Bədii obraz

Bədii obraz — gerçəkliyin yalnız incəsənətə məxsus spesifik inikas və idrak üsulunu səciyyələndirən estetik kateqoriya. Bədii əsərdə yaradıcılıqla təcəssüm etdirilən hər şey (insan surətləri, xalq, müharibə, təbiət obrazları və s.) bədii obraz adlandırılır. Bədiiliyin əsas meyarlarından biri, gerçəkliyi estetik ideal mövqeyindən əks etdirməyin forması olan bədii obraz bədii ümumiləşdirmənin nəticəsi kimi meydana çıxır. Bədii obraz fərdi, keçici, təsadüfi hallarda dəyişməz və əbədi mövcud olan ümumi mahiyyətin təzahürünü əks etdirən obrazlı təfəkkürün əsasında dayanır. Ədəbiyyat və incəsənətdə bədii obraz ümumiliyin fərdi, həm də konkret təzahür forması kimi reallaşır. Onun üçün fərdiləşdirmə, tipikləşdirmə mühüm şərtdir. Bədii obraz sənətin idraki funksiyası ilə bağlı olub, gerçəkliklə sənətkar arasında özünəməxsus dialoqdur, sənətkar fantaziyası, duyum, ilham və s. subyektiv amillərlə də bilavasitə əlaqədardır[1].

Bədii obraz yaradılması üç mərhələni (sənətkar — əsər -oxucu; musiqidə dinləyici, teatrda və təsviri sənətdə tamaşaçı və s.) birləşdirir. Bədii obraz təcəssümün formasından asılı olaraq, təsviri, əyani və s. olur. O, insanların mənəvi həyatına, hisslərinə, ağlına güclü təsir göstərir[2]. Bədii obraz bir çox hallarda daha geniş anlayışhadisələri ifadə edə bilər; məsələn, müasir povestromanların janr təbiətindəki dəyişikliklər bədii obraza münasibətin dəyişməsi ilə bağlıdır. Bu baxımdan bədii modelləşdirmə bədii obrazın yeni, mükəmməl tipidir; məsələn, Kamal Tahirin "Dövlət ana", Qarsia Markesin "Tənhalığın yüz ili" romanlarında bədii obraz xalqın tarixinin bədii modeli səviyyəsində ifadə olunmuşdur.

Mövlud Süleymanlının "Köç" romanında xalqın taleyi bir tayfanın obrazı çərçivəsində düşünülmüş, İsa Hüseynovun "İdeal" və Yusif Səmədoğlunun "Qətl günü" əsərləri bir neçə xətli olmaqla, keçmişin və indinin, təbiətin və cəmiyyətin müxtəlif məkan və zaman əlaqəsində verilmişdir[3].

  1. Abdullayev K. Sənətkar - əsər - oxucu. Bakı. 1985.
  2. Vəliyev K. Sözün sehri. Bakı. 1987.
  3. Vəliyev İ. Ədəbiyyatda insan konsepsiyası. Bakı. 1999.

Алибекова Г. Грани художественности. Б. 1981.