Azərbaycanda orqan transplantasiyası — Azərbaycanda insan orqanizminin bir hissəsinin digər insana köçürülməsi. Azərbaycanda orqan transplantasiyası faktı ilk dəfə akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə 1971-ci il martın 4-də nəinki Azərbaycanda, Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə xəstəyə böyrək köçürülmüşdür. Sonradan bu nailiyyətə görə, o, 1974-cü ildə SSRİ dövlət mükafatına layiq görülmüşdür. Mərhum akademikin rəhbərliyi ilə 1983-cü ilə kimi Azərbaycanda 30-a yaxın böyrəkköçürmə əməliyyatı aparılmışdır. Sonradan bu iş dayandırılmışdır. Sovet hakimiyyətinin dağılması ərəfəsində yaranan durğunluq, tibbi avadanlıqların köhnəlməsi, işin risklilik dərəcəsinə görə onlar transplantasiya ilə məşğul olmamışlar.[1]
Bu sahədə işlərin bərpası Azərbaycanın müstəqillikdən sonrakı dövrdə müşahidə olunmuşdur. Orqan transplantasiyası ilə bağlı hüquqi bazanın formalaşdırılması Heydər Əliyevin dövrünə təsadüf edir. 1999-cu ildə "İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikasının qanunu qəbul olunmuş, 2000-ci ildə isə Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, transplantasiyasına icazə verilən orqan və ya toxumaların siyahısı tutulmuşdur.[1] Azərbaycan orqan köçürülməsi əməliyyatlarında ölüm sayı dünya standartları ilə eyni səviyyədədir.[2]
Nazirlər Kabineti 2011-ci il noyabrın 17-də insan orqanları və toxumalarının transplantasiyası ilə bağlı bir neçə qərar qəbul etmişdir. "İnsan orqan və ya toxumalarının transplantasiyası Qaydaları və Şərtləri"nə əsasən, insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün digər tibbi üsullardan istifadə etmək mümkün olmadıqda, cərrahiyyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqan, toxumaların donorun və ya insan meyitinin orqan və toxumaları ilə əvəz edilməsinə yol verilir. Orqan və toxumaların transplantasiyası donorun və resipiyentin yazılı razılığı əsasında həyata keçirilir. Resipiyent 18 yaşına çatmayıbsa, transplantasiyaya onun valideynləri və ya qanuni nümayəndəsi tərəfindən yazılı razılıq verilir. Transplantasiya yalnız ixtisaslaşdırılmış tibb müəssisəsində cərrahiyyə əməliyyatı tələblərinə riayət edilməklə həyata keçirilə bilər. Transplantasiyaya 18 yaşına çatmayan şəxslərin donor qismində cəlb edilməsi (sümük iliyinin transplantasiyası istisna olmaqla), resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan və toxumaların götürülməsi, resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdəki şəxslərdən, hərbi əsirlərdən və ruhi xəstələrdən orqan və toxumaların götürülməsi, insan orqanlarının alğı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur edilməsi, donor və resipiyentin razılığı olmadan tibb işçilərinin transplantasiya barədə məlumat yaymaları qadağan edilir.[1]
Nazirlər Kabinetinin təsdiq etdiyi "İnsan orqan və toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı"na görə isə akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası, Mərkəzi Gömrük Hospitalı, akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya Mərkəzi və Mərkəzi Neftçilər Xəstəxanası transplantasiya əməliyyatlarını həyata keçirə bilərlər.[1]
"Transplantasiya üçün insan orqan və ya toxumalarının götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması Qaydaları"na görə isə şəxs donorluqla bağlı münasibətini bildirməmişdirsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və toxumalarının götürülməsinə yol verilir. Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edərsə, ölümündən sonra ondan transplantasiya məqsədi ilə orqan götürülməsinə yol verilmir. Meyitdən transplantasiya məqsədi ilə orqan və toxumaların götürülməsinə qanunvericiliyin tələbləri gözlənilməklə, həkim konsiliumu tərəfindən bioloji ölümün baş verməsini və baş-beyin fəaliyyətinin tam dayanmasını təsdiq edən inkaredilməz faktın olmasından sonra tibb müəssisəsinin baş həkimi tərəfindən icazə verilir. Donorun ölüm aktının təsdiq edilməsində transplantoloqun və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır.[1]
Donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqan və ya toxumalardan isə donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında bərpaolunmaz pozuntular yaratmayacaq miqdarda və həcmdə götürmək olar.[1]
Nazirlər Kabineti "İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı"na daha bir müəssisənin adını əlavə etmişdir. Qərara əsasən, Respublika Diaqnostika Mərkəzində ürək, ağciyər (ürək-ağciyər kompleksi), qaraciyər, böyrəklər, mədəaltı vəzi və seqmentləri, mədəaltı vəzi onikibarmaq bağırsaqla birlikdə, dalaq, gözün buynuz qişası, sümük iliyi transplantasiyasının həyata keçirilməsinə icazə verilmişdir.[1]
Müstəqil Azərbaycanın tarixində bir insanın orqanının başqa bir şəxsə köçürülməsi əməliyyatı 2005-ci ildə akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasında iranlı həkimlərin rəhbərliyi ilə keçirilmişdir.[1]
Azərbaycanda qaraciyərin köçürülməsinə Mərkəzi Neftçilər Xəstəxanasında 2008-ci ildə başlanılmışdır. Bu orqan ilk dəfə Rasim Məmmədov adlı şəxsə köçürülmüşdür. Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir edilmiş və yeni texnika ilə təchiz olunmuşdur.[1]
2013-cü ildə Azərbaycan 60, dövlət xəstəxanalarında 57 böyrəkköçürmə əməliyyatı icra olunmuşdur. 2014-cü ildə ilk dəfə Azərbaycanda Respublika Talassemiya Mərkəzində sümük iliyinin transplantasiya əməliyyatı aparılmışdır.[1]
Azərbaycanda 2013-2018-ci illərdə minə yaxın orqan və onun hissələrinin köçürülməsi əməliyyatı həyata keçirilib. Ümumi orqan köçürülməsi əməliyyatının 70 faizini böyrək transplantasiyası təşkil edir. İkinci yerdə qaraciyər və onun seqmentlərinin köçürülməsi gəlir. 10 faizini isə sümük iliyinin nəqli tutur. Azərbaycanda orqan transplantasiyasında böyrək nəqli əməliyyatı ona görə üstünlük təşkil edir.[2]
Mərkəzi Neftçilər Xəstəxanasında 2014-cü ilə qədər 128 xəstəyə böyrək köçürülmüşdür.[1] 2018-ci ildə isə bu say 600-ə çatıb.
Azərbaycanda ilk dəfə süni ürək köçürülməsi əməliyyatı da keçirilmişdir.[1]
Azərbaycanda buynuz qişasının transplantasiyasının aparılmasına icazə verilsə də, göz bankı yoxdur. Buna görə azərbaycanlı xəstələrin çoxu bu əməliyyatın aparılması üçün ya İrana, ya da Türkiyəyə gedirlər.[1]
2018-ci ilin məlumatına görə, Mərkəzi Neftçilər Xəstəxanasında qaraciyər və böyrəyin köçürülməsi əməliyyatının qiyməti 32,5 min manatdır.[2]