Azad tərbiyə

Azad tərbiyə — XIX əsrin ikinci yarısı–XX əsrin əvvəlində Qərb pedaqogikasındada konsepsiya.

Tərbiyədə ifrat fərdiyyətçilik, uşağın şəxsiyyətini boğmağa, onun həyat və davranışının bütün cəhətlərini məhdudlaşdırmağa əsaslanan tərbiyəni və sistematik təlimi qətiyyətlə rədd etmək azad tərbiyə üçün xarakterikdir. Uşağın bütün qüvvə və bacarığının qeyri-məhdud inkişaf etdirilməsi azad tərbiyə tərəfdarlarının idealı idi. Azad tərbiyə ideyaları Jan Jak Russonun pedaqoji görüşləri ilə sıx bağlıdır. Azad tərbiyənin ilk təbliğatçılarından biri İsveç qadın yazıçısı Ellen Key olmuşdur. "Uşaq əsri" (1900) kitabında o, uşaqlara sərbəst inkişaf hüququ veriməsinin, onların yaşlıların təzyiqindən qurtarılmasının, yalnız gündəlik həyatda zəruri şeylərin təlim olunmasının tərəfdarı kimi çıxış edirdi. Almaniya pedaqoqları Henrix Şarrelman, Frits Qansberq, Lüdvik Qurlitt və başqaları müəllim və şagirdlərə yaradıcılıq azadlığı, öz fərdiyyətini sərbəst ifadə etmək hüququ verilməsi tələblərini irəli sürürdülər. Onların fikrincə, heç bir pedaqoji sistem olmamalıdır, çünki hər hansı sistem müəllimi yaradıcı işdən məhrum edir, onu peşəkara çevirir.[1]

XIX əsrin sonu–XX əsrin əvvəlində azad tərbiyə ideyaları anarxizm tərəfdarlarının – Rusiyadan Pyotr Kropotkin, S. For , eləcə də Fransadan Pol Roben və başqalarının pedaqoji görüş və fəaliyyətində əks olunmuşdu. Almaniya fərdiyyətçi pedaqoqlarından fərqli olaraq, anarxist pedaqoqlar azad tərbiyədə ictimai əmək aspektini ön plana çəkir, uşaqların könüllü əməkdaşlığına, onlarda qarşılıqlı yardımın inkişafına xüsusilə böyük əhəmiyyət verirdilər. Azad tərbiyənin təsiri ilə XIX əsrin sonu–XX əsrin əvvəlində burjua pedaqogikasında təlim-tərbiyədə uşaqların bilavasitə daxili maraq və tələbatını əsas götürən pedosentrizm konsepsiyası yarandı. Azad tərbiyəni müdafiə edən Avropa və Amerika pedaqoqlarının çoxu Russonun bu fikrini əsas götürürlər ki, tərbiyəçi əslində uşağa rəhbərlik etməli, lakin şagird bunu əsla sezməməlidir.[1]

Rusiyada azad tərbiyə ideyalarını Lev Tolstoy inkişaf etdirmişdir. O, 1859-cu ildə azad tərbiyə prinsiplərinə əsaslanan məktəb açmışdı. Rusiyada 1905-1907 illər inqilabı dövründə, xüsusilə onun məğlubiyyətindən sonra Stanislav Şatski, İvan Qorbunov-Posadov, Aleksandr Zelenko, Nikolay Çexov, Konstantin Ventsel azad tərbiyənin tərəfdarı olmuşlar. Azad tərbiyə tərəfdarları belə hesab edirdilər ki, məktəblər şagirdlərin və onların valideynlərinin iştirakı ilə təşkil olunmalı, tədris məşğələləri uşaqların marağı əsasında qurulmalı və tamamilə fərdiləşdirilməlidir: müəllim və şagurdlər arasındakı bütün münasibətlər qarşılıqlı etimad və rəğbətə əsaslanmalı, müəllimlər təlim metodlarını seçməkdə və tətbiq etməkdə tam sərbəst olmalıdırlar.[1]

Azad tərbiyə ideyaları demokratik əhval-ruhiyyəli Qərb ziyalılaırnın bir hissəsinin mövcud cəmiyyətə qarşı narazılığının ifadə formalarından biri idi. Anarxist pedaqoqlar azad tərbiyəyə cəmiyyəti uşaqların mənəvi və fiziki qüvvələrinin hərtərəfli inkişafını, onların yaradıcılıq fəallığını, müəllimlərin pedaqoji azadlığını təmin etmək yeni əsaslar üzərində dəyişdirmək vasitəsi kimi baxırdlar.[1]

Hərəkatın müasir dövrdə nümunələrindən biri kimi Lenor Skenazinin "Free-Range Kids: Giving Our Children the Freedom We Had Without Going Nuts with Worry" (2009) kitabını göstərmək olar.[2]

  1. 1 2 3 4 Азад тәрбијә // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 131–132.
  2. Skenazy, Lenore. Free-Range Kids: Giving Our Children the Freedom We Had Without Going Nuts with Worry. John Wiley & Sons. 2009. ISBN 978-0470471944. OCLC 268790698. 2022-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]