Böyükağa Məşədi oğlu Mirzəzadə (21 fevral 1921, Bakı – 3 noyabr 2007, Bakı) — boyakar, teatr rəssamı, Azərbaycan SSR xalq rəssamı (1967).
Böyükağa Mirzəzadə | |
---|---|
Böyükağa Məşədi oğlu Mirzəzadə | |
Doğum tarixi | |
Doğum yeri | Fatmayı, Bakı qəzası, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (86 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rəssamlıq |
Təhsili | |
Mükafatları |
Böyükağa Məşədi oğlu Mirzəzadə 21 fevral 1921-ci ildə Bakıda Abşeronun Fatmayı kəndində anadan olmuşdur.O, sənətə təsadüf nəticəsində gəlmişdir. Atası onun həkim olmasını arzulayırdı. Gələcək rəssamın yoldaşları — sonradan Azərbaycanın böyük sənətkarı olacaq Mikayıl Abdullayev, Muxtar Cəfərov kimi insanlar onu sənədlərini rəssamlıq məktəbinə verməyə inandırırlar.Onların məsləhəti ilə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyan Böyükağa Mirzəzadə yaradıcılığa erkən yaşlarında başlamışdır.
Onun yaradıcılığına müxtəlif dövrlərin avropa rəngkarlığı, rus realist məktəbi və Azərbaycan milli sənətinin ənənələri təsir göstərmişdir. Bu görkəmli fırça ustası klassik ənənələrlə müasir standartları birləşdirərək Avropa rəngkarlığını məharətlə Azərbaycan təsviri sənətinə uzlaşdırmışdır.Rəssam 1940-cı ildən etibarən yerli və beynəlxalq sərgilərdə fəal iştirak etmişdir.1950–60-cı illəri Böyukağa Mirzəzadə yaradıcılığında təşəkkül dövrü kimi qiymətləndirmək olar. Artıq 1950-ci illərdə onun yaradıcılığının aparıcı janrı müəyyən olunur. Portret janrında işləməyə üstünlük verən rəssam əsərlərində ifadəli poza, jest vasitəsilə qəhrəmanların simasını, onların fərdi xüsusiyyətlərini, xarakter və əhval-ruhiyyəsini dəqiqliklə əks etdirməyə nail olub.[1] Böyükağa Mirzəzadənin fəhlə və kolxozçuların həyatına həsr olunmuş tematik rəsmləri həyat reallığını əks etdirir. Mirzəzadə neft mövzusuna müraciət edərək, industrial mənzərəni yaradır. Eyni zamanda yaddaqalan natürmortlar müəllifi kimi də tanınır.Böyükağa Mirzəzadə 1960-cı ildə Azərbaycan SSR-in Əməkdar İncəsənət Xadimi, 1966-cı ildə Üzeyir Hacıbəylı adına Dövlət mükafatına və 1967-ci ildə isə Xalq Rəssamı fəxri adına layiq görülmüşdür. B.Mirzəzadə keçmiş Çexoslovakiya, həmçinin Fransa, İtaliya və digər xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olmuşdur. Rəssamın xaricdə və ölkəmizdə bir çox fərdi sərgiləri təşkil edilmişdir. Onun əsərləri ölkəmizlə yanaşı, bir çox xarici ölkələrin muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.[2]
Böyükağa Mirzəzadə teatr-dekorasiya sənəti sahəsində də böyük nailiyyətlər əldə edib. Onun İ. Əfəndiyevin "Mənim günahım", Z. Bağırovun "Qayınana", İ. Kalmanın "Bayadera", və s. əsərlərin tamaşalarında yaratdığı dekorasiyalar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. 1960-cı ildə Şıxəli Qurbanovun eyniadlı pyesi əsasında qoyulmuş "Milyonçunun dilənçi oğlu" tamaşası ilə debüt edən rəssam bu quruluşa görə Ü.Hacıbəyov adına Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür. "Çimərlikdə" adlı əsərində rəssam Abşeron çimərliklərindən birində adi həyat hadisəsini fırçaya almışdır. Surətlərin inandırıcı sadə hərəkətləri, isti günəş şüalarının və sahilin qızmar qumlarının koloriti ustalıqla təsvir olunmuşdur. Rəssamın portret sahəsindəki diqqətçəkən fəaliyyətindən biri də avtoportret janrında çox işləməsidir. Avtoportret yaratmaqda bənzərsizliyi onu öz həmkarlarından fərqləndirən cəhətdir. Ovqatdan asılı olaraq yaradılmış avtoportretlərdə unudulmaz rəssamın təkcə bioqrafiyası, ömür yolu deyil, iç dünyası, ətraf aləmə münasibəti, kədəri və sevinci də əks olunmuşdur. Böyükağa Mirzəzadənin mənzərələri də baxımlıdır. Xüsusilə də Abşeron, Xəzər dənizi, Qız qalası, Bakı kəndləri ilə bağlı yaratdığı əsərləri özünəməxsusluğu ilə seçilir. Rəssam, eyni zamanda, yaddaqalan natürmortlar müəllifi kimi də tanınır. Böyükağa Mirzəzadə güllərlə bağlı xeyli sayda natürmort yaratmışdır. "Sarı güllər", "Tüstü ilə natürmort", "Dolça ilə natürmort", "Qızılgüllər", "Güllərlə natürmort", "Bankalı natürmort" kimi əsərlər rəssamın yaradıcılığında xüsusi yer tutur. B.Mirzəzadə 1972-ci ildə "Nəriman Nərimanov "Ölülər" pyesinin ilk tamaşası münasibətilə Cəlil Məmmədquluzadəni təbrik edərkən" (yağlı boya) teatralaşdırılmış qrup portreti tablosunu yaratmışdır. Əsər Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Muzeyində saxlanılır. B.Mirzəzadə teatr-dekorasiya sənəti sahəsində də fəaliyyət göstərmişdir.
Ömrünün son günlərinədək pedaqoji fəaliyyətlə məşğul olan rəssam Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri, Rəssamlıq Akademiyasının professoru, yaradıcılıq emalatxanasının rəhbəri vəzifələrində çalışıb, zəngin təcrübəsini, bilik və bacarığını gənc rəssamların hazırlanması işinə sərf edib.[3]
3 noyabr 2007-ci ildə Bakıda vəfat etmişdir.