Böyük sinaqoq (ukr. Велика синагога) – Ukraynanın Lutsk şəhərində mövcud olmuş intibah üslubunda sinaqoq. Şəhərin yəhudi kvartalında yerləşmiş bu sinaqoq Polşanın İkinci Dünya müharibəsində almanlar tərəfindən işğalına qədər Lutsk yəhudilərinin din, təhsil və icma mərkəzi olmuşdur. 1626-cı ildə tikilmiş Böyük sinaqoq istehkam formasında tikilmişdir.[1] 1942-ci ildə qismən dağıdılmış, 1970-ci illərdə bərpa olunmuşdur. Hazırda idman klubu kimi istifadə olunur.
İudaizm | |
Böyük sinaqoq | |
---|---|
Ölkə | |
Üslubu | İntibah dövrü |
Dağılıb | 1942 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Lutskdə ilk sinaqoqun XVI əsrin ikinci yarısında tikildiyi və 1617-ci ildə tatarlar tərəfindən məhv edildiyi güman olunur. Yeni sinaqoq əvvəlkisinin qalıqlarının yerində tikilmişdir.
Polşa kralı III Sigizmund 5 may 1626-cı ildə yeni sinaqoq və məktəbin tikintisi üçün icazə vermişdir. Sinaqoqun tikintisi zamanı yaxınlıqdakı Dominikan kilsəsi etiraz edərək sinaqoqun hündürlüyünün müəyyən edilmiş həddi keçməməli olduğunu bildirmişdirlər. Buna baxmayaraq, kral tikintiyə icazə vermişdir.
Kub formasında olan ibadət zalı italyan-polyak intibahı üslubunda olan yeni sinaqoqun əsas hissəsi olmuşdur. Sinaqoqun divarları 1,5 metr qalınlığında tikilmişdir. Qadınların və yəhudi məktəbinin istifadəsi üçün nəzərdə tutulmuş iki əlavə bölmə mövcud olmuşdur. Müdafiə xarakterli qüllə dua ibadət zalının cənub küncündə tikilmişdir. Bu qüllə şəhər divarlarının bir hissəsini təşkil ediyi üçün sinaqoq şəhər müdafiəsində istifadə olunan tikili olmuşdur.[2]
1869-cu ildə sinaqoqda yanğın baş vermişdir. Sinaqoq 1886-cı ildə bərpa olunmuşdur. XIX əsrdə Lutsk yəhudilərinin sosial həyatında dəyişikliklər baş vermişdir. Rusiya imperiyasının tətbiq etdiyi iqtisadi və hüquqi dəyişikliklər səbəbilə şəhərdə yeni yəhudi kvartalları və sinaqoqlar yaranmışdır. Bu səbəbdən Böyük sinaqoq yəhudi icmasının mərkəzi olmaq rolunu itirmişdir.
Birinci Dünya müharibəsi zamanı sinaqoq güllə atəşinə tutulmuş, lakin ciddi ziyan görməmişdir. İkinci Polşa Respublikası dövründə Lutsk şəhəri Volın voyevodalığının paytaxtı olmuşdur və 1936-cı ildə sinaqoqun bərpası üçün vəsait ayrılmışdır.
İkinci Dünya müharibəsi zamanı 1941-ci ildə Ukrayna Xalq Militsiyası Lutskda qırğınlar törətmiş və sinaqoqu yandırmışdır.[3] Nəticədə, sinaqoqun böyük qismi məhv olmuşdur. Müharibədən bir neçə il sonra tikili kinoteatr və idman zalı kimi bərpa olunmuşdur.[4]