Cahangir Cahangirovun "Azad" operası yazıçı Mirzə İbrahimovun 1940-cı illərdə qələmə aldığı İran Azərbaycanında olan kəndli həyatında baş verən hadisələrdən bəhs edən "Gələcək gün" romanı və "Azad qız" povestinin motivləri əsasında yazılmışdır. Opera bu əsərlərin motivlərini özündə təcəssüm etdirir. Cənubi Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda məzlum xalqların mübarizəsi bu operada öz əksini tapmışdır.[1]
Azad | |
---|---|
| |
Bəstəkar | Cahangir Cahangirov |
Librettoçu | Hüseyn Hüseynzadə |
Dirijor | Kamal Abdullayev |
Dili | azərbaycan dili |
Janr | tarixi opera |
Pərdə | 5 |
Yaradılma tarixi | 1957 |
Personajlar | Səriyyə, Xəlil, Ayaz, Yavər, Həcir, Hürü, Xan, Molla Vəli |
Premyera |
27 noyabr 1957 Azərbaycan Dövlət Opera və Balet Teatrı, Bakı |
İfaçılar |
Kazım Məmmədov Firəngiz Əhmədova İdris Ağalarov |
Mirzə İbrahimovun "Gələcək gün" romanı və "Azad qız" povestinin əsas ideyasını mülkədarların hakimiyyəti altında olan xalqın mübarizəsi təşkil edir. Əsərlərdə mübarizə mövzusu ilə kəndli Xəlil dayının ailəsindəki hadisələr bir-birinə qarışır, qızı Səciyyənin kədərli taleyi təsvir olunur. Səriyyə və onun nişanlısı Ayazın lirik taleyi əsərlərdə mühüm yer tutur. Bu tale yolların əlaqəsi, onların yanaşı mövcudluğu iki janrın, iki başlanğıcın – epik-qəhrəmanlıq və dramatik-lirik janrların uyğunluğundan, son illərin bir çox əsərlərinə səciyyəvi olan janr sintetizmindən xəbər vermişdir.[2]
Mirzə İbrahimovun "Gələcək gün" romanının mövzusunda İkinci Dünya müharibəsi ərəfəsi və müharibənin ilk ayları Cənubi Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr geniş epik lövhələrdə, fikri dərinliklə və ustalıqla təsvir olunur.[1][3]
Müstəbid Rza şah hakimiyyətinin son dövrü ölkədə ingilis-amerikan imperialistlərinin ağalığı, yerli hakimlərin özbaşınalığı və xəyanəti, yoxsul kəndlilərin ağır, dözülməz həyatı, əsarətə və zülmə qarşı mübarizəsi təsirli, real hadisələr əsasında canlanır. Əsərin qəhrəmanı Firudinin məfkurəvi təkamülü, gərgin mübarizədə yetkinləşməsi ictimai-siyasi həyatın burulğanı fonunda inandırıcı verilir. Yazıçı milli demokratik hərəkatın güclənməsi səbəblərini açır, Kərim xan Azadi, Kürd Əhməd, Rza Qəhrəmani kimi saf, yenilməz, mərd inqilabçıların ədalətli mübarizəsinə möhkəm inam oyadır. Əsərdə Səttar xan və Şeyx Məhəmməd Xiyabaninin inqilabi ənənələrini mürəkkəb şəraitdə öz əməllərində yaşadan fars, kürd və azərbaycanlı gənclərin yeni həyat uğrunda əlbir mübarizəsi əsərin tərbiyəvi təsirini və ictimai dəyərini artırır. Ədib romanda Firudin, Sərtib Səlimi, Musa kişi, Hikmət İsfahani kimi bədii surətlər qalereyası yaratmışdır. Böyük ictimai-tərbiyəvi əhəmiyyəti olan "Gələcək gün" romanı müasir Şərqin milli demokratik hərəkatı mövzusunda yazılmış dəyərli əsərlərdən biridir. Dövlət mükafatına layiq görülmüş əsər Mirzə İbrahimovun istedadının bir sıra xüsusiyyətlərini açmaqla yanaşı, ona dünya şöhrəti qazandırmışdır.[4] Yazıçı "Gələcək gün" romanında yazırdı ki, "o gün gələcək. Azərbaycan xalqının da üfüqündə günəş doğacaq."[3][5]
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad Mirzə İbrahimovun "Gələcək gün" romanından bəhs edərək qeyd etmişdir:
Mirzə İbrahimov Güney Azərbaycandakı ictimai-siyasi və ədəbi prosesi müntəzəm surətdə izləyirdi və bu proseslərin əsas hərəkətverici simalarından biri idi. Bu proseslərə vaxtında, yubanmadan öz yazıçı, yaxud ədəbiyyatşünas-alim öz münasibətini bildirirdi. Mirzə İbrahimovun yazıçı, ədəbiyyatşünas-alim, həm də publisist kimi ömrünün sonunadək sadiq qaldığı, yazılarında və ürəyində daim yaşatdığı bir mövzu vardı: Cənubi Azərbaycan və burada cərəyan edən ictimai-siyasi hadisələr, Güney Azərbaycan ədəbiyyatı. Mirzə İbrahimovun elmi yaradıcılığında da Cənubi Azərbaycan ədəbiyyatını tədqiqat mövzusuna çevirib. Azərbaycan ədəbiyyat tarixini bütov şəkildə öyrənməyə çalışan alim Cənubi Azərbaycanla, orada yaşayan zəngin ədəbi irslə bağlı çatışmazlıqları, boşluqları görürdü. Mirzə İbrahimov üçün o taylı bu taylı Azərbayca yox, vahid Azərbaycan var idi. Vətənimizin Cənub hissəsində, Güney Azərbaycan xalqının qucağında dünyaya gəlsə də, taleyinə bölünmüş Vətənin hər iki tayında yaşamaq qisməti yazıldı. Ədib böyük vətənin Quzeyindən bütov xalqına, dünyada hər şeydən əziz, uca tutduğu varlığa səsləndi.[5] |
"Gələcək gün" romanı Mirzə İbrahimovun yaradıcılığında mühüm mərhələ təşkil edir. Yazıçı Cənubi Azərbaycanda baş verən azadlıq hərəkatını romanda parlaq bədii boyalarla əks etdirmişdir. Cənubi Azərbaycanı, İranı yaxından tanıması, xalqın həyatına dərindən bələd olması ədibə bu həyatı və şahlıq rejiminin çox istiqamətli siyasi gedişlərini bütün ayrıntıları ilə təsvir etmək imkanı yaratmışdır. Bu bələdlik ona xalqın milli azadlıq hərəkatının baş qəhrəmanlarından biri kimi təsvir etdiyi obrazı canlı həyatdan götürmək şansı yaratmışdır. Bu obrazın prototipi Milli Hökumətin yaradıcılarından biri olan vətənpərvər, prokuror Firuddin İbrahimdir.[6]
Mirzə İbrahimovun "Azad qız" librettosu Təbrizdə yaşadığı həmin keşməkeşli dövrün mürəkkəb ictimai-siyasi hadisələrinin əks-sədası idi. Librettonun müəllifi Hüseyn Hüseynzadə librettonu qələmə alarkən Mirzə İbrahimovun "Azad qız" dramının motivlərindən də istifadə etmişdir.[7][8]
Cahangir Cahangirovun yaradıcılığı öz çoxşaxəliyi ilə seçilir. Bəstəkarın xor və instrumental musiqiləri, operaları, musiqi mahnıları mövcuddur. Cahangir Cahangirov 1954-cü ildə Azərbaycan Sovet Bəstəkarları İttifaqının plenumunu yeni maraqlı xor, orkest, solist və qiraətçi üçün əsərlər, "Dostluq haqqında mahnı" suitası ilə qarşıladı. 1956-ci ildə bu süita Azərbaycan əstəkarlarının birinci qurultayında müvəffəqiyyətlə ifa olundu. Suita haqqında bəstəkar Dmitri Şostakoviç yazırdı: "Qardaş Zaqafqaziya xalqlarının dinc həyat obrazlarını təsvir edən bu əsərdə çox maraqlı və rəngarəng material mövcuddur."[9]
1950-ci ilin ikinci yarısında Cahangir Cahangirov öz gücünü opera janrında da sınamaq fikrinə düşür.[10] Bununla da "Azad" operasını qələmə almışdır. Operanın librettosu şair Hüseyn Hüseynzadə tərəfindən yazılmışdır. Hüseyn Hüseynzadə bu librettonu yazarkən Mirzə İbrahimovun "Gələcək gün" romanının mövzusundan və "Azad qız" dramının motivlərindən istifadə etmişdir.[4]
Cahangir Cahangirovun musiqi dilinin əhəmiyyətli cəhətlərindən biri milli xarakterli melodiyalar və çoxsaylı düzüm yaratmaqdır. Bu, bütövlüklə xalq havalarını əks etdirmək və ya onlar üçün səciyyəvi olan fraqmentləri təsvir etmək əsasında deyil, bəstəkarlıq quruluşunun ifadə prinsiplərini və Azərbaycan xalq musiqisi üsullarını yaradıcı surətdə sərbəst tətbiq etməyə əsaslanır. Beləliklə, "Nərgiz" operasından başlayan ilk addımlar sadə çoxsəslilikdən daha inkişaf etmiş polifonik formalara – "Azad" operasının polifoniyasına gətirib çıxarır.[4]
Cahangir Cahangirov başqa əsərlərində olduğu kimi, "Azad" operasında da zəruri, aktual mövzulara müraciət edərək, öz musiqisinə xas olan epik-nəqli cizgiləri daxil etmişdir. Libretto müəllifi Hüseyn Hüseynzadə operanın məzmununda ədəbi əsərləri səhnələşdirərkən labüd sayılan bəzi dəyişiklər etmişdir. Məhz buna görə də romandan fərqli olaraq, iştirakçıların adı dəyişdirilmiş, sayı azaldılmışdır. Bəzi hadisələr ümumi şəkildə verilmişdir. Bu da əsərin ideya xəttinin kəskinliyini azaltmışdır və bəstəkarın yaradıcılıq işini müəyyən dərəcədə məhdudlaşdırmışdır. Buna baxmayaraq, opera xalq faciəsi kimi müəllif tərəfindən düzgün düşünülmüşdür.[11]
Operanın librettosu hadisələrin məkan və zamanını ümumiləşmiş şəkildə təqdim edir. Bütövlükdə isə operada hadisələrin məkanı və zamanı üçün səciyyəvi olan bir çox amillər nəzərəçarpacaq dərəcədə ümumiləşdirilmişdir. Buna müvafiq olaraq, musiqidə də milli-xalq xüsusiyyətləri bir sıra nömrələrdə, sözsüz ki, Cənubi Azərbaycan musiqisinin əlamətləri olmasına baxmayaraq o qədər də aydın görünməmişdir.[2]
Operada dramaturji münaqişənin əsasını iki müxtəlif sosial qüvvənin – xalq və onun qəhrəmanları feodal-mülkədar əyanların ziddiyətli qarşıdurması təşkil etmişdir. Feodal əyanlarını operada jandarm zabiti Yavər, onun ətrafı, xan və başqaları təmsil edirlər. Sosil cəhətdən müxtəlif olan bu qrupların xarakteristikası bir-birindən ayrılmışdır. Özünün ayrı-ayrı nümayəndələri ilə birlikdə xalq obrazı ardıcıl şəkildə açılır, daha sonra isə əvvəlki xarakteristikalar ilə dərinləşir.[12]
Operanın dramaturji quruluşuna klassik opera dramaturgiyasının təsiri aydın görünmüşdür. Belə operalardan – Mixail Qlinkanın "İvan Susanin", Modest Musorqskinin "Boris Qodunov", Üzeyir Hacıbəyovun "Koroğlu" və Müslüm Maqomayevin "Nərgiz" operalarını göstərmək mümkündür. Bir çox operalarda olduğu kimi, inkişafın əsas prinsiplərini ziddiyyət təşkil edir. Bu ziddiyət pərdələrin, səhnələrin ardıcıllığında, epizod və fraqmentlərin quruluşunda özünü göstərir.[2]
Operanın baş qəhrəmanı, onun əsas ideyasının daşıyıcısı xalqdır. Buna görə də özünün emosional-obraz məzmununa görə müxtəlif olan xor və kütləvi səhnələr operada mühüm yer tutur. Operada xalq çoxcəhətli xarakterizə olunmuşdur. Onun musiqili xarakteristikası müxtəlif və kifayət qədər müstəqil fraqmentlərdən yaranmışdır. Bütün epizodlarda qüssədən fəallığa doğru artan təcəssümetdirici obraz-xətt mövcuddur.[2]
Cahangir Cahangirovun operaları |
---|
Operada dramaturji konfliktin əsasını iki sosial qüvvənin – xalq və onun qəhrəmanları ilə feodal zadəganların (xan, onun oğlu Yavər və onların əhatəsi) bir-birinə qarşı qoyulması təşkil edir. Bəstəkar çalışır ki, bu iki sosial qrupu fərdiləşdirsin. O, xalq və ayrı-ayrı iştirakçıların obrazlarını epizodlarda ardıcıl açaraq əvvəlki xasiyyətnaməsini ziddiyyətli toqquşmalarda bir qədər dərinləşdirir. Məsələn birinci pərdədə (səhnədə məhsulu aparırlar) qəzəblənmiş kəndlilər jandarmlara mane olurlar və toqquşma baş verir.