Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Mirzəcanzadə Azad Xəlil oğlu (29 sentyabr 1928, Bakı – 17 iyul 2006, Bakı) — Azərbaycanlı alim, mütəfəkkir, texniki elmlər doktoru, akademik.[2]
Azad Mirzəcanzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 sentyabr 1928 |
Doğum yeri | |
Vəfat tarixi | 17 iyul 2006 (77 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | riyaziyyatçı, universitet müəllimi[d] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Axışqanlar mexanikası[1], neft sənayesi[d][1], qaz sənayesi[d][1] |
Elmi dərəcəsi | |
Elmi adı | |
|
|
Təltifləri |
|
Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944–1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1959-cu ildə professor adını almış, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir. Azad Xəlil oğlu Mirzəcanzadə 2006-cı il iyulun 17-də, 78 yaşında vəfat etmişdir.
Azad Mirzəcanzadə pedaqoji fəaliyyətə 1944-cü ildə Bakı şəhərində 44 nömrəli orta məktəbdə müəllim kimi başlamışdır. O, 1948–1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışmış, 1958–1968-ci illərdə Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi Tədqiqat Neftçıxarma İnstitutunda, həmçinin 1966–1969-cu illərdə SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri olmuş, 1969–1973-cü illərdə SSRİ Elmlər Akademiyası və Neft Sənayesi Nazirliyinin müştərək laboratoriyasının, 1973–1989-cu illərdə keçmiş Ümumittifaq Elmi Tədqiqat Neft İnstitutunun neft-qaz dinamikası laboratoriyasının müdiri, 1992-ci ildən isə Azərbaycan Neft Akademiyası nəzdində Neft-Qaz Geotexnoloji Problemləri və Kimya Elmi Tədqiqat İnstitutunun direktoru vəzifələrində işləmişdir.
Son dərəcə geniş maraq dairəsi olan Azad Mirzəcanzadə elmi yaradıcılığını pedaqoji fəaliyyətlə də məşğul olmuş, yüksək ixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf etmiş, Azərbaycan Respublikasının hazırkı inkişaf mərhələsində ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak etmişdir.
1951–1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin nəzəri mexanika kafedrasının dosenti, 1957–1959-cu illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri işləmişdir. Azad Mirzəcanzadə orta məktəblərdə dəqiq elmlərin tədrisi ilə bağlı bir sıra layihələrin də müəllifi idi.
1992–2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olmuş, 1993–2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik etmişdir.
Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan Azad Mirzəcanzadə Azərbaycanda tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanmışdır. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırılmışdır.
Alimin neft və qaz-kondensat yataqlarının mənimsənilməsi və istismarının əsaslarına həsr olunmuş tədqiqatlarında neft sənayesinin qazma, istehsal və neft maşınqayırması kimi sahələrinin aktual problemləri öz həllini tapmışdır.[3] 400-ə yaxın elmi əsərin, 50-dən artıq ixtira və patentin müəllifi olan Azad Mirzəcanzadə özünün elmi fəaliyyətində neft və qaz çıxarılması proseslərinin qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirmişdir. Dəniz neft yataqlarının işlənilməsinin dinamik metodlarının hazırlanması və tətbiq edilməsi tanınmış alimin başlıca elmi nailiyyətləri sırasındadır. Yaradıcılığının son dövründə onun tədqiqatlarının əsas elmi istiqamətlərini neft-qaz yataqlarının sinergetik analizi təşkil edirdi.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Azad Mirzəcanzadə adına təqaüd” təsis edilib.[4]