Azərbaycanda hərbi kommunizm siyasəti

Azərbaycanda hərbi kommunizm siyasəti — Sovet hakimiyyəti dövründə Azərbaycanda ilk iqtisadi siyasət.

1920-ci ildə Azərbaycan iqtisadiyyatının spesifik xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

1920-ci ildə Sovet hakimiyyəti Azərbaycanda özünün iqtisadi siyasətini spesifik, mürəkkəb və çətin şəraitdə həyata keçirməyə başladı. İri sənaye mərkəzi olan Bakını çıxmaqla, Azərbaycan iqtisadi baxımdan əsasən geridə qalmış, kəndli ölkəsi idi. Burada yarımpatriarxal — yarımfeodal məişətin qalıqları ilə çulğalaşmış kapitalist və yarımfeodal münasibətləri mövcud idi. Azərbaycanın iqtisadiyyatı çoxukladlı xarakter daşıyırdı. Onda müxtəlif ictimai-iqtisadi ukladların ünsürləri var idi. Regionda baş verən müharibələr zamanı Azərbaycanın iqtisadiyyatı dağılmış və əldən düşmüşdü. Azərbaycan əhalisinin təqribən ¾-dən çoxunu kəndlilər təşkil edirdi. Ölkə əhalisinin 90 faizi savadsız idi. Xüsusən kənddə mədəni həyat səviyyəsi aşağı idi. Azərbaycanın milli, etnik qrupları özlərinin tarixi keçmişinə, dilinədini etiqadına, məişətinə və adətlərinə, mədəni və siyasi inkişaf dərəcəsinə görə bir-birindən xeyli fərqlənirdilər.

Sovet hakimiyyəti dövründə Azərbaycanda ilk iqtisadi siyasət

[redaktə | mənbəni redaktə et]

Belə şəraitdə sovet hakimiyyəti özünün iqtisadi siyasətini həyata keçirməyə başladı. Bu, zaman etibarilə Sovet Rusiyasında vətəndaş müharibəsi və dağıntı şəraitində məcburiyyət qarşısında tətbiq edilən "hərbi kommunizm" siyasəti ilə eyni vaxta təsadüf edirdi. Həmin siyasətin əsas hissəsi ərzaq sapalağı idi. Sovet Azərbaycanı ilə Sovet Rusiyası arasında siyasi və iqtisadi sahədə əməkdaşlıq münasibətləri əksər hallarda qeyri-bərabər idi və Azərbaycan Respublikasının müstəqilliyi pozulurdu. Azərbaycan SSR-in, ümumiyyətlə digər müttəfıq respublikaların da suverenliyi faktiki olaraq kommunist partiyasının "ümumi vahid beynəlmiləlçilik" siyasəti ilə, sosializm cəmiyyəti quruculuğunun ümumi qanunauyğunluqları deyilən prinsiplərlə əvəz olunmuşdu. Halbuki gerçəklik, real həyat sovet milli respublikalarının, o cümlədən də Azərbaycan SSR-in konkret özünəməxsus şəraitinin daim nəzərə alınmasını tələb edirdi. Lakin mal-qara və digər kənd təsərrüfatı məhsullarının tədarükü ilə əlaqədar qəzalarda müxtəlif ərzaq agentlikləri, tədarük komissiyaları və vəzifəli şəxslər tərəfindən sui-istifadə hallarına və qanunsuz hərəkətlərə yol verilir, ümumiyyətlə özgəninkiləşdirilməli olmayan ev əşyalarının, pal-paltarın və sairənin zorla alınması halları təkrar edilirdi. Belə özbaşnalığın respublikada fəhlə-kəndli hakimiyyətinin əsaslarını sarsıtdığını nəzərə alaraq, Nəriman Nərimanov Moskvadan gələn kimi xüsusi əmr verərək bütün qəza inqilab komitələrinə, məntəqə və kənd yoxsul komitələrinə, ərzaq orqanlarına tapşırdı ki, sovet ölkəsində bu cür yolverilməz halların qarşısını birdəfəlik almaq üçün qəti tədbirlər görsünlər.[1]

Əyalət fövqəladə komissarları qəzalarda torpaq məsələsinə qanunsuz olaraq müdaxilə edir, Azərbaycan İnqilab Komitəsinin torpaq haqqında dekretinə əsasən həyata keçirilən siyasəti pozurdular. Azərbaycan İnqilab Komitəsi 1920-ci il iyulun 28-də hökumət başçısı N. Nərimanovun xüsusi əmri ilə bu cür hərəkətləri pisləmişdi.[2]

İqtisadi fəaliyyət sahəsində Sovet Rusiyasının təcrübəsini mənimsəməyin və nəzərə almağın zəruri olduğunu bildirən AK(b)P-nin II qurultayı (1920-ci il, oktyabr) öz qətnaməsində göstərirdi: "RKP-nin (Rusiya Kommunist Partiyasının) rəhbər qərarları yalnız o dərəcədə dəyişdirilə bilər ki, bunlar Azərbaycanda, məsələn, aqrar münasibətlər və ya sovet quruculuğunun ayrı-ayrı sahələrində yaranmış şəraitdən fərqli şəraitdə qəbul edilmişdir, yaxud bunları daha çox konkretləşdirilməyə və dəqiqləşdirilməyə ehtiyac var".[3]

"Hərbi kommunizm" siyasəti sisteminə aid tədbirlərdən Azərbaycanda bəziləri, özü də daha məhdud formada və qısa müddət ərzində həyata keçirilirdi. Əgər "hərbi kommunizm" zamanı Sovet Rusiyasında xüsusi ticarətə yol verilmirdisə, sovet hakimiyyətinin ilk aylarında Azərbaycanda azad ticarət mövcud idi və yalnız 1920-ci il avqustun 26-da Azərbaycan İnqilab Komitəsi taxıl ticarəti inhisarı haqqında dekret qəbul etmiş, bir sıra qəzalarda taxılın və başqa kənd təsərrüfatı məhsullarının dövlət tədarükü tətbiq olunmuşdu. Həmin dekret Mərkəzin təzyiqi altında RK(b)P MK Qafqaz Bürosunun himayəsi ilə AK(b)P MK vasitəsilə qəbul edilmişdi. 1920-ci il avqustun 6-da onların birgə iclasında RSFSR xalq ərzaq komissarının müavini M. İ. Frumkinin Azərbaycanda iqtisadi siyasət haqqında məruzəsi müzakirə olundu. İlk vaxtlar bütün mallar, ərzaq və zəruri tələbat şeyləri ilə azad ticarətin elan olunmasının möhtəkirliyin yayılmasına, sovet orqanları, habelə maliyyə sisteminin pozulmasına xeyli dərəcədə şərait yaratdığını qeyd edərək AK(b)P MK qərara almışdı: "RSFSR-in iqtisadi siyasəti Azərbaycanda dönmədən, lakin kifayət qədər ehtiyatla həyata keçirilməlidir və tədbirlər sovet aparatının nizama salınmasına uyğun olaraq görülsün".[4] Qərarda daha sonra deyilirdi ki, kəndlilərə münasibətdə tədbirlərin hamısı onların bütün dövlət tapşırıqlarını yerinə yetirməsi ilə yanaşı görülməlidir; qolçomaq ünsürlər bunları yerinə yetirməkdən boyun qaçırdıqda dövlət tərəfindən məcburiyyət tədbirləri tətbiq edilsin; yer quruluşunun yeni əsaslarını və möhkəm ərzaq siyasəti və iqtisadi siyasəti həyata keçirmək zəminində yoxsulları maddi cəhətdən maraqlandırmaqla, onları "proletariat diktaturasının" kənddə sosial bazası kimi öz tərəfimizə çəkməyə çalışmaq lazımdır.

Bütün taxıl məhsulları, habelə ən mühüm xammal növlərinin tədarükü üzərində inhisar elan edilirdi: "… Mal-qaranın tədarükü yalnız sapalaq qaydasınca, inhisarsız aparılmalıdır. İnhisara alınan ərzaq və xammala ümumrusiya qiymətlərinə uyğun möhkəm qiymətlər qoyulmalıdır… " Bütün taxıl məhsulları, habelə ən mühüm xammal növlərinin tədarükü üzərində inhisar elan edilirdi.[4]

Tədarükü yalnız Xalq Ərzaq Komissarlığı aparırdı. Bütün əsas sənaye məhsulları (parça, çay, şəkər, kibrit, dəmir, şüşə, kənd təsərrüfatı maşınları, avadanlığı, ağ neft və s.) dövlət hakimiyyəti orqanları tərəfindən bölüşdürülür, qalan məhsullar isə sərbəst dövriyyədə idi. Yalnız kiçik kustar müəssisələri dövlətin ixtiyarına verilmirdi.

1920-ci il sentyabrın axırında Azərbaycanda ərzaq sapalağı və ümumi əmək mükəlləfiyyəti tətbiq edildi.

1920-ci ilin oktyabrından etibarən fövqəladə səlahiyyətlərə malik olan sovet təsərrüfat orqanlarının nümayəndələrindən ibarət "Azərbaycan SSR-in ərzaq müşavirəsi" bütün ərzaq işini birləşdirmək, mərkəzləşdirmək və ona rəhbərlik etmək sahəsində fəaliyyətə başladı. Ancaq onun köməyi ilə tədarük olunan ərzaq Bakının və qəza şəhərlərinin ehtiyaclarını ödəmirdi. Ərzaq müşavirəsinin məlumatına görə, Azərbaycanda taxıl çatışmazlığı 9 milyon pud miqdarında idi.[5]

"Hərbi kommunizm" siyasətinin ağır nəticələri

[redaktə | mənbəni redaktə et]

Azərbaycan SSR əhalisi həmin vaxt öz ərazisində yerləşən "Qızıl ordu" hissələrinin və fəhlələrin ehtiyaclarını "hərbi kommunizm" siyasəti tədbirləri ilə ödəmək iqtidarında deyildi.

Azərbaycanda yerləşən "Qızıl ordu" hissələrindən bəzilərinin komandirləri Azərbaycan hökumətinin yerli orqanları ilə əsla hesablaşmır, özlərinə özbaşına və sərbəst, əslində müstəmləkəçilər kimi aparırdılar. hədsiz rekvizisiyalar, müsadirələr, mənzillərin sıxlaşdırılması, mürtəce əhval ruhiyyəli hərbçilərin təhqiramiz hərəkətləri, şəriətin, milli adət və ənənələrin təhqir olunması əhalini ümidsiz vəziyyətə salmışdı. Ordunu ərzaq, paltar və ayaqqabı ilə təchiz etmək xalqın çiynində ağır yük olmuşdu. Tağıyev fabriki parça ilə yalnız ordunu təchiz edirdi, istehsal olunan ayaqqabının 75 faizi orduya verilirdi. İş o yerə gəlib çatmışdı ki, təcili surətdə "bütün mağazalardan və istər açıq, istərsə də gizli surətdə ayaqqabı alveri edən şəxslərdən ordu üçün yararlı olan ayaqqabının hamısını müsadirə etmək" tapşırılmışdı.

Gürcüstanda sovet hakimiyyəti elan olunduqdan sonra XI Qızıl ordunun oraya köçürülmüş hissələrini bir aydan sonra Azərbaycana qaytarmaq planlaşdırılırdı. N. Nərimanov, D. Bünyadzadə və A. Serebrovski bundan xəbər tutaraq, Moskvaya həyəcanlı teleqram göndərdilər: "Azərbaycan kəndliləri və fəhlələri on ay ərzində XI ordunun yerləşdirilməsinin bütün ağırlığını çəkmişlər. Kəndlilər və fəhlələr pis qidalanır, pis geyinirlər və onların vəziyyəti ümidsizdir, belə ki, kiçik Azərbaycan XI orduya çox böyük miqdarda ərzaq və paltar vermişdir".

"On birinci ordunun ac və qarət edilmiş Azərbaycana qaytarılmasının tamamilə qeyri-mümkünlüyü" barədə məlumatı ədalətli sayan V. İ. Lenin 1921-ci il martın 29-da RK(b)P MK Siyasi bürosunun tapşırığı ilə (V. İ. Lenin, M. İ. Kalinin, M. B. Kamenev, V. M. Molotov lehinə səs vermiş, L. D. Trotski bitərəf qalmışdı) Q. K. Orconikidzeyə teleqram göndərmişdi; "Bu ordunu Gürcüstanda saxlamaq və xaricdən taxıl gətirilməsini necə olursa-olsun sürətləndirmək üçün ən ciddi tədbirlər görün".[6]

Ona görə də Azərbaycana ərzaq gətirilməsini gücləndirməyin və əslində Sovet Rusiyasını yanacaqla təmin etmək üçün işləyən Bakı fəhlələrinin paltar, şəkər və digər ilkin tələbat malları üzrə RSFSR-in ümumi tapşırığına daxil etməyin zəruriliyi barədə məsələ qarşıya çıxdı. Azərbaycan kəndliləri tam müflislik həddində olduqlarına görə RSFSR tərəfındən kömək xüsusilə zəruri idi. Gənc respublikanın vəziyyətini yüngülləşdirmək məqsədilə ona yardım göstərmək üçün bir sıra tədbirlər görüldü. İlk növbədə Azərbaycan kəndlilərinə ehtiyatla yanaşmaq nəzərdə tutulurdu və Azərbaycanda ərzaq siyasəti bir qədər yumşaldıldı. Qolçomaqlardan alınan artıq mal-qara, taxıl və digər kənd təsərrüfatı məhsulları sovet təsərrüfat orqanlarının ixtiyarına verilmir, ən yoxsul kəndlilər arasında bölüşdürülürdü. Hökumət ciddi surətdə xəbərdarlıq etmişdi ki, Azərbaycan əhalisi arasında adi hal sayılan, muzdlu əməkdən istifadə etmədən öz iş qüvvəsi hesabına saxladıqları geniş təsərrüfata malik olan böyük ailələri qolçomaqlar sırasına aid etməsinlər. Qəzalarında bir çoxunda taxıl ehtiyatının tükənməsi nəzərə alınaraq, Lənkəran və Quba qəzalarından başqa, Azərbaycanın bütün ərazisində hər cür taxıl tədarükü dayandırılmışdı. Kəndi parça, ağ neft və duzla təchiz etmək üçün tədbirlər görülür, bunlar kəndlilərə yerinə yetirilmiş sapalaq üçün mükafat olaraq verilirdi.

Azərbaycanın özünəməxsus şəraiti nəzərə alınmaqla burada iqtisadi siyasətin, o cümlədən ərzaq siyasətinin həyata keçirilməsi rəsmi idarələr və ictimaiyyət tərəfındən geniş müzakirə olunurdu. Sovet Rusiyasından fərqli olaraq, Sovet Azərbaycanında proletariatla yoxsul kəndlilərin ittifaqını möhkəmləndirmək və inkişaf etdirmək üçün torpaq məsələsinin düzgün qoyulması və tənzimlənməsi birinci dərəcəli əhəmiyyət kəsb edirdi. Ərzaq məsələsinin həlli də əsasən bundan asılı idi.

Azərbaycan kəndlisinə və onun sosializm quruculuğuna cəlb olunması ilə bağlı bütün məsələlərə düzgün yanaşılmasının, çoxmillətli Bakı proletariatı ilə onun ittifaqının yeni zəmində möhkəmləndirilməsinin o vaxt böyük siyasi əhəmiyyəti var idi. RK(b)P MK Siyasi Bürosunun V. İ. Lenin tərəfindən hazırlanmış və 1920-ci il noyabrın 27-də Siyasi Büronun qəbul etdiyi qərara Sovet Azərbaycanında ərzaq siyasətini yumşaltmağın zəruriliyi barədə bəndin daxil olunması təsadüfi deyildi. Qərarda deyilirdi: "Azərbaycanda ərzaq siyasəti yumşaldılsın, yəni: Azərbaycanda, Muğandan kənarda kəndlilərdən taxıl heç alınmasın. Muğanda isə son dərəcə ehtiyatla alınsın".[7]

Bu qərarla əlaqədar olaraq 1920-ci ilin dekabrında Azərbaycanda ərzaq tədarükünü dayandırmaq qərara alındı.[8]

Azərbaycan İnqilab Komitəsi kəndlilərə yardım göstərilməsi üzrə komissiya yaratdı. D. X. Bünyadzadənin, H. H. Sultanovun və başqa məsul işçilərin daxil olduqları komissiyanın əsas vəzifəsi qəzalara maddi, təsərrüfat yardımını təşkil etmək idi.[9] 1920-ci ilin dekabrında Azərbaycan İnqilab Komitəsinin qərarı ilə yoxsul kəndlilərə yardım göstərmək üçün də xüsusi komissiya yaradıldı. Bu məqsədlə komissiyanın sərəncamına 10 milyon manat ayrılmışdı.[10]

Respublikanın bütün partiya, sovet və təsərrüfat təşkilatlarına tapşırılmışdı ki, kəndlilərin, qəza orqanlarının işlə əlaqədar Bakıya gələn nümayəndələrinə xüsusi qayğı göstərsinlər.

N. Nərimanovun təklifınə əsasən kəndliləri H. Z. Tağıyev fabrikinin buraxdığı parça ilə təchiz etmək qərara alınmış, Xalq Ərzaq Komissarlığına isə kəndə ərzaq göndərmək tapşırılmışdı.[11]

1921-ci ilin yanvarında M. D. Hüseynov başda olmaqla Azərbaycan SSR-in Ali İqtisadi şurasının (AİŞ) yaradılması haqqında qərar qəbul edildi.[12] AİŞ respublikada mövcud olan bütün təsərrüfat orqanlarının fəaliyyətini birləşdirir və Azərbaycanm təsərrüfat quruculuğuna rəhbərlik edirdi.[13]

Lakin o, RSFSR-in müvafıq komissarlıqlarından asılı idi. Respublikanın bütün iqtisadi komissarlıqları özlərinin təsərrüfat planlarını RSFSR-in müvafıq komissarlıqlarının təsərrüfat planları ilə ciddi surətdə əlaqələndirməklə işləyib hazırlayır və bu planları razılaşdırmaq üçün Azərbaycan AIŞ-ə və RSFSR Xalq Komissarları Sovetinə təqdim edirdilər.[14]

Beləliklə, sovet hakimiyyəti Azərbaycanda özünün iqtisadi siyasətini həyata keçirərkən, onun konkret sosial-siyasi şəraitini və ehtiyaclarını nəzərə alsa da, bu zaman ilk növbədə Mərkəzin ümumi maraqlarını əsas götürür, Azərbaycan iqtisadiyyatının vaxtı çatmış bütün məsələlərini Sovet Rusiyasının siyasətindən asılı olaraq həll edirdi.

  • Rəhimov Ə. C. 1920-ci ildə Azərbaycanda mülkədar torpaq sahibliyinin ləğvi. Bakı, 1962.
  • Səlimov M. Azərbaycan Kommunist Partiyası yeni iqtisadi siyasətə keçid dövründə (1921–1922-ci illər). Bakı, 1959.
  1. Декреты Азревкома, (1920–1921 гг.). Сб. документов. Баку, 1988, стр. 14–15.
  2. Декреты Азревкома, (1920–1921 гг.). Сб. документов. Баку, 1988,стр. 14–15.
  3. Резолюции 11-го съезда АКП, стр. 15
  4. 1 2 Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi (bundan sonra — ARDSİHA), f. 1, s. 74, i. 36, v. 3–4.
  5. Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi (bundan sonra-ARDSİHA), f.1, s.74, i.122, v.11
  6. V. I. Lenin. ƏTK, 52-ci c, səh. 132–133
  7. V. I. Lenin. ƏTK, 42-ci c, səh. 50
  8. Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi (bundan sonra — ARDSİHA), f. 1, s. 74, i. 121, v. 68–69.
  9. Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi (bundan sonra — ARDSİHA), f. 1, s. 74, i. 121, v. 72.
  10. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi (bundan sonra -ARDTA), f. 410, s. 1, i. 48, v. 17; f. 10, s. 1, i. 48, v. 1.
  11. Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi (bundan sonra-ARDSİHA), f. 1, s. 74, i. 120, v. 100.
  12. Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi (bundan sonra-ARDSİHA), f. 1, s. 74, i. 123, v. 6.
  13. "Kommunist" qəzeti, 14 yanvar 1921-ci il, № 11.
  14. Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi (bundan sonra — ARDSİHA), f. 1, s. 74, i. 39, v. 54