Böyük Tarxan qəbiristanı

Böyük Tarxan qəbiristanı (rus. Больше-Тарханский могильник) — Rusiya Federasiyasının Tatarıstan Respublikasında Tetüş rayonunun Böyük Tarxan kəndi yaxınlığında Volqa çayının sağ sahilində arxeoloji abidə[1].

Tarixi[redaktə | mənbəni redaktə et]

Qəbiristan 1939–1941-ci illərdə aşkar edilmişdir[1].

Abidənin tədqiqinə 1950-ci ildə başlanılmış, 1957 və 1960-cı illərdə tədqiqat işləri davam etdirilmişdir[1].

Məzarlıq 358 torpaq qəbirdən ibarətdir[1].

Tədqiqatçılar Böyük Tarxan qəbiristanının VII əsrin sonu – VIII əsrin əvvəllərində Donboyundan Orta Volqaboyuna köçən bulqar əhalisinə məxsus olduğunu ehtimal edirlər[1]. Bu, Orta Volqaboyunda Azovyanı bulqarlara məxsus ən erkən abidələrdən biridir[1].

Qəbiristanda tapılmış Sasani draxması, Ərəb xilafəti dövrünə aid Xarəzm tipli sikkə, Abbasilərə aid dirhəm qırığına əsasən məzarlıq VIII əsrin II yarısı – IX əsrin I yarısına aid edilir. Abidədən tapılan maddi mədəniyyət nümunələri içərisində gil qablar (əksəriyyəti küp formasındadır) üstünlük təşkil edir[1]. 79 dəfn yerindən at, qoyun, ehtimal ki, inək sümükləri tapılmışdır[1]. Dəfn avadanlığı gil qablardan başqa, metal silahlar, qoşqu ləvazimatı, əmək alətləri, bəzək və bəzi məişət əşyalarından ibarətdir[1]. Əmək alətləri arasında bıçaq, oraq, mismar, suvand, biz, iynə və s. vardır. Silahlar dəmir nizə və ox ucluqları, qılınc, qoruyucu vasitələrin qalıqları ilə təmsil olunur[1]. Bəzək əşyaları az saydadır. Onların arasında sırğa, muncuq, sinəbənd və toqqalar, üzüklər, qolbaqlar və tunc güzgü var[1]. Muncuqların kimyəvi analizi nəticəsində müəyyən edilmişdir ki, onlar Bizansda və Şimali Qafqazda istehsal olunmuşdur[1]. Qəbiristanda Orta Ural və Yuxarı Kamayanı mədəniyyətləri üçün səciyyəvi olan məmulatlara da rast gəlinmişdir[1]. Bəzi dəfn yerlərindən dairəvi oturacaqlı, yaxud kasavarı keramika aşkar olunmuşdur[1]. Bir sıra tədqiqatçılar bu keramikanın Uralaşırı və Qərbi Sibirin uqor abidələrinə oxşar olduğunu ehtimal edirlər[1].

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 BÖYÜK TARXAN QƏBİRİSTANI Arxivləşdirilib 2023-07-04 at the Wayback Machine. ensiklopediya.gov.az  (az.)