəqillik yolunda ilk addımlarını atmaqda olan Cümhuriyyət hökuməti dövrün mürəkkəb problemləri ilə əhatə olunmasına baxmayaraq, ölkədə iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində lazımi tədbirlərin həyata keçiriləcəyinə söz verərək, müvafiq addımlar atmağa çalışırdı. Azərbaycan Respublikası Ərzaq Nazirliyinin müvəkkili V.Smirnov 19 yanvar 1919-cu il tarixli "Azərbaycan” qəzetində dərc olunmuş müsahibəsində qeyd edirdi: ”Hazırkı mürəkkəb vəziyyətdən yeganə çıxış yolu əmtəə mübadiləsi üçün normal şəraitin yaradılmasıdır.[19]
Ərzaq Nazirliyi digər ölkə və vilayətlərdən ərzağın alınması və tədarükü üçün öz nümayəndə və müvəkkillərini Ukraynaya və Kubana göndərməyi qərara almışdır. Ərzaq Nazirliyinin müvəkkilləri yerli ərzaq təşkilatları, kooperasiyalar ilə, həmçinin ayrı-ayrı şəxslərlə əmtəə mübadiləsinin yaradılması haqqında danışıqların aparılması üçün Şimali Qafqaza, Qara dəniz quberniyalarına və Kuban vilayətinə də ezam edilmişdilər. Öz növbəsində, həmin vilayətlərin nümayəndələri də özlərinə lazım olan məhsulları əldə etmək üçün Azərbaycana gəlirdilər. Həmin ölkə və vilayətlərlə Azərbaycan arasında qənaətbəxş münasibətlərin yaradılması mümkün olmuşdur. Müstəqilliyin ilk aylarından etibarən Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyinin qorunması, onun qonşu ölkə və vilayətlərlə həyata keçirdiyi əmtəə mübadiləsini nizamlı surətdə təşkil etmək üçün Cümhuriyyət hökuməti tərəfindən bir sıra mühüm qərarlar qəbul edilmişdir. Belə ki, hökumətin 19 iyun 1918-ci il tarixli qərarı ilə Ərzaq Nazirliyinə tapşırılırdı ki, gündəlik tələbat mallarının və mal-qaranın ixracına qadağa qoyulması haqqında təcili olaraq qərar dərc etsin. Hökumətin 22 iyun 1918-ci il tarixli qərarı ilə xarici ölkələrə şərab və digər ərzaq məhsullarının, 27 iyun 1918-ci il tarixli qərarla ilə isə xaricə pambıq, ipək, yun, metal, mal-qara, çörək və digər məhsulların ixrac edilməsi qadağan olundu. Hökumətin 1918-ci il iyununun 22-də qəbul etdiyi digər qərarla xaricə ərzaq məhsullarının ixrac edilməsinin qarşısını almaq məqsədilə, Poylu stansiyasında sərhəd postu təsis edildi.[20]
Xarici ölkə və vilayətlərlə əmtəə mübadiləsini nizamlı şəkildə həyata keçirməkdən ötrü müvafiq qurumun yaradılmasına böyük ehtiyac duyulurdu. Bu məqsədlə hökumətin 23 iyun 1918-ci il tarixli qərarı ilə əmtəə mübadiləsi bürosunun təşkil edilməsi ticarət və sənaye nazirinə tapşırıldı.[21]
Beləliklə, digər ölkə və regionlarla əmtəə mübadiləsinin təşkili, əmtəə mübadiləsinin norma və qaydalarının müəyyən edilməsi üzrə müvafiq qərarların qəbul edilməsi üzrə Azərbaycan Respublikasının Ticarət və Sənaye Nazirliyi nəzdində "Xarici dövlət və qonşu vilayətlərlə əmtəə mübadiləsi komitəsi” təsis edildi. "Əmtəə Mübadiləsi Komitəsi” haqqında əsasnamə Hökumətin 12 fevral 1919-cu il tarixli qərarı ilə təsdiq edildi. Həmin Komitə idarələrarası məşvərətçi, ayrı-ayrı hallarda isə sərəncamverici orqan kimi yaradılmışdır. Azərbaycana lazım olan malların xarici ölkələrdən və qonşu vilayətlərdən idxal edilməsi, neft və neft məhsullarının isə həmin ölkə və vilayətlərə ixracına dair məsələlərlə” Əmtəə mübadiləsi komitəsi” məşğul olurdu. Komitədə əmtəə mallarının Azərbaycandan ixracı və Azərbaycana idxalı ilə bağlı ərizələrə baxılır və müvafiq qərarlar qəbul edilirdi. "Əmtəə mübadiləsi üzrə komitə”nin tərkibinə bir sıra hökumət və ictimai təşkilatların nümayəndələri, o cümlədən Ticarət, Sənaye və Ərzaq Nazirliyi; Maliyyə Nazirliyi; Əkinçilik və Dövlət Əmlakı; Rabitə Yolları; Dövlət Nəzarəti Nazirliklərinin, eləcə də Neft Sənayeçilərinin Qurultay Şurasının və Bakı Şəhər İdarəsinin nümayəndələri də daxil edilmişdir. Əmtəə mallarının dəmiryolu vasitəsilə daşınması haqqında məsələlər müzakirə edilərkən, bu Komitənin iclasına dəmiryolu daşınmaları bürosunun sədri də dəvət olunurdu. Arxiv sənədləri təsdiq edir ki, həmin dövrdə fəaliyyətdə olan bir çox təşkilatlar Əmtəə Mübadiləsi Komitəsinin yaradılmasını böyük rəğbətlə qarşılamışdır.[22]
Xarici ölkələrə əmtəə mallarının ixrac edilməsi üzrə qaydalar işlənib hazırlanaraq Azərbaycan Respublikasının Ticarət və Sənaye Nazirliyinin 16 mart 1919-cu il tarixli qərarı ilə təsdiq edilmişdir. Həmin qaydalara uyğun olaraq xaricə ixrac olunan əmtəə malların siyahısı tərtib edilmişdi. Siyahıda ixrac olunan əmtəə malları üç qrupa ayrılırdı. Birinci qrupa - ixracına icazə verilməyən mallar və yaxud ixracına icazənin verilməsi Əmtəə Mübadiləsi Komitəsinin səlahiyyətinə aid olmayan mallar daxil edilmişdir (məsələn, çörək, taxıl, dənli bitkilər, müxtəlif növ yarmalar, iri və kiçik buynuzlu mal-qara, at, donuz, ev quşları, ət və ət məhsulları, etil spirti, dava-dərman, kaustik soda, külçə və sikkə halında olan qızıl və gümüş, sortluq dəmir və dəmir məmulatları, soyuq silah, yivli odlu silah, güllə, müxtəlif barıt və mərmilər).[23] İkinci qrupa - ixracına Komitə tərəfindən icazə verilən əmtəə malları daxil idi: (məsələn, düyü, düyü kraxmalı, makaron, müxtəlif toxumlar, bostan toxumları, müxtəlif tərəvəz məhsulları, kartof, noxud, paxla, tərəvəz konservləri, qoz, badam, püstə, şabalıd, quru meyvələr və meyvə konservləri; neft və neft məhsulları; dəri və xəzlər (aşılanmış və aşılanmamış); bitki və lifli materiallar, o cümlədən pambıq, kənaf; yun və yun məhsulları; barama toxumu, xam ipək, brezent və kisələr, odlu ov silahları). Yerdə qalan digər mallar üçüncü qrupa aid edilmişdir ki, onların da sərbəst surətdə xarici ölkə və vilayətlərə ixrac edilməsinə icazə verilirdi.[24][25]
Azərbaycan Xəzinə Palatası Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin maliyyə sisteminə daxil olan mühüm dövlət qurumu idi. Cümhuriyyət Hökumətinin 1918-ci il il 21 oktyabr tarixli qərarı ilə Bakı Xəzinə Palatası Azərbaycan Xəzinə Palatasına çevrilərək, onun fəaliyyət dairəsi həmin il oktyabrın 11-də ləğv edilmiş, Gəncə Xəzinə Palatası da daxil olmaqla bütün Cümhuriyyət ərazisinə şamil edilmişdi.
Azərbaycan Xəzinə Palatasının fəaliyyəti dövründə dövlət vergilərini toplamaq üçün Bakı şəhəri və Balaxanı, Sabunçu polismeysterliyi nəzdində vergi pristavları vəzifələri yaradılmışdı. Xəzinə vergiləri üzrə hərraca çıxarılan daşınar və daşınmaz əmlakın siyahıya alınması və satışı qaydaları Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919 il sentyabrın 27-də qəbul etdiyi qanunla tənzimlənirdi. Bu qanunla quberniyalarda daşınar və daşınmaz əmlakın hərracda satılması vəzifələri Azərbaycan Xəzinə Palatasına həvalə olunurdu. Şəhərlərdə və qəzalarda isə dəyəri 25 min manatdan çox olmayan daşınar və daşınmaz əmlakın hərracda satılması vəzifəsi polis idarələrinin hərrac müfəttişlərinə, əmlakın siyahıya alınması və satışının təşkili isə vergi polisinə həvalə olunurdu.[26]
Bunun nəticəsində ölkədə xəzinə vergilərinin yığılması işi canlanmış və dövlətin maliyyə ehtiyatları artmağa başlamışdı.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.