Azad bəy Qocamanbəyov

Azad bəy Ağasadıq bəy oğlu Qocamanbəyov (1860, Şamaxı1920, Şamaxı) — Şamaxı qəzasının rəisi, polkovnik

Azad bəy Qocamanbəyov
Şəxsi məlumatlar
Doğum tarixi 1860
Doğum yeri
Vəfat tarixi 1920
Vəfat yeri

Azad bəy Ağasadıq bəy oğlu Qocamanbəyov 1860-cı ildə anadan olmuşdur. Atası Şamaxının məşhur mülkədarlarından idi. Onun mal-qarası, qoyun sürüləri, Şamaxıda mağazaları və böyük imarəti və Pirsaat çayının sahilində geniş əkin sahələri olmuşdur.

Hərbi məktəbi qurtarandan sonra Azad bəy Peterburq və Moskva şəhərlərində qulluq edir. O, 1905–1907-ci illərdə Rus-Yapon müharibəsində iştirak etmişdir. Müharibədə göstərdiyi igidliklərinə görə bir neçə orden və meddallarla təltif olunmuşdur. Müharibənin sonuna yaxın sağ ayağından yaralanmışdır. Bir müddət Moskvada xəstəxanada müalicə olunmuşdur. Sonra polkovnik rütbəsində Şamaxıya qayıdan Azad bəy bir müddət burada əvvəl məhkəmədə işləyir, sonra isə çinovnik köməkçisi, qarnizon komissarı olaraq çalışır. Azad bəy bir müddət Şamaxı qəza rəisi işləmişdir.

Azad bəy 1920-ci ilin fevral ayında Şamaxıda vəfat etmişdir. Məzarı Laləzar qəbiristanlığındadır.

Azad bəyin ilk evliliyi Ruqiyyə xanımla olmuşdur. İlk evliliyindən yeganə qızı gənc yaşlarında vəfat edir. Bundan sonra isə cütlüyün uşaqları olmur. Bu səbəbdən Azad bəy həmkəndlisi Bəymirzə adlı bir oğlanı oğulluğa götürür. Bəymirzə 1918-ci ildə ermənilərə qarşı savaşmış, 1919-cu ildə isə tərəkəmələrlə olan savaşda yaralanmış və bir neçə gündən sonra ölmüşdür.

Azad bəy ikinci dəfə Məhəmməd bəyin qızı Gülarə xanımla ailə qurmuşdur. Cütlüyün 1912-ci ildə bir oğlu olmuş və adı Seyfullah qoyulmuşdur.