Azərbaycanda şərabçılıq

Azərbaycanda şərabçılıqAzərbaycan Respublikasındakı yeyinti sənayesi sahələrindən biri.

Azərbaycanda şərabçılıq əsasən sovet hakimiyyəti illərində inkişaf etdirilən bir sahədir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2011-ci ildə respublikada 693 min dekalitr əmtəəlik, yəni satış üçün şərab istehsal edilib. Ölkə daxilində istehlak edilən və ya xaricə göndərilən şərab məhsullarının həcmi isə bundan xeyli aşağı olub: Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Azərbaycanda yaşı 15-dən yuxarılar arasında adambaşına çaxır istehlakı ildə cəmi 0,03 litrə bərabərdir. 1984-cü ildə respublikada 2,1 mln. ton üzüm yığılmışdı və həmin illərdə ölkədə 100-110 mln. dekalitr çaxır materialı, 10,4 mln. dekalitr şərab, 1,4 mln dekalitr konyak şərabı, 1,5 milyon dekalitr şampan şərabı istehsal edilmişdi. SSRİ-nin sonuna yaxın Azərbaycanın toplam gücü 1,8 milyon ton olan 181 şərab zavodu əsasən Rusiya bazarı üçün işləyirdi.

Qara üzüm
Monolit şatosunun zirzəmisində hazır gözlədilən şərablar və çəlləklər

Sovet illərində Azərbaycanda xüsusi Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi fəaliyyət göstərirdi. Onun tərkibinə 256 xüsusi sovxoz, həmçinin 97 sovxoz-zavod, 8 müstəqil ilkin şərab emalı zavodu və 10 ədəd təkrar şərab emalı zavodu daxil idi. Komitənin müəssislərində 300 mindən artıq insan işləyirdi. 1980-ci ildə Azərbaycanda 120 milyon dekalitr çaxır, 1,16 milyon dekalitr konyak istehsal edilmişdi. Həmin vaxtlar Azərbaycanın şərab zavodları 60-dan çox markalı şərab, o cümlədən 17 növ kəmşirin çaxır, 20 növ portveyn tipli tünd desert çaxırı, 11 növ desert çaxırı və 6 növ markalı konyak istehsal edib. 1982-ci ildə ölkədə 267 min hektar üzüm sahəsi olub və hektardan məhsuldarlıq 95 sentner təşkil edib. Ölkə üzrə üzüm istehsalı 2,1 milyon təşkil edib.

Həmin illərdə üzümçülükdən gələn vəsaitlər ölkə büdcəsinin 40 faizin təşkil edib. Bütövlükdə isə Azərbaycan büdcəsinin 60 faizi kənd təsərrüfatından formalaşırmış. Hazırda isə Azərbaycan büdcəsinin gəlir hissəsinin 70 faizindən çoxu neft-qaz sektorundan gələn vəsaitlərin hesabına təmin edilir. Yəni üzümçülük sektoru əvvəlki gücünü bərpa edərsə, büdcə gəlirlərinin təminində neft sektoruna layiqli alternativ ola bilər.

Mixail Qorbaçovun alkoqol əleyhinə apardığı kampaniyanın ən ağır zərbəsi Azərbaycana dəymişdi və 130 min hektar üzüm bağı qısa müddət ərzində məhv edilmişdi. Ermənistan tərəfindən işğal edilən Qarabağ torpaqlarında isə 45 min hektardan çox üzüm bağı qalıb. Yəni 180 min hektara yaxın üzüm bağı hələ sovet illərində itirilib. Qalan 80 min hektardan çox üzüm bağı isə müstəqillik illərində məhv oldu - 1990-cı illərdə Rusiya ilə əlaqələrin qırılması nəticəsində şərab zavodları məhsulunu sata bilmədi və əhalidən üzüm tədarük etmədi. Nəticədə, təsərrüfatlarda üzümlüklər məhv edilərək yerində taxıl və başqa bitkilər əkilməyə başladı.

Hazırda isə KTN tərəfindən ənənəvi üzümçülük rayonlarında yeni-yeni üzüm bağlarının salınması siyasəti yürüdülür. Təxminən hər il bu rayonlar üzrə sahələr təxminən 200 hektar artırılır. Məsələn, keçən il Şamaxıda 1,1 min hektar üzüm bağı olubsa, bu il 1,3 min hektara çatdırılıb. 2020-ci ildə Şamaxıda üzüm bağlarının sahəsi 5,5 min hektar olmalıdır. Xüsusi qəbul edilmiş Dövlət Proqramı çərçivəsində 2020-ci ildə ölkə üzrə üzüm bağlarının sahəsi 50 min hektara çatdırılmalıdır. Bağlar Şamaxı - Ağsu - İsmayıllı, Cəlilabad, Gəncə - Qazax, Naxçıvan bölgələrini əhatə etməlidir. Beləliklə, 2020-ci ilə Azərbaycanda üzüm istehsalı 500 min tona çatdırılmalıdır. KTN təmsilçilərinin verdiyi məlumata görə, yığılan məhsulun 30 faizinin süfrə üzümü olacağı düşünülür. Qalan 350 min ton üzüm isə emal edilərək markalı şərablara çevriləcək.[1]

Üzümçülük və şərabçılığın inkişafında Heydər Əliyevin rolu

[redaktə | mənbəni redaktə et]

Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbərlik etdiyi dövrdən başlayaraq üzümçülüyün və onun emal sənayesinin inkişafına xüsusi diqqət yetirmiş, onun göstərişi və qərarları ilə üzüm bağlarının ümumi sahəsi genişlənmiş, üzüm istehsalı isə yüksəlmişdir.

Heydər Əliyevin şəxsi göstərişi ilə respublikada üzümçülük və şərabçılıq sa­həsinin inkişafını idarə etmək və tənzimləmək məqsədi ilə 1970-ci ildə respublika Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi yaradılmışdır.

Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin elmi əsaslarla inkişafını təmin etmək üçün Nazirlər Sovetinin 12 avqust 1976-cı il tarixli, 269 saylı sərəncamı ilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu yaradılmışdır. Respublikanın bütün zonalarında üzümçülük və şərabçılığın elmi əsaslarını öyrən­mək və elmi nailiyyətlərin istehsalata tətbiqi məqsədilə bu institutun Naxçıvan MR-də, Gəncə şəhərində, Şamaxı və Cəlilabad rayonlarında təcrübə stansiyaları və dayaq məntəqələri yaradılmışdır.

Heydər Əliyevin üzümçülük sahəsinə göstərdiyi qayğı və diqqətin əsas nəticəsinə xalqımız 1984-cü ildə nail olmuşdur. Həmin il üzümlüklərin ümumi sahəsi 286 min hektara çatdırılaraq üzüm istehsalı 2.12 milyon ton, hektardan məhsuldarlıq isə 100 sentner təşkil etmişdir. Heydər Əliyevin təşəbbüsü və tələbi ilə şərabçılıq sənayesini mühəndis-texnoloq, mühəndis-mexanik kadrları ilə təmin etmək məqsədi ilə 1981-ci ildə Gəncə şəhərində Azərbaycan Texnologiya İnstitutunun yaradılması barədə keçmiş İttifaq hökuməti xüsusi qərar qəbul etmişdir. Azərbaycan üzümçülüyü Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi (1969-1982) illərdə özünün yüksək inkişaf mərhələsini keçmişdir, belə ki, illərdə üzümlüklərin sahəsi genişlənir, məhsuldarlıq artır, üzümün keyfiyyəti ildən-ilə yaxşılaşırdı[2]

Respublikada üzümlüklərin coğrafi cəhətdən yerləşdirilməsi üzümün əkildiyi bütün rayonlarda əlverişli torpaq-iqlim şəraitinin olması ilə xarakterizə olunur. Üzümçülüyün inkişafına dair nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi, respublikamızın keçmiş ittifaqda aparıcı yerlərdən birini tutmasına və təbii-iqtisadi şəraitdən daha səmərəli istifadə etməklə yüksəkkeyfiyyətli süfrə üzümü və şərab istehsal olunmasına imkan verdi. 1970-ci ildən başlayaraq, respublikada mövcud üzümlüklərin vəziyyəti yaxşılaşdırılır, digər tərəfdən isə elmi əsaslara söykənən geniş miqyasda yeni üzümlüklər salınırdı. Üzümçülükdə yaranmış problemləri tezliklə aradan qaldırmaq üçün H.Əliyevin bilavasitə rəhbərliyi altında təxirəsalınmaz vəzifələr müəyyən edildi və Mərkəzi Komitənin bürosunda «Üzümçülüyün inkişafında ciddi nöqsanlar və respublikada üzüm istehsalını və şərabçılığı daha da yüksəltmək sahəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini təmin etmək tədbirləri haqqında» məsələ müzakirə edildi. Bu təd­birlərin uğurlu nəticəsi idi ki, 1970-ci ildə 672 təsərrüfat üzüm istehsalı ilə məşğul olmuş, o cümlədən 244 ixtisaslaşdırılmış üzümçülük sovxozları təşkil edilmişdir. Bu dövrdə üzümçülüyə dair geniş tədqiqat işləri aparılaraq, respublikada üzümçülük və şərabçılığın intensiv inkişafını təmin etmək üçün perspektivli 10 təbii-iqtisadi bölgə müəyyənləşdirilmiş və bu bölgələrdə iri üzümçülük aqrar-sənaye birlikləri və sovxozlar fəaliyyət göstərmişdir. 1973-cü ildə üzüm tədarükünün həcmi 397 min ton və ya 1972-ci ildəkindən 114 min ton və ya 1971-ci ildəkindən 186 min ton çox oldu. H.Əliyev bütün müvafiq təşkilatlara və kənd təsərrüfatı orqanlarına istehsalı yalnız intensivləşdirmə yolu ilə inkişaf etdirməyin mümkün olduğunu izah edir və bunun üçün hər bir kolxoz və sovxozda konkret tədbirlər görülməsini tələb edirdi. 1970-ci ildə üzümlüklərin sahəsi 121,6 min hektara, 5 il ərzində 50 min hektardan çox yeni üzümlüklər salınaraq 1975-ci ildə 178,1 min hektara çatdırılmışdır. 1970-ci ilə nisbətən 1975-ci ildə məhsul istehsalı 2 dəfəyə qədər artaraq 351,7 min tondan 706,2 min tona qədər artmış, məhsuldarlıq isə 46,8 s/ha-dan 65,1 s/ha-ya yüksəlmişdir. Azərbaycanın ayrı-ayrı üzümçülük təsərrüfatlarında müxtəlif sortlardan yeni üzümlüklərin salınması geniş vüsət aldı. Qeyd etmək lazımdır ki, mövcud üzüm­lüklərdə süfrə və texniki sortların əkinləri arasındakı nisbətin qeyri-mütənasib olması ilə əlaqədar olaraq gələcəkdə öz keyfiyyəti ilə üstünlük təşkil edən yerli üzüm sortlarının əkin sahələrinin artırılması nəzərdə tutulurdu.

«Kənd təsərrüfatı istehsalının daha da ixtisaslaşdırılması və Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişafına dair tədbirlər» haqqında keçmiş Sov.İKP və Nazirlər Sovetinin 22 fevral 1979-cu il qərarı qarşıya möhtəşəm vəzifələr qoy­du. Həmin qərara əsasən 1990-cı ildə respublikada üzüm istehsalının 2,5-3,0 mil­yon tona çatdırılması nəzərdə tutulmuşdur.1970-1980-ci illərdə Respublikada üzümçülük yüksək templə inkişaf etməyə başladı. Həmin illərdə 180 min hektar sahədə yeni üzümlüklər salındı. Üzümlüklərin ümumi sahəsi 270 min hektara çatdırıldı. Üzümçülüyün inkişafı ilə yanaşı respublikada şərabçılığın inkişafı da təmin olundu. Vaxtilə (1980-1985-ci illər) Azərbaycanda sənaye miqyaslı üzüm bağlarının 85,3%-ni texniki üzüm sortları, 14,7%-ni isə süfrə sortalrı təşkil edirdi.

Təbiidir ki, üzümçülüyün inkişafını üzüm sortları olmadan təsəvvür etmək mümkün deyil. Vaxtilə üzümlüklərin 69,1%-i suvarılma, 30,9%-i isə dəmyə şə­raitində əkilib-becərilirdi. 80-ci illərdə Azərbaycanda mövcud olan üzümlüklərin 16,4%-i Mədrəsə, 11,2%-i Bayanşirə, 10,6%-i Həməşərə, 4,1%-i Xindoqnı, 2,4%-i Mələyi, 0,4%-i Ağ şirə və Misqalı, 3,4%-i Təbrizi, 1,5%-i Ağ şanı və Qara şanı yerli üzüm sortları (cəmi 50,1%) becərilən sahələr təşkil edirdi. Əsrlər boyu təbii xalq seleksiyası yolu ilə Azərbaycanda yerli üzüm sortları və formaları yaradılmışdır ki, bunların da öyrənilməsi, təsərrüfat baxımdan qiymətləndirilməsi, botaniki cəhətdən təsvir edilməsi və qruplar üzrə təsnif edilməsi tələb olunurdu.1980-1984-cü illərdə respublikada üzüm istehsalı 1,7-2,1 mln. tona, hektardan məhsuldarlıq müvafiq olaraq 70-100 sentnerə çatdırıldı. Artıq 1984-cü ildə üzümlüklərin əkin sahəsi 284,1 min hektar, üzüm yığımı 2,126 min ton, hektardan məhsuldarlıq respublikada ən yüksək həddinə çataraq 99,2 sentner təşkil etdi. Azərbaycan üzüm istehsalının həcminə görə keçmiş İttifaqda birinci yerə çıxdı.

Qanunvericilik bazası

[redaktə | mənbəni redaktə et]

19 oktyabr 2001-ci il tarixində "Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir[3].

  1. "Çaxırın paxırı açılır (ARAŞDIRMA)". 2013-08-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-16.
  2. "Üzümçülük Və Şərabçılığın Inkişafında Ümummilli Lider Heydər Əliyevin Rolu" (az.). Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu. 16.03.2023 tarixində arxivləşdirilib.
  3. "Üzümçülük və şərabçılıq haqqında" Arxivləşdirilib 2022-01-20 at the Wayback Machine Azərbaycan Respublikasının 19 oktyabr 2001-ci il tarixli, 208-IIQ nömrəli Qanunu. e-qanun.az  (az.)