Bütün Aləmlər Kilsəsi (ing. Church of All Worlds) — qeyri-ənənəvi inanclardan biri.
Ekspertlərin fikrincə, Bütün Aləmlər Kilsəsi Amerikadakı mühüm müasir bütpərəst dini təşkilatlardan biridir. 1970-ci illərdə Tim Zeltin (sonralar özünü Otter Zelt adlandırıb) rəhbərliyi altında bu kilsə müxtəlif maraqları olan bütpərəst qruplar arasında əlaqə yaradılmasında, həmçinin bütpərəst insanın təbiəti sevən insan kimi qələmə verilməsində aparıcı rol oynamışdı.
Bütün Aləmlər Kilsəsinin tarixi 1961-ci ilə gedib çıxır. Oklahomadan olan Riçard Lens Kristi adlı məktəbli obyektivizm fəlsəfi cərəyanının banisi Ayn Renddin ideyaları və humanist psixologiyanın banisi Abraham Maslounun fikirləri ilə maraqlanırdı. Vestminster kollecinə daxil olduqdan sonra Kristi burada Zeltlə tanış olur. Zelt Kristinin qrupuna qoşulur və onlar birlikdə altıncı hiss mövzusunda təcrübələr aparmağa başlayırlar. Həmin vaxt Kristinin qrupu Robert Haynlaynın "Yad diyardakı yad" elmi-fantastik əsərini oxuyurdu. Məhz bu əsər Bütün Aləmlər Kilsəsinin yaranmasında katalizator rolunu oynayır.
Romanın baş qəhrəmanı Valentin Maykl Smit Yer planetindən olsa da, Marsda dünyaya gəlmiş və marslılar tərəfindən böyüdülmüşdü. Gözlənilmədən o, Yer planetinə qayıdır və tərbiyəsi onu, bir növ, "yad diyarda yad" hala salır. Buna görə də Smit Bütün Aləmlər Kilsəsinin əsasını qoyur. Bu Kilsə hər insanda Tanrının var olduğunu və sevincli həyatın intuisiya (sezmə) ilə dərkini təbliğ edir. Kilsənin ardıcılları bir-birini "Sən Tanrısan" sözləri ilə salamlayırlar. “Su qardaşlığı” mərasimində Bütün Aləmlər Kilsəsinin üzvləri birlikdə su içirlər.
Haynlaynın kitabından təsirlənən Kristi və Zelt onunla Maslounun "özünütəsdiqləmə" ideyalarını əlaqələndirməyə çalışdılar. Bu ideyaya görə, özünü təsdiqləyən insanlar mənsub olduqları mədəniyyətə yadlaşırlar.
1962-ci ildə "su qardaşlığı"ndan sonra "Atl" adlı qardaşlıq formalaşdı. "Atl" asteklərin dilində "su" və "əcdadlarımızın evi" mənasını verirdi. Amorf təşkilat olan "Alt" məqsədlərinin siyasi və ictimai dəyişikliklər olduğunu elan etdi və öz ətrafına 100-ə yaxın adam cəlb etdi.
Sonralar "Atl" təşkilatına əsaslanan Zelt özünün Bütün Aləmlər Kilsəsinin əsasını qoyur. 1967-ci ildə qeydiyyat üçün sənədlərini təqdim edən Kilsə 1968-ci il martın 4-də rəsmi şəkildə qeydiyyatdan keçir və Birləşmiş Ştatlarda ilk müasir bütpərəst dini təşkilat olur.