Koroğlu (opera)

Bu məqalə Üzeyir Hacıbəyovun "Koroğlu" operası haqqındadır. Digər mənalar üçün Koroğlu (dəqiqləşdirmə) səhifəsinə baxın.

"Koroğlu" — Azərbaycanın böyük bəstəkarı Üzeyir bəy tərəfındən bəstələnmiş beş pərdəlik operadır. Əsərin librettosu Heydər İsmayılov və Məmməd Səid Ordubadi tərəfindən yazılmışdır. Azərbaycanın əfsanələrindən biri olan Koroğlu dastanı, çox məşhurdur. Bu opera Hacıbəyovun yaradıcılığının zirvəsini təşkil edir. Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaratmışdır. "Koroğlu" operası ilk dəfə 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulub.

Koroğlu
Operanın Azərbaycan Dövlət Opera və Balet Teatrında afişası
Bəstəkar Üzeyir Hacıbəyov
Librettoçu Heydər İsmayılov
Məmməd Səid Ordubadi
Dili Azərbaycan dili
Süjet Koroğlu dastanının Azərbaycan versiyası əsasında
Janr epik
Pərdə 5
Yaradılma tarixi 1936
İlk səhnələşdirmə 30 aprel 1937
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
Premyera 1937
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
İfaçılar Bülbül
Əli Zülalov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bəstəkarın yaradıcılığında kulminasiya mərhələsi olan "Koroğlu" dünya klassik operaları sırasında parlaq nümunələrdən biridir. 5 pərdəli bu operanın libretto müəllifləri H. İsmayılov və M.S. Ordubadidir. Librettonun yaradılmasında Hacıbəyov fəal iştirak etmişdir. Üzeyir Hacıbəyov opera üzərində 1932–1936-cı illərdə işləmiş, ilk tamaşa 1937-ci il aprelin 30-da AOBT-nda olmuşdur. Azərbaycanda, ümumiyyətlə Zaqafqaziyada, Orta Asiya, Türkiyə və İranda geniş yayılmış "Koroğlu" xalq dastanı operanın süjet əsasını təşkil edir. Operanın musiqisində Azərbaycan xalqının tarixi taleyi, xarakteri, psixologiyası, bütövlükdə dünyagörüşü əksini tapmışdır. "Koroğlu" tipik xalq qəhrəmanlıq dastanıdır. "Koroğlu"da opera sənətinə xas bütün əlamətlər bəstəkarın milli musiqi təfəkkürü süzgəcindən keçərək kamillik səviyyəsində yaradılmışdır.

"Koroğlu" operasına görə Üzeyir Hacıbəyov 1941 ildə Stalin mükafatına layiq görülmüşdür. "Koroğlu"-nun ilk tamaşasının rej. İ. Hidayətzadə, dirijoru H., (sonralar Ə. Həsənov), rəssamı R. Mustafayev olmuşdur. Rollarda Bülbül (Koroğlu), G. İsgəndərova (Nigar), M. Bağırov (Həsən xan), Q. İsgəndərov (təlxək), Ə. Zülalov (Ehsan paşa), Q. Hüseynov (Həmzə bəy), B. Mustafayev (İbrahim xan) çıxış etmişlər. 1938-ci ildə opera Moskvada Azərbaycan incəsənəti dekadasında böyük müvəffəqiyyət qazanmışdır. AOBT-nda "Koroğlu"-nun 1943 (rus dilində; dirijor Niyazi), 1959 (rej. M. Məmmədov, dirijor Niyazi, rəssam Ə. Fətəliyev), 1975 ildə (rej. F. Səfərov, dirijor R. Abdullayev, rəssam T. Salahov) yeni quruluşları hazırlanmışdır. "Koroğlu" Aşqabad (1939, türkmən dilində), İrəvan (1942, erməni dilində) və Daşkənddə (1950, özbək dilində) tamaşaya qoyulmuşdur. AOBT-nın qastrol tamaşaları zamanı "Koroğlu" Təbriz, Tiflis, Kiyev, Peterburq və s. ş.-lərdə göstərilmişdir. "Koroğlu"nun 1952, 1970 illərdə klaviri və partiturası nəşr olunmuş, opera vala yazılmışdır.

Rollar Səs tipləri İlk premyeradaki rollar, 30 aprel 1937 il

(Dirijor: Üzeyir Hacıbəyov)

1 Koroğlu (Rövşən) tenor M. Məmmədov (Bülbül)
2 Nigar: Həsən Xanın qızı, Koroğlunun sevdiyi soprano G. İsgəndərova
3 Həsən Xan: Bölgə idarəçisi bariton M. Bağırov
4 İhsan Paşa: Həsən Xanın üst idarəçisi tenor Ə. Zülalov
5 İbrahim Xan: Həsən Xanın vəziri bas B. Mustafayev
6 Həmzə Bəy: Həsən Xanın baş köməkçisi tenor K. Hüseynov
7 Təlxək tenor K. İskenderov
8 Polad: Həsən Xanın əsgəri tenor
9 Eyvaz: Həsən Xanın oğlu tenor
10 Xanəndə mezzo-soprano
11 Kəndlilər:
  • Əli,
  • Vəli,
  • Nadir 
və s. Kəndlilər, çobanlar, saray əyanları, rəqqaslar, qocalar, qadınlar, döyüşçülər, ermənilər, kürdlər, ləzgilər (xor və balet) xor

Qəhrəmanlar və operanın özəllikləri

[redaktə | mənbəni redaktə et]

Operanın əsas qəhrəmanı olan xalqın obrazı məzlum vəziyyətdən tədricən güclənən etiraza, ədalət uğrunda əzmlə mübarizəyə qalxmaq qərarından —qələbə sevincinə qədər hərtərəfli, ardıcıl verilmişdir. Xalq obrazının açılışında ifadəli kiçik mövzu-tezislər — leytmotivlər böyük rol oynayır:

1. Xalqın məzlumluğunu ifadə edən həyəcanlı mövzu (çahargah ladının kadensiya intonasiyası üstündədir).
2. Üsyan etmiş xalq mövzusu (şur ladının kadensiya intonasiyaları üstündədir; çağırış xarakteri daşıyaraq aşıq musiqisinin obraz-intonasiya quruluşu ilə səsləşir).
"Koroğlu" operasına həsr olunmuş SSRİ poçt markası (1966).
Qətiyyətli, təsirli xarakter daşıyan 3 və 4-cü leytmotivlər xalqın qəhrəmani obrazı ilə bağlıdır; rast ladı intonasiyaları üstündə qurulan bu leytmotivlərdə müasir kütləvi mahnı əlamətləri müəyyən qədər özünü göstərir.
5-ci mövzuda xalqın iradəsi, poetik əhvali-ruhiyyəsi, yüksək mənəvi keyfiyyətləri ifadə olunmuşdur. I pərdənin əvvəlində xalqın məzlumluğu leytmotivi üstündə qurularaq onun kədərini, həyəcanını, qəzəbini ifadə edən "Bu gözəl təbiət" xoru xalq obrazının ekspozisiyası rolunu onayır. Kəndlilərin obrazı artıq I pərdədən dramaturji fəallığı ilə seçilir. Hüznlü "Yazıq Alı" xoru, rəqs, dramatik xarakterli "Gərək bu gün edək qiyam" xorundan sonra, səhnə qəhrəmanlıq leytmotivi üstündə qurulan "Hər bir yerdən, dağdan, daşdan" xoru ilə tamamlanır. III pərdədə xalqın obrazı geniş və hərtərəfli verilmişdir. Xordan əvvəl səslənən antraktda üsyançıların yenilməz xarakteri ifadə olunmuşdur. Bu xor xalqın qəhrəmanlıq, mərdlik və nikbinliyinə həsr edilmiş himndir. Xorun musiqisi təntənəli, bayramsayağı, iradəli xarakter daşıyır.

Burada kütləvi yallı rəqsinin üslub xüsusiyyətləri aydın ifadə olunmuşdur. Xalqın qəhrəmanlıq keyfiyyətlərinin açılışı "Cəngi" rəqsində və "Əhdnamə" xorunda (5-ci leytmotiv əsasında) davam etdirilmişdir.

Qıratın oğurlanması — tufan səhnəsi gərgin dramatik xarakter kəsb edir. V pərdədəki xalq səhnələri I pərdənin bir növ dinamik reprizidir. Burada məzlum xalq leytmotivi Nigar, Eyvaz, Poladın edam olunmalarına hazırlıqla əlaqədar gərginliyi, hüznü ifadə edərək mühüm dramaturji məna daşıyır. Üsyançıların qələbəsi xor ritmikaları və Koroğlunun partiyasında səslənən iki qəhrəmanlıq leytmotivi ilə təmsil olunmuşdur. Opera bayramsayağı təntənəli kütləvi rəqslə tamamlanır; rəqsin orta hissəsindəki melodiyada "Çənlibel" xoru ilə Koroğlunun I pərdədəki "Səni gördüm" ariozosunun mövzuları birləşmişdir. "Koroğlu"-dakı kütləvi xalq səhnələri xorla yanaşı, rəqslər əsasında qurulması ilə fərqlənir. Operada rəqs mənşəli musiqinin geniş tətbiğ edilməsi Azərbaycan folklorunda kütləvilik, kollektivçiliyin xorla deyil, rəqslə (ilk növbədə yallı ilə) ifadə olunmasından irəli gəlir. Məhz bu səbəbdən də opera rəqslə tamamlanmışdır.

Koroğlu obrazı operada dinamik şəkildə verilmişdir. I pərdədəki iki ariozoda qəhrəmanın ehtirasla sevən aşiq ("Səni gördüm") və coşğun mübarizlik ("Təngə gəldik yox tavan") kimi ən tipik cəhətləri təzahür edir. III pərdədəki "Mərd igidlər nərə çəksin davada" epik mahnısında Koroğlu qorxmaz, mərd üsyan başçısı, cəngavər kimi verilmişdir. Həmin pərdədəki lirik xarakterli ariya ("Sevdim səni mən") mübarizəyə qalxmış Koroğlunun dərin səmimi hisslərini, incə təbiətini açıb göstərir. IV pərdədə Koroğlu yenidən aşıq qiyafəsində səhnəyə gəlir. Həsən xanın sarayında çıxış edən Koroğlu təkcə adi aşıq deyil, cəsarətli xalq qəhrəmanı kimi təqdim edildiyi üçün onun oxuduğu lirik aşıq mahnıları burada qəhrəmanlıq rəmzi kimi qavranılır. Koroğlu obrazı operada, demək olar ki, həmişə kütləvi xalq səhnələri çərçivəsində açılır. Məsələn, I pərdədə Koroğlunun səhnədə ilk çıxışı — "Səni gördüm" ariozosu kəndlilərin rəqsindən sonra, həmin pərdədəki ikinci ariozo isə bilavasitə final xoru ilə birgə səslənir.

Nigarın obrazı da operada dinamik inkişafda verilmişdir. I pərdədəki ariya onun bütöv musiqi portretini yaradır; ariyada şəxsi hisslərin zərifliyi, səmimiliyi ilə xalqla bağlılıqdan gələn qəhrəmanlıq əzmi üzvi vəhdətdə verilmişdir. Ariyanın fəal, qətiyyətli orta hissəsində ilk dəfə Nigarın iki leytmotivi tam şəkildə səslənir. Bu leytmotivlər kütləvi mahnı intonasiyaları əsasında qurulmuşdur. Nigarın II pərdədəki ariyası isə son dərəcə kədərli, fəryad xarakteri daşıyaraq onun ağır taleyinin rəmzi kimi səslənir. Nigar obrazının açılmasında gözəl, axıcı melodiyası olan leytmotivin də rolu böyükdür.

O, Nigarın vokal partiyasında deyil, Koroğlunun və başqalarının partiyalarında, kütləvi səhnələrdə və Nigarın səhnəyə gəlişi zamanı orkestrdə səslənir. Bu dramaturji cizgi ilə Üzeyir Hacıbəyov qəhrəmanın mənəvi gözəlliyini, ciddiliyini nəzərə çarpdırır. Mənfi qəhrəmanlar arasında Həsən xan xüsusilə seçilir. I pərdədəki iki kiçik musiqi parçasında onun zülmkar, müstəbid xarakteri— lovğalıq, təkəbbür ("Xanların xanıyam"), rəhmsizlik ("Qəsdən bunu etmiş ol haramzada") kimi müxtəlif cəhətləri açılmışdır. Həsən xanın ümumiləşdirilmiş portreti onun II pərdədəki ariyasında ("Mina ibriklərə şərab doldurun") verilmişdir. Ariyada kəndli üsyanından qorxuya düşməsini məharətlə gizlədən hökmlü, lovğa hökmdarın süni əzəməti musiqi vasitəsilə canlandırılmışdır. Üzeyir Hacıbəyov xanın amiranə nidalarına münasib nitq intonasiyalarını son dərəcə dəqiqliklə tapa bilmişdir. Eyni zamanda ariyanın oynaq xarakterli ork. partiyası vasitəsilə bəstəkar ustalıqla xana öz istehzalı münasibətini bildirmişdir.

Koroğlu (opera)
"Koroğlu" operasının afişası, 1939 il

Mənfi obrazlar sırasında təlxək xüsusi yer tutur; bir yandan o, Koroğlunun əsir düşməsinə kömək edir, digər tərəfdən isə saray əhlini— əyanları məharətlə ələ salır. Təlxəyin obrazı meyxana ruhunda yazılmış reçitativ və mahnı ilə ("Axı necə mən gülməyim") çox təsirli iz buraxır. Həsən xanın döyüşçülərinin "Vergi yığdıq kəndlilərdən" xorunda mənfi obrazların ümumiləşdirilmiş xarakteristikası öz əksini tapmışdır; onların hədsiz qorxu və həyəcanı reçitativ-deklamasiya intonasiyaları vasitəsilə ifadə olunmuşdur. Sarayın təmtəraqlı həyatı II və IV pərdədəki zərif, incə rəqslərlə, xanəndə qızın muğamvari mahnısı ilə səciyyələnmişdir. Mənfi obrazlar operada leytmotivlər məcmusu ilə — qammavari xromatik hərəkət, sərt punktirli ritmlə birləşdirilmişdir.

Xalq kütlələri və Nigarın leytmotivləri əsasında qurulmuş uvertüra operanın qəhrəmani-epik istiqamətini aydın nəzərə çarpdırır. Mütəşəkkil, məqsədyönlü intonasiya dramaturgiyasına əsaslanan "Koroğlu" operası geniş mənada H.-un simfoniya bəstəkarı olduğunu nümayiş etdirir. Musiqi vasitəsilə qəhrəmanlar müsbət və mənfi obrazlara ayrılmış, onların hər biri münasib intonasiya vasitələri ilə aydın, inandırıcı təsvir olunmuşdur. Operanın dramaturgiyası leytmotivlər sistemi əsasında qurulmuşdur. Mənfi surətləri xarakterizə edən leytmotivlər sabit, dəyişməz qalaraq feodal dünyasının yaşamağa qabil olmadığını, tarix səhnəsindən gedəcəyini aydın nümayiş etdirir. Xalq kütlələri, müsbət qəhrəmanlarla bağlı leytmotivlər isə, əksinə, əsər boyu fəal inkişafda verilərək dəyişir, bir-birlərinə təsir edir, qəhrəmani və lirik obrazlı intonasiyaları çarpazlaşdıraraq, tam və çoxcəhətli musiqi səhnələrinin yaranmasına zəmin olur.

"Koroğlu" ilə Üzeyir Hacıbəyovun yetkin yaradıcılıq üslubu formalaşmış, Azərb.-da bəstəkar yaradıcılığının mövcud olduğu 30 illik nailiyyətlərinə yekun vurulmuşdur. Üzeyir Hacıbəyov "Leyli və Məcnun"-dan "Koroğlu"ya qədər" məqaləsində yazır:

"…həm ilk, həm də hələlik axırıncı Azərbaycan operasının müəllifi olmaq şərəfi mənə nəsib olmuşdur. Beləliklə, "Leyli və Məcnun"dan "Koroğlu"ya qədər kecilən yol təkcə Azərbaycan operasının otuz illik tarixi deyil, həm də mənim şəxsi yaradıcılıq yolumdur…"

"Koroğlu" ilə Üzeyir Hacıbəyov milli musiqi təfəkkürünü bütövlüklə bəstəkarlıq yaradıcılığının yüksək tələblərinə cavab verən yeni inkişaf mərhələsinə qaldırmış, bununla da mürəkkəb bədii məsələni həll etmişdir. Üzeyir Hacıbəyov şifahi ənənəli Azərbaycan musiqisindəki formayaratma prosesinin ümumi cəhətlərinin qanunauyğunluqlarını bu əsasda inkişaf etdirmişdir. Üzeyir Hacıbəyov milli melodikanın müxtəlif növlərini ümumiləşdirərək "Koroğlu"-da emosional ifadəliliyinə görə mənalı və rəngarəng tipik opera kantilenası yaratmışdır. Bununla belə, milli janrlardan gələn ahənglər operada aydın nəzərə çarpır; bu cəhətlər xüsusilə xalq və Koroğlunu xarakterizə edən aşıq musiqisinin obrazlı intonasiya kökü ilə bağlılıqda özünu göstərir. Üzeyir Hacıbəyov milli musiqi ilə bəstəkarlıq yaradıcılığının sintezi prinsipindən çıxış edərək polifoniya və harmoniya formalarını geniş tətbiq etmişdir. Məsələn, "Çənlibel" xorunda klassik polifoniya və Azərb. ladının intonasiya xüsusiyyətlərinə əsaslanaraq klassik fuqa formasından istifadə etmişdir. Operadakı orijinal akkordlar sistemi də milli musiqinin lad-intonasiya xüsusiyyətlərindən irəli gəlir. Musiqi forması sahəsində də Üzeyir Hacıbəyov Avropa və milli musiqi təfəkkürünü çarpazlaşdırmışdır; bu vəhdət xüsusilə sonata formasının tətbiqində aydın nəzərə çarpır. Məsələn, uvertüra və III pərdənin antraktındakı melodiyanın inkişafındakı monotematizm (birmövzuluq) və monointonasiya quruluşu muğam kompozisiyasından irəli gələn xüsusiyyətlərdir. Operanın ork. partiyasının orijinal səslənməsinə nail olmaq üçün H. simf. ork.-in heyətinə tar, kamança, zurna, balaban kimi milli musiqi alətlərini daxil etmişdir. "Koroğlu"-da xor, ariya, ariozo, vokal ansambl, simfonik fraqmentlər kimi klassik musiqili səhnə janrları geniş inkişaflı mükəmməl formaya malikdirlər.

Xor operada xüsusi dramaturji əhəmiyyət kəsb edir. Üzeyir Hacıbəyov yaradıcılığının hələ ilkin dövründən bu janrdan geniş istifadə etmişdir. Lakin "Koroğlu"-da ilk dəfə olaraq xorlar əsas mövzunun açılışında başlıca musiqili səhnə forması funksiyasını daşıyaraq səhnə hadisələrinin "nüvə"si rolunu oynayır. Xorlarda xalq kütlələrinin əzəmətli obrazı yaradılmış, onun psixologiyası və dünyagörüşü əksini tapmışdır. Üzeyir Hacıbəyov operada xorla qədim yallı rəqsini birləşdirərək onun təsirini daha da gücləndirmişdir. "Koroğlu"-dakı xor səhnələri Azərb. bəstəkarlarının yaradıcılığında kantata-oratoriya janrlarının inkişafına təkan vermişdir. Simf. fraqmentlər operada xüsusi əhəmiyyət kəsb edərək qəhrəmanlıq ideyasının açılışında böyük rol oynayır. İri həcmli musiqi lövhələri olan bu fraqmentlər milli simf. musiqinin inkişafı üçün mühüm mənbəyə çevrilmişdir. Kökü milli rəqslərlə bağlı olan musiqidən operada geniş istifadə olunmuşdur; o, məişət fonu yaradılmasında, eyni zamanda qəhrəmanlıq ideyasının açılışında əhəmiyyətli rol oynayır. "Koroğlu"-nun rəqs səhnələri milli baletin təşəkkülü və inkişafı üçün zəmin olmuşdur. Üzeyir Hacıbəyov əsl novator əsər olan "Koroğlu" ilə Azərbaycan musiqi sənətinin hərtərəfli zəngin inkişafı üçün yollar açmışdır.

Koroğlunun ariyası:

[redaktə | mənbəni redaktə et]

Düşdü yadıma Nigar,

Getdi əldən ixtiyar.

Sən çək orda min cəfa,

Biz görək burda səfa, ax…

Gəl, Nigar!…

Sevdim səni mən, ey Nigarım,

Rəna gözəlim, şən baharım.

Sevdim səni, canan!

Lakin zülmkar xan,

Xalqın qatil düşməni,

Əsir etmişdir səni.

Ondan müşküldür ayrı düşmək,

Lakin çətindir bu görüşmək.

Oldum bu yolda mən

Öz-özünə düşmən,

Ayrı düşdüm ondan,

Mən ayrı düşdüm ondan mən, hey…

Ondan mən, hey…

Ondan mən, hey… ondan!

Dönmərəm bu yoldan,

Xof etmərəm xandan,

Xof etmərəm xandan, ölərəm,

Keçərəm canımdan.

Ölsün düşmən, bu üsyandan

Qurtarmasın yaxasın.

Dağılsın, məhv olsun kainat,

Onda nə zövq var, nə həyat.

Bu aləm sevgilər, məhəbbət

Yaratsın, yaratsın, ah…!

Sevdim səni mən, ey Nigar,

Rəna gözəlim, şən baharım.

Sevdim səni, yarım,

Sənsən mənim canım.

Olmaz özgə sevgilim

Səndən ayrı, səndən ayrı,

Səndən ayrı, düşdüm, Nigar!

Həsən Xanın ariyası:

[redaktə | mənbəni redaktə et]

Mina ibriqlərə şərab doldurun,

Mina ibriqlərə şərab doldurun,

Şərab doldurun, şərab doldurun,

Şərab, şərab, şərab, şərab, şərab, şərab!

Payəndəz döşəyin o gələn yola,

Bəzənsin qadınlar, salsın qol-qola,

Geysin rəqqasələr təzə paltarın,

Paşaya göstərin ölkənin varın.

Bütün adamları çağır, ver xəbər,

Onu aldadalım bəlkə bir təhər.

Doğrudur, düşmənik, neyləyim fəqət,

İndi sülhə girmək eyni məsləhət,

Eyni məsləhət, eyni məsləhət.

Gərək axır qoyam bu üsyanlara,

Hər gün bir müsibbət doğur xanlara.

Bütün adamları çağır, ver xəbər,

Onu aldadalım bəlkə bir təhər.

Doğrudur, düşmənik, neyləyim fəqət,

İndi sülhə girmək eyni məsləhət,

Eyni məsləhət, eyni məsləhət.

Gərək axır qoyam bu üsyanlara,

Hər gün bir müsibbət doğur xanlara.

Mina ibriqlərə şərab doldurun,

Mina ibriqlərə şərab doldurun,

Şərab doldurun, şərab doldurun,

Şərab, şərab, şərab, şərab, şərab , şərab!

Payəndəz döşəyin o gələn yola,

Bəzənsin qadınlar, salsın qol-qola,

Geysin rəqqasələr təzə paltarın,

Paşaya göstərin ölkənin varın.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]