Böyük diktator (ing. The Great Dictator) — rejissor Çarli Çaplinin filmi.
Böyük diktator | |
---|---|
ing. The Great Dictator | |
Janr | Komediya |
Əsas mövzu | Faşizm[1], Antisemitizm[2] |
Rejissor | Çarli Çaplin |
Prodüser | Çarli Çaplin |
Ssenari müəllifi | Çarli Çaplin |
Baş rollarda |
Çarli Çaplin Polett Qoddar |
Operatorlar |
Karl Strass Roland Totero |
Bəstəkarlar |
Meredit Uillson Çarli Çaplin |
İstehsalçı | Charles Chaplin Productions |
İlk baxış tarixi | 15 oktyabr 1940 |
Müddət | 124 dəqiqə |
Büdcə | $2 milyon |
Gəlir | $5 milyon |
Ölkə | ABŞ |
Dil | İngilis dili |
İl | 1940 |
Rəng | ağ-qara |
Çəkiliş yeri | Los-Anceles, Kaliforniya, Malibu |
IMDb | ID0032553 |
Vikianbarda əlaqəli mediafayllar |
Film Birinci dünya müharibəsi səhnəsi ilə başlanır. Çaplinin qəhrəmanı olan sıravi əsgər (sülh zamanı isə yəhudi bərbər) də bu döyüşdə iştirak edir. Ona təyyarəçi Şultsu xilas etmək nəsib olur. İş elə gətirir ki, təyyarə zərblə yerə çırpılır və əsgər yaddaşını itirərək xəstəxanaya düşür.
İllər keçir. Müharibədə məğlubiyyətdən sonra Tomaniyaya (Almaniyaya işarə) Adenoid Hinkel adlı diktator gəlir (bu obraz Adolf Hitlerin prototipidir). Filmdə Hinkel və yəhudi bərbəri obrazları əkiz kimi bir-birlərinə oxşar verilir.
Getdikcə yəhudi məhəlləsi gettoya çevrilir. Orada xüsusi zabitlər qoyulur. Lakin bərbərin bundan xəbəri olmur. O, 20 il komada olur. Xəstəxananı tərk edəndən sonra öz bərbərxanasına gəlir və buranı qaydaya salmağa başlayır. Bərbər öz işinin başına qayıdır. Bu zaman zabitlərdən biri bərbərxananın şüşəsinə "yəhudi" sözü yazır. Bərbər onu saxlamaq istəyəndə vuruşma başlayır. Və bu dəmdə bərbərin qonşusu gözəl və cazibədar Hanna ona kömək edir. Hətta zabitlər gedənə qədər bərbəri öz evində saxlayır. Bir qədər sonra zabitlər tökülüb gettoya gəlir. Və bərbəri tuturlar. Onu təsadüfən Şultsun gəlişi xilas edir. O Şults ki, bir vaxtlar müharibədə bərbər onu xilas etmişdi. Bu illər ərzində Şults böyük bir mövqeyə gəlib çatmışdı.
Hinkel bütün dünyaya hömranlıq etmək fikrinə düşür. Bu fikri həyata keçirməyə ilk yol kimi Osterlixi (Avstriyaya işarə) zəbt etməyi görür. Amma heç bir dövlət Tomaniyaya kredit vermir. Yeganə pul verə biləcək adam yəhudi bankir Epşteyndir. Epşteyni ələ almaq üçün Hinkel yəhudilərin təqibini dayandırmağı əmr edir. Bundan sonra gettoda vəziyyət müəyyən qədər sabitləşir. Zabitlər daha mülayim olurlar. Bərbər Birinci dünya müharibəsinə qədər olduğu kimi yenə də öz sənətilə məşğul olmağa başlayır. Getdikcə bərbər və Hanna bir-birlərinə qarşı ciddi hisslər keçirməyə başlayırlar.
Bankir isə diktatorun müraciətinə etiraz edir. Diktator yəhudilərin daha böyük miqyasda təqibinə göstəriş verir. Zabitlər gettonu dağıtmağa başlayırlar. Bərbərlə Hanna dama çıxaraq canlarını qurtara bilirlər.
Şults Hinkelin məhvə məhkumluq və amansızlıq ideyasını dərk edərək, buna qəti etirazını bildirir. Hinkelin qərarı isə bu olur: Şults konslagerə düşür. Bir dəfə Şults oradan qaçmağa müvəffəq olur və gettoda gizlənir. Getto sakinləri Hinkelin qərargahını partlatmaq qərarına gəlirlər. Lakin digər insanların ölümünü istəməyən Hannanın səyi ilə bu baş tutmur.
Bu vaxt ərzində Hinkelin Osterlixə hücümunu daha bir şəxs – onun müttəfiqi Bakteriya dövlətindən olan Napaloni (Mussolini və İtaliyaya işarə) də dəstəkləyir. Napaloni buna hətta qismən nail olur. Elə bu səbəbdən Napaloni danışıqlar üçün Tomaniyaya dəvət olunur. Danışıqlar zamanı bir komik səhnələr baş verir. Və sonda Hinkel öz müttəfiqini aldadır.
Bu zaman gettoda zabitlər Şultsu axtarır. Bərbər Şultsa kömək etmək qərarına gəlir. Onlar dama çıxanda hamısı tutulur və konslagerə göndərilir. Hanna da daxil olmaqla bəzi qonşular Osterlixə qaça bilirlər.
Bir qədər sonra Şultsla bərbər hərbi formada konslagerdən qaça bilirlər. Onlar Osterlixə getmək üçün sərhəddə gəlirlər. Bu zaman Tomaniya hərbçiləri Osterlixə hücuma hazırlaşırlar. Hinkel isə ördək ovuna çıxanda təsadüfən qayıqdan suya yıxılır. Zabitlər oradan keçəndə onu yəhudi bərbəri hesab edib onu tutub konslagerə aparırlar. Digər tərəfdən isə, hərbçilər bərbəri Hinkel bilirlər.
Mitinqdə diktator nitq söyləməli idi. Bərbər həyəcanla mikrofona yaxınlaşır və heç kimin Hinkeldən gözləmədiyi sözləri deyir. Heç bir yeri işğal etmək istəmədiyini, bütün dünyadakı insanların qardaş olduğunu, hamının bir-birinə kömək etməli olduğunu, insanların öz nəfsləri naminə insanlıqdan əl çəkməməsini, tiranlara qarşı birləşməli olduqlarını deyir. Öz nitqinin sonunda bərbər Hannanın adını çəkir. Hanna isə bütünlüklə bu nitqi və diktatorun onun adını çəkməsini radioda eşidir.
Filmin son kadrı belədir: Hanna optimist hislərlə başını ucalığa doğru qaldırır.
Aktyor | Rol |
---|---|
Çarli Çaplin | Adenoid Hinkel / bərbər |
Polett Qoddar | Hanna |
Cek Ouki | Benzino Napaloni |
Recinald Qardiner | Şults |
Henri Deniel | Qarbiç |
Billi Qilbert | Herrinq |
Qreys Heyl | madam Napaloni |
Karter de Heyvn | səfir |